Məzmuna keç

Şeyx Sənan

Vikimənbə saytından
Şeyx Sənan
Müəllif: Hüseyn Cavid
Türbəsi önündə

Oyan, ey piri-xoşdil! Qalq, ayıl bir xabi-rahətdən!
Qiyamətdir, qiyamət!.. Qalq, oyan, zevq al bu fürsətdən.

Mələklər göydən enmiş, feyz alırlar xaki-pakindən,
Seçilməz şimdi əsla məqbərin gülzari-cənnətdən.

Donanmış hər tərəf pürşölə yıldızlarla... caizdir
Ki, Tiflis ərş pürəxtərlə dəm vursun rəqabətdən.

Ayıl, ey şeyxi-vəcdavər! Ayıl, baq gör nə aləmdir?
Cihan sərməst olub rəqs eyliyor şevqi-şətarətdən.

Uyub sən bir mələksimayə satdın dini, imanı,
Atıb ehkami-Quranı, uzaqlaşdın təriqətdən.

Fəqət xoş bir təriqət qoydun, əsla məhv olub getməz,
Cihan durduqca parlar, yüksəlir, düşməz təravətdən.

Ziyarətgahını gülbusələr təzyin edər hər an,
Sən əhli-eşq için bir Kəbə yapdırdın məhəbbətdən.

“Nədir mənası eşqin?!” söyləyənlər nerdə? Bir gəlsin,
Görüb qüdsiyyəti-Sənanı, lal olsun xəcalətdən.

Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz hiçdir;
Məhəbbətdir, əvət, məqsəd bu pürəfsanə xilqətdən.

Tiflis