Məzmuna keç

Şeyxül-İslam Nəsirəddin İbrahimin mədhi

Vikimənbə saytından
Şeyxül-İslam Nəsirəddin İbrahimin mədhi
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Balaş Azəroğlu


Eşq oyun xalçası üstə elə ki, tutdu qərar,
İlk oyunda bizi uddu, elədi dərdə düçar.

Bizlə siz nəqdə nahaqdan belə bel bağlayırıq,
Biz və siz varlığınızla tək ona sığmayırıq.

Bu fələk sorma nədir, sirr evinin dairəsi,
Əql bu dairədə yoxluğun olmuş əsəsi.

Sadə qəlbinlə bu sirri necə sən dərk edəsən?
Binəva, sanma bu dərgaha sən asan gedəsən.

Eşq meyarı salar gövhərini qiymətdən,
Qəlb bazarı salar Yusifini hörmətdən*.

Bağla zahir gözünü, seyr elə dərgahı o dəm,
Tulla süni zirehi, meydana qoy sonra qədəm.

Dərgah ardında xitab ilə xətər var, əlbət,
Orda şahlar şahına xasdı səfa ilə sifət.

Mənəvi qüvvəti mərdlər sırasında axtar!
Zahirən insana oxşar yabanı ot kökü var*.

Nil çayın keçməmiş, əvvəlcə gərək qüsl edəsən,
Sonra sağ qalmaq üçün Misrə tamaşa elə sən!

Tutalım gül kimi al-qırmızı cübbən yoxdur,
Göy libasında bənövşə kimi sən məğrur dur!

Qalx ki, yol üstə dayanmışdır əzəl yolçuları,
Əbədiyyət yolunun yox sonu, dərk eylə barı!

Hümmət ilə atını sən də bu yoldan çap, get,
Qalx fələkdən ucaya, sən fələyi heyran et!

Sufinin keçdiyi yoldan tozu al, sürmə elə,
Qəlbini dostuna ver, munis ol həmsöhbət ilə.

Həmdəm ol yoxsula sən, baxma ki, yoxdur əbası,
Yuva qur orda ki, xoş səsli quşun var yuvası.

Günəş ilə fələyin rəngi də bir, sirri də bir,
Hökmdar ilə şahın hökmü əzəldən birdir.

Qulluğunda dayanıbdır, hamı xadimdir ona,
Göylərin şahı Günəş tək o girib zərli dona.

Xızr tək cübbə və Musa kimi var onda əsa,
İlanı saxlar əsa, dövlətini örtər əba.

Qəlb divanı ləqəb verdi Yer ilə fələkə,
Biri azğın qocadır, digəri çirkin mələkə.

"Bəli" əhdini "Ələstə" verən ötgəm dilidir,
"La ilahə" qapısında dayanan "la" kimidir*.

Vəcdə gəldikdə - o doqquz fələyin sirrin açar,
Süfrə açdıqda - iki aləmə nur şölə saçar.

Ruzigar ilə fələk rəsmini ondan xəbər al,
Birinin sikkəsi qəlbdir, biri hər işdə cığal.

İsməti sirr Firidununa bayraqdır onun,
Hümməti zərbədir acgözlüyünə fəğfurun*.

Yandı eşq atəşinə, hakimi-eşq gəldi dilə,
Dedi: Xaqani, sənin torpağınam mən ki, belə.

Çat cahan sədri yanında hünərin fəxrinə sən,
Xoş olar, onda gəlib dostlar ilə birləşəsən!

İbrahim tək ucalan İbrahimin şəninə bax!
Fəqr qardaşlarına süfrədə olmuş ortaq.

Nasirəddin ki, şəriət keşiyində dayanar,
Onun elmilə xuda dostları nüsrət qazanar.

Ey qara zülfü ilə qarət edən imanı,
Atəşin eşqin olub könlümüzün sultanı.

Əql eyvanına üz tutsa, ayağı qırılar,
Nəfs meydanına gəlsə, əlinə bənd vurular.

Bir sözündə duyulur tanrımızın yüz kərəmi,
Bir cəfan isə nədir? Ruzigarın yüz sitəmi.

Vermədi bir kəs üzündən bizə aləmdə nişan,
Keçmədi kirpiyinin atdığı oxdan biri yan.

Gəzmişik "Qorxu-rica" aləmini şövqün ilə,
Görürük biz səni, sən isə xəbərsizsən hələ.

Qorxmuşuq gah rəqibdən, çəkərək göz səndən,
Etmişik bir baxış ilə rəqibi kor bəzən.

Ləlini odlu Günəş öz belinə etdi kəmər,
Bağladı əjdəhanın ağzını vəslin yeksər.

Nayibəm, indi ki, Xaqaniyə kuyunla sənin,
Eşq divanını məndən də yazarlar, bu yəqin!

Çox bəla çəkmişəm, hicran gecəm olmuşdur uzun,
Mənim ümmid səhərimsən, sabahın xeyr olsun!

Şerlə tükdeşənəm, bir tükə döndüm qəmdən,
Sığmaram bəs niyə dostluq hərəminə yenə mən?!

Sədr şövkətdə Süleyman, adı İbrahimdir,
Nitqi Musa, əli Əhməd əli tək hakimdir.

Olmuş əxlaqı ilə tazə onun köhnə cahan,
Yazda dünya bəzənər ədl ilə insafından.

Bağları sübh yeli, gör, nə müəttar eləyib,
Xoş hava torpağı da müşkə bərabər eləyib.

Göylərin əksi enib arxlara, bir eylə nəzər,
Tökülüb gül ləçəyi, torpaq olub sapsan zər.

Budaq üstündə çiçəklər - elə bil körpə gülür,
Quş qanad çalsa əgər, sanki yerə qar tökülür.

Bağda gül dəftərini rənglədi ustadi-fələk,
Hər varaq ayrıca rəngilə görünməkdə qəşəng.

Lalənin qəddinə Ay qırmızı don tikdi, geyə,
Vurdu al rəngli dona ortada neftdən həşiyə.

Qapımı döydü dünən sübh yeli; - Kimdi? - dedim.
Söylədi: - Qasidinəm, xoş xəbəri al da, gedim.

Yaz havasıyla səba mənzilimə tez girdi,
Zülfünün ətrini yarın mənə töhfə verdi.

Söylədim: - Bağda nə var, bülbülün halı necədir?
Dedi: - Bülbülləri güllər eləyib bağda əsir.

Söylədim: - Kim təzə şerilə tutub dünyanı?
Dedi: - Söz gülşəninin bülbülüdür Xaqani.

Tutduğun yaxşı əməl fəxrlə şöhrətdi sənə;
- Nəsirəddin - deyir aləm, bu da hörmətdi sənə.

Mənə ömrüm boyu dövran eləyib çoxlu cəfa,
Kimə mən ərz eləyim: görməmişəm onda vəfa.

Fələyin qanlı əli başıma saldıqda yüyən,
Boğaza gəldi canım, dərdimi açım kimə mən.

Ət ilə qan kimi cismimdə tutub yer möhnət,
Çıxmasa can bədənimdən, o da çıxmaz, əlbət.

Kehrəba ilə üzüm olsa da bir rəngdə, həmən
Yox gücüm bir samanı qaldırım, artıq yerdən.

Dərdimin yüzdə birin mən dağa söylərsəm,-inan,
Dağ cavabımda çəkər ah ki, budur əksi-sədan.

Kaş öləm, son qoyula zillətimə, möhnətimə,
Bəlkə qəlbi yananım orda çıxa qismətimə.

Mənə göz dağıdı dərdim, sən inan sözlərimə,
Demə ki, yox əlacı, tutiya ol gözlərimə.

Xəstəyəm, kimsəsizəm, yoxdu ürəkdən yananım,
Bir günahım yox ikən, mən niyə böylə dolanım?

Qəlbimi qırdı, məni əzdi fəna hadisələr,
Bəlkə də qaynatamın işləri çox verdi zərər...

Cəbrailin qanadında səsimi, ya rəb, eşit!
O Səba şəhri kimi yurdlarını viran et!

Sədr Xaqaniyə lütfilə havadar olsun,
Son qoyulsun qəminə, sədr ona qəmxar olsun!

Mənəm ol Azəri-sani, o, könüllərdə İsa.
O, həyat verdi mənə, dərdlərimə qıldı dəva.

Asiman fərşi olub astarı səccadəsinin
Mustafa qibləsidir onda da qiblə, bu yəqin.

Qibləmiz olmuş iki, baxma təəccüblə buna,
O, edibdir Şamaxı içrə yeni Kəbə bina.

Əvvəl o Kəbə idi doğruçu yol göstərənim,
Əbədi qibləm ola kaş bu təzə Kəbə mənim.

Füzəla məskənidir indi şərəfli bu diyar,
Müddəi hər nə desə, sözlərim ağzın qapayar.

Şairin təbi dilər vəsfinə bir nəğmə yaza,
Tel - riya əhli bağırsağları olsun, bu saza.

Hüsnünə şer desəm, qəlbimi verrəm sözə mən,
Bil ki, şer süfrəmizə söz düzərəm tər-təzə mən.

Bəzədim bir yeni üslubla sənət aləmini,
Kimdə var şerə hünər, təqlid edər onda məni.

Düşmənim olmuş o kəs ki, sözə qiymət qoymaz,
Nə rəva, bülbül ilə qarğa ola həmavaz.

Gəlməsəm də qapına, səndə qalır qəlb ilə can,
Möhrə ki, səndədir, artıq nəyə lazımdır ilan?

Bir daha sən məhəyə vurma sədaqətdə məni!
Qəlp bir pul kimi aləm tanıyıb, rədd edəni.

Desələr: nöqsanı var, baxma bu laqqırtılara,
Bu sənə bəllidi ki, görmək hara, söhbət hara.

Şerdən özgə mənim yox hünərim, bəlli sənə,
Diləyim səndən odur təkcə: dua eylə mənə!

Bircə arzum budu ki, şövkətü-şənin ucala,
Qismətin dövlət ola, hörmət ola, izzət ola.

Ola duşmənlərinin məskəni o qanlı diyar,
At çapar orda ölümlər, ya da ki, Gün tutular