Məzmuna keç

Şanə hər dəmdə ki, ol zülfi-pərişanə dəyər

Vikimənbə saytından
Şanə hər dəmdə ki, ol zülfi-pərişanə dəyər
Müəllif: Mirzə Mehdi Naci
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Şanə hər dəmdə ki, ol zülfi-pərişanə dəyər,
Tari-mulər dağılıb hər biri bir yanə dəyər.

Şövkətü şan ilə cahın sənin, ey şahənşah,
Rüfəti-dəbdəbeyi-cahi-Süleymanə dəyər.

Atma qəmzən oxunu, xövf elə zülm etməkdən –
Ki, atan dəmdə gəlib hər biri bir canə dəyər.

Könlümə vurdu cəfa oxlarını müjganın,
Afəti-dəhr dəxi bir gün o müjganə dəyər.

Zahida, olma məlul əldəki peymanəmdən,
Əqdəmi-sidqin ilə səndəki peymanə dəyər.

Dili-zarımda bəsi sancılıdır peykanın,
Atasan yüz kərə peykanını peykanə dəyər.

Daneyi-xali-ruxi-yarə nəzər qıl, zahid,
Billah ol sübheyi-səddanənə bir danə dəyər.

Naciya, salma nəzər mahliqalər yüzünə,
Atəşi-məsiyətin pənbeyi-imanə dəyər.