Məzmuna keç

Şenliksiz

Vikimənbə saytından
Şenliksiz
Müəllif: Çorlu Məhəmməd
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. ISBN 978-9952-571-42-4

Gələn gedər bu dünyadan, qalan olmur, kam alan az,
Şörəyel,Çıldır, Ağbaba qan ağlar, qaldı Şenliksiz.
Dağlar yetim, ellər yaslı, matəmə batıbdı necə,
Qəm ləşgəri hücum edib qəlbləri aldı Şenliksiz.

İrəvanda zəhərləndi, niyə qıydılar ustada,
Namərdin adıyla oldu, Tanrıdan gəlmədi qada.
Dar günündə bir kimsənə, bircə kəs yetmədi dada,
Şəyirdləri el dolandı, dağa haray saldı Şenliksiz.

Məhəmmədim nalə çəkdi,arana, həm dağa döndü,
Əyildi, qəddi əyildi, yay kimi yumağa döndü,
Gördü bir Nəsiflə qalıb, sağa döndü, sola döndü,
Çorlu yanıqlı oxudu,Nəsif, saz çaldı Şenliksiz.