Məzmuna keç

Şiə məzhəbi və əsassız töhmətlər (Sadiq Şirazi)/Məzarların ziyarəti

Vikimənbə saytından
Allah övliyalarına təvəssül etmək Məzarların ziyarəti
Müəllif: Sadiq Şirazi
Müvəqqəti nikah


Camal: Nə üçün siz şiələr, özünüzə çətinlik yaradırsınız?
Cavad: Hansı çətinlik?
Camal: Yə`ni, Peyğəmbərin (s), imamların (ə) və saleh bəndələrin qəbirlərini ziyarət edirsiniz?!
Cavad: Bunun nə eybi var?
Camal: Bu iş, haramdır və Allaha şirk qoşmaq sayılır!
Cavad: Təəccüb edirəm ki, siz də bə`zi nadan insanlar kimi danışırsınız. Güman etmirdim ki, sizin kimi ziyalı bir şəxs, əldə heç bir sübut olmadan belə bir kor-koranə təəssübkeşliyə qapılsın. Mən həmişə sizə, həqiqətsevərlik ruhiyyənizə görə xüsusi ehtiram göstərmişəm.
Camal: Sizin fikrinizcə mən də əsassız təəssübkeşliyə qapılmışam?
Cavad: Bəli, düzdür.
Camal: Nə üçün belə fikirləşirsiniz?
Cavad: Əgər həqiqəti bilmək istəyirsinizsə, gəlin, qəbirləri ziyarət etmək barədə ətraflı söhbət edək. Bu vaxt aydın olacaq ki, kim, haqlıdır və kim, yersiz təəssübkeşliyə düçar olub.
Camal: Mən, hazıram, çünki tam əminəm ki, qəbirləri ziyarət etmək şirkdir.
Cavad: Hansı əsasla siz, bu əməli şirk hesab edirsiniz?
Camal: çünki bu əməl, bir növ müşriklərin bütə sitayişinə bənzəyir.
Cavad: Sənin sübutun yalnız budur?
Camal: Bəli. Bütpərəstlər bütlərin ətrafına cəm olduğu kimi, qəbirləri ziyarət edənlər də qəbirlərin ətrafına cəm olurlar.
Cavad: Deməli, qəbirlərin ətrafına toplaşmaq, onları ziyarət etməyin şirk olduğunu göstərir?
Camal: Bəli.
Cavad: Onda bütün müsəlmanlar, hətta bütün insanlar- siz də daxil olmaqla- müşrikdirlər.
Camal: Hansı səbəbə görə?
Cavad: Siz, Həcc ziyarətinə getmisiniz?
Camal: Bəli.
Cavad: Məscidül-həramda namaz qılmısınız?
Camal: Bəli.
Cavad: Orada müşahidə etmisiz ki, namaz vaxtı bütün müsəlmanlar özü Kə`bəyə tərəf dayanırlar?
Camal: Bəli, görmüşəm. özüm də belə namaz qılmışam, yə`ni Allah evinin hansı tərəfində dayansaydım, özümü Kə`bəyə tərəf tuturdum. çünki namazı özü Kə`bəyə tərəf qılmaq lazımdır, əks təqdirdə namaz batildir.
Cavad: Elə bu səbəbə görə bütün müsəlmanlar və siz də müşriksiniz!!!
Camal: Nə üçün?
Cavad: çünki ibadət halında bütpərəstlər bütə tərəf üz tutub ibadət etdikləri kimi biz də özümüzü Kə`bəyə tərəf tuturuq. Bir fərqlə ki, onlar, özlərinin düzəltdikləri bütlərə tərəf dayanıb, onlara sitayiş edirlər, amma biz, ibadət etdikdə özümüzü daşdan tikilən bir evə tərəf tuturuq.
Camal: İbadət edərkən mənim Kə`bə evinə tərəf dayanmağımla bütpərəstlərin bütə tərəf dayanmağı ilə böyük fərq vardır.
Cavad: Hansı fərq?
Camal: Mən və başqa müsəlmanlar namaz qılarkən üzü Kə`bəyə tərəf dayanırıq, amma bu o demək deyil ki, biz, Kə`bəyə Allah əvəzinə sitayiş edirik. Əksinə biz, Allahın hökmünə itaət edirik. Bütpərəstlər isə bütlərə Allah kimi sitayiş etdikləri üçün ibadət vaxtı üzü onlara tərəf dayanırlar. Xülasə, bütpərəstlər ibadət edərkən üzü bütlərə tərəf dayanıb, bütün vücudları ilə onlara sitayiş edirlər. Amma biz, namaz qılarkən bütün varlığımızla Allaha sitayiş edirik. Odur ki, bütpərəstlərin əməlləri açıq-aşkara bir şirkdir. Biz isə Allahın əmrinə itaət edərək üzü Kə`bəyə tərəf dayanırıq. Yenə də bizi şirklə ittihamlandırırsan? Halbuki, bizim ibadətlə onların ibadəti arasında yerdən göyə qədər fərq vardır.
Cavad: Sizin bu izahınıza əsasən rəftarların zahiri oxşarlığı şirkin icad olmasına səbəb olmur. Əks təqdirdə sizin də ibadətiniz bütpərəstlərin ibadətinə bənzədiyi üçün əməliniz şirk sayılardı. Bütpərəstlərin niyyəti sırf şəkildə bütlərə sitayiş etmək olduğu üçün onların əməlləri şirk sayılır. Amma müsəlmanların üzü Kə`bəyə tərəf dayanıb, ibadət etməyi şirk sayılmır, çünki onların niyyəti Kə`bə evinə sitayiş etmək deyil.
Camal: Doğrudur.
Cavad: Bilməlisiniz ki, biz şiələr və ya digər müsəlmanlar Peyğəmbərin (s), imamların (ə) və saleh bəndələrin məzarlarını ziyarət etdikdə, məqsədimiz bu məzarlara sitayiş etmək deyil. Bizimlə müşriklərin əməlləri arasında yalnız zahiri oxşarlıq mövcuddur. Əgər niyyət, Allahdan qeyrisinə sitayiş etmək deyilsə, müşriklərlə bizim əməlimiz arasındakı zahiri oxşarlıq, qəbirləri ziyarət etməyin haram və şirk olmasına səbəb ola bilməz. Hədislərimizdə də deyilib ki, əməllərə, niyyətə görə savab və ya əzab veriləcək[1]. Bununla da hər hansı bir işdə insanın niyyəti Allahdan qeyrisinə sitayiş etməkdirsə, bu əməl, şirk sayılacaq, əks təqdirdə belə bir şəxsi müşrik adlandırmağa haqqımız yoxdur. Məsələn, namaz qılan bir nəfərin müqabilində bir büt yerləşib. Əgər bu şəxsin niyyəti o bütə sitayiş etməkdirsə, deməli müşrikdir. Amma əgər onun niyyəti bütə deyil, Allaha ibadət etməkdirsə, sözsüz ki, onun namazı düzgündür və onu müşrik adlandırmağa haqqımız yoxdur.
Camal, dərin fikrə daldıqdan sonra dedi:
Siz haqlısınız. Çox mühüm bir mövzunu mənə açıqladığınız üçün sizə minnətdaram. Mən, əsassız məzhəbi təəssübkeşlik ucbatından belə mühüm bir mövzudan xəbərsiz idim. Sizdən başqa bir sual da soruşa bilərəm?
Cavad: Buyurun.
Camal: Bura qədər mənə aydın oldu ki, qəbirləri ziyarət etmək haram deyil və caizdir. Amma siz şiələr nə üçün qəbirlərin ziyarətinə böyük əhəmiyyət verirsiniz?
Cavad: Çünki qəbirlərin ziyarəti tə`kidlə tövsiyə edilən müstəhəb bir əməldir.
Camal: Deyirsiniz bu əməl müstəhəbdir?
Cavad: Bəli, özü də tə`kidlə tövsiyə edilibdir.
Camal: Peyğəmbərin (s) və saleh bəndələrin qəbirlərini ziyarət etməyin müstəhəb olduğunu sübuta yetirən bir hədis varmı?
Cavad: Əlbəttə var! Bu barədə bizə gəlib çatan saysız-hesabsız hədislərdən əlavə Peyğəmbərimizin özü və bütün müsəlmanlar- İslamın meydana çıxdığı dövürdən indiyədək- bu əmələ, müstəhəb bir əməl kimi yanaşıblar.
Camal: Əgər mümkündürsə bu barədəki hədislərdən bir neçəsini mənə de.
Cavad: 1- Rəvayətlərin birində deyilir ki, Peyğəmbəri-əkrəm (s), Ühüd döyüşündə şəhid olanların qəbirlərini ziyarət edibdir[2].
2- Həmçinin rəvayət olunur ki, Peyğəmbər (s), Bəqi qəbiristanlığındakı qəbirləri ziyarət edibdir.
3- “Sünəni-Nisai”, “Sünəni İbn Macə” və “Ehyaül-ülum” kitablarında qeyd edilib ki, Əbu Hüreyrə, Peyğəmbərdən nəql belə edib:
 زُورُوا الْقُبُورَ فَاِنَّها تَذْكُرُكُمُ الآخرَة
“Qəbirləri ziyarət edin, çünki axirəti sizin yadınıza salır.”[3]
4- Əbu Hüreyrə yenə də nəql edir ki, Peyğəmbər (s), anası Aminə Vəhəb qızının ziyarətinə getdi və onun qəbri üstündə ağladı. Peyğəmbərin başına toplaşanlar da ağladılar. O həzrət buyurdu:
 فَزُورُوا الْقُبُورَ فَاِنَّها تَذْكُرُكُمْ بِالْآخرَة
“Qəbirləri ziyarət edin, çünki axirəti sizin yadınıza salır.”[4]
5- Qəbirləri ziyarət etməyin qaydası barədə çoxlu hədislər nəql olunubdur, o cümlədən bu hədisi misal çəkmək olar:
“Bəqi qəbiristanlığını ziyarət etdiyiniz vaxt belə deyin:
السَّلامُ عَلَيْكُمْ أهْلَ الدِّيارِ مِنَ الْمُومِنِينَ وَالْمُسْلِمِين
“Salam olsun sizə, ey bu məkanda sakin olan mö`minlər və müsəlmanlar!”[5]
Bu hədislər, mö`min və saleh bəndələrin qəbirlərini ziyarət etmək barədə idi. Xüsusilə Peyğəmbərin (s) qəbrini ziyarət etmək barədə də bir çox hədislər vardır və bu hədislərin bir neçəsini sizin nəzərinizə çatdırıram:
1-Daru-Qitəni, Qəzzali və Beyhəqi nəql edirlər ki, Peyğəmbər (s) buyurub:
 مَنْ زارَنِي وَجَبَتْ لَهُ شَفاعَتِي
“Hər kim məni ziyarət etsə, mənim şəfaətim onun üçün vacib olar.”[6]
2- Peyğəmbər (s) buyurub:
مَنْ زارَنِي بِالْمَدِينَةِ مُحْتَسِِباً كُنْتُ لَهُ شَفِيعاً وَ شَهِيداً يَوْمَ الْقِيامَةِ
“Hər kim Allaha xatir Mədinədə məni ziyarət etsə, qiyamət günündə onun şahidi və şəfaətçisi olaram.”[7]
3- Nafi, İbn Ömərdən nəql edir ki, Peyğəmbər (s) buyurdu:
مَنْ حَجَّ وَ لَمْ يَزُرْنِي فَقَدْ جَفانِي
“Hər kim Həcc ziyarətini yerinə yetirib, məni ziyarət etməsə, mənə cəfa (zülm) edibdir.”[8]
4- Əbu Hüreyrə nəql edir ki, Peyğəmbər (s) buyurdu:
مَنْ زارَنِى بَعْدَ مَوْتِى فَكَاَنَّما زارَنِى حَيّاً
“Hər kim vafatımdan sonra məni ziyarət etsə, sanki məni sağlığımda ziyarət edibdir.”[9]
5- İbni Abbas, Peyğəmbərdən (s) belə rəvayət edir:
مَنْ حَجَّ وَ قَصَدَنِي فِي مَسْجِدِي كانَتْ لَهُ حَجَّتان مَبْرُورَتان
“Hər kim Həcc ziyarəti ilə yanaşı mənim məscidimdə məni ziyarət etsə, ona iki qəbul olunmuş həccin savabı yazılar.”[10]
Xülasə, Allah Rəsulunun (s), habelə saleh və mö`min bəndələrin qəbirlərini ziyarət etməyin müstəhəb olduğu barədə saysız-hesabsız hədislər mövcuddur.
Səncə Peyğəmbərin (s) bu sözü- yə`ni, hər kim Həcc ziyarətini yerinə yetirsə, amma məni ziyarət etməsə, mənə cəfa edibdir- o həzrəti ziyarət etməyin müstəhəb olduğunu yetirmir? Yaxud o həzrət bu sözü ilə -yə`ni, mənim şəfaətim onun üçün vacibdir[11]- zəvvarları öz ziyarətinə də`vət etmirmi? Və ya bu hədisdə -qəbirləri ziyarət edin, çünki axirəti sizin yadınıza salır- Peyğəmbər (s), qəbirləri ziyarət etməyi bizə göstəriş vermirmi? Qeyd etmək lazımdır ki, bu hədisdəki hökm, qəbirləri ziyarət etməyin vacib olduğuna dəlalət etmir, amma şübhəsiz ki, onun müstəhəb olduğunu bildirir.
Camal: Bu hədisləri hansı kitablarda oxumusan?
Cavad: bütün hədis kitablarında bu məzmunda saysız-hesabsız hədislər mövcuddur.
Camal: Mən indiyədək bu hədislərdən heç birini eşitməmişəm və demək olar ki, heç bir hədis kitabını mütaliə etməmişəm.
Cavad: Siz, Səhihi-Buxarını[12] oxumusunuz?
Camal: Bu kitab məndə yoxdur.
Cavad: Səhihi-Müslimi[13] necə, oxumusunuz?
Camal: Bu kitabdan babamda var idi. O, vəfat etdikdən sonra əmim o kitabı özünə götürdü.
Cavad: Sünəni-Nisaini[14] oxumusan?
Camal: Bu kitabın mövzusu nədir?
Cavad: Hədis kitabıdır.
Camal: Xeyr, bu kitabı görməmişəm.
Cavad: Bəs sən, hansı hədis kitabını oxumusan?
Camal: Bağışlayın, mən, Tibb universitetinin tələbəsiyəm. Dərslərim çox olduğu üçün həvəsim olsa da hədis oxumağa vaxt tapa bilmirəm.
Cavad: Bir halda ki, indiyədək heç bir hədis kitabını nəzərdən keçirməmisən və hədislər barədə heç bir mə`lumatın yoxdur, bəs nə üçün Peyğəmbərin (s) və imamların (ə) qəbirlərini ziyarət edənləri məhkum edirsən? Heç bilirsən ki, qəbirləri ziyarət etməyi şirk sayanların heç bir sübutu yoxdur?
Camal: Mən də, atam da, dostlarım da indiyədək ətrafdakılardan yalnız bunu eşitmişik ki, qəbirləri ziyarət etmək haram və qadağandır. Amma sənin dediyin bu hədisləri heç kimdən eşitməmişdim.
Cavad: Hər bir şəxs həqiqəti bilmək üçün sə`y göstərməli, Allahın istədiyi əqidə və rəftarlara yiyələnməli və ətrafındakıların sözü ilə kifayətlənməməlidir. çünki başqaları səhvə düçar olub, bizi də səhv yola çəkə bilərlər.
Camal: Deməli, Peyğəmbərin (s), imamların (ə) və saleh bəndələrin qəbrini ziyarət etmək müstəhəb bir əməldir.
Cavad: Sizdən bir xahişim var.
Camal: Buyurun, sizi eşidirəm.
Cavad: Sizdən xahiş edirəm ki, hər eşitdiyin sözü həmin an qəbul etməyəsən və ətrafındakıların əqidəsinin tə`siri altına düşməyəsən. Həmişə həqiqəti bilmək üçün özün də zəhmət çəkib, axtarış apar.
Camal: İndiyədək mən, qəbirləri ziyarət etməyi şirk bilirdim. Lakin indi bu əməlin müstəhəb bir əməl olduğunu hədislərə əsaslanaraq qəbul edirəm. Eləcə də bu nəticəyə gəlmişəm ki, belə ixtilaflı mövzular barədə mütləq axtarış aparmaq lazımdır. Söz verirəm ki, sizin tövsiyələrinizə də əməl edəcəyəm. Bu məsələni atam üçün də açıqlayacam, Ümidvaram ki, o da həqiqəti başa düşüb, düz yola hidayət olsun.
Cavad: Sizə təşəkkür edirəm.
Camal: Çox sağ olun.

İstinadlar

[redaktə]

[1] Səhihi-Buxarı, 1/3/1, 1-ci bölüm. Həmçinin Fəxri Razinin “Təfsiri-kəbir” kitabı, 4-cü cild, 5-ci səh. və “Təhzibül-əhkam”ın 1/83/67, “Sifətül vüzu min kitabit-təharət” adlı 4-cü bölüm, habelə “Niyyətüs-siyam” adlı 44-cü bölüm
[2] Səhihi-Müslimin 2-ci cildi, 63-cü səh. Həmçinin Sünəni-Nisainin 3-cü cildi, 76-cı səh.
[3] Sünəni İbn Macənin 1-ci cildi, 500-cü səh; 4-cü bölüm, 1569-cu hədis. Həmçinin “Ehyai-ülumiddin” kitabının 4-cü cildi, 490-cı səh.
[4] Sünəni İbn Macənin 1-ci cildi, 501-ci səh, 48-ci bölüm, 1572-ci hədis: “Ma caə fi ziyarəti qüburül-müşrikin” (Qəbristanlığı ziyarət edin ki, ölümü sizin yadınıza salır.)
[5] Sünəni İbn Macənin 1-ci cildi, 494-cü səh, 36-cı bölüm, 1574-cü hədis: “Ma caə fima yuqalu iza dəxələl məqabir”. Həmçinin Səhihi-Müslimin 2-ci cildi, 365-ci səh; 35-ci bölüm, 104-cü hədis: “Ma yuqalu ində düxulil qüburi və əd-dua li əhliha”. “Müntəxəbü künzul ümmal” ktabı (“Haşiyeyi müsnədi Əhməd”in 2-ci cildi, 89-cu səh.)
[6] Əli ibn Ömər Daru-Qitəninin sünəni, 2-ci cild, 278-ci səh; 194-ci hədis: “Babul-məvaqit”. Bu hədisdə deyilir:
 مَنْ زارَ قَبْرِى وَجَبَتْ لَهُ شَفاعَتِي
“Hər kim mənim qəbrimi ziyarət etsə, şəfaətim ona vacib olar.
Ehyaül-ülumun 4-cü cildi, 490-491-ci səh.-lər, “Bəyanu ziyarəti qübur və düa bəraye meyyit” adlı fəsil. Həmçinin Əhməd ibn Hüseyn Beyhəqinin “Sünəni –kübra” kitabı, 5-ci cild, 254-cü səh; “Ziyarəti qəbri Peğəmbər” adlı bölüm:
 «وَ مَنْ زارَ قَبْرِى» اَوْ قالَ: «مَنْ زارَنِى كُنْتُ لَهُ شَفِيعاً»
“Hər kim mənim qəbrimi və ya məni ziyarət etsə, ona şəfaət edərəm.”
[7] Ehyaül-ülumun 4-cü cildi, 491-ci səh; “Bəyane ziyarəte qübur və düa bəraye meyyit”. Həmçinin “Müntəxəbi kənzül-ümmal” (Müsnədi Əhmədin 2-ci cildi, 392-ci səh.-dəki qeyd)
[8] Kənzül-ümmal kitabında belə yazılıb: “Mən həccəl bəytə...” (Hər kim Allah evinin həccinə getsə...) (Müsnədi Əhmədin 2-ci cildi, 392-ci səh.-dəki qeyd)
[9] Əvvəlki mənbə
[10] Əvvəlki mənbə
[11] Ehyai ülumid-din” kitabı, 4-ci cild, 490-491-ci səh.-lər
[12] Buxarı ləqəbi ilə tanınan şəxs, Məhəmməd ibn İsmayıldır. Hafiz Əqili deyir: “Buxarı, “Səhih” adlı kitabını yazdıqdan sonra onu Əhməd ibn Hənbələ, Yəhya ibni Mü`inə, Əli ibn Mədiniyə və başqalarına gösətərdi. Onların hamısı bu kitabı bəyəndilər və dörd mətləbdən savayı digər mövzularda onu “Səhih” (yə`ni, düzgün) bildilər. Nisai, Səhihi-Buxarı kitabı barəsində deyib: “Tə`lif edilən kitablar içərisində Məhəmməd ibn İsmayıl Buxarının kitabından üstün bir kitab yoxdur.” Hakim Nişapuri isə belə deyib: “Allah, Məhəmməd ibn İsmayıla rəhmət etsin, o, hədisləri cəm edib, başqalarına dayaq oldu. Ondan sonra bu sahədə təhqiqat aparanlar sözsüz ki, Səhihi-Buxarıdan bəhrələniblər.”
[13] O, Müslim ibn Həccac Qüşeyridir. Hafiz Əbu Əli Nişapuri “Səhihi-Müslim” kitabı barədə deyib: “Bu dünyada hədis elmi sahəsində Müslim ibn Həccacın kitabından düzgün bir kitab yoxdur.”
[14] O, Əhməd ibn Şüeyb Nisaidir. İbn Rəşid Fəhri, Nisainin səhihi barədə deyib: “Nisainin kitabı “Sünən”lər içərisində ən e`tibarlı kitabdır. Nisai, bu kitabda müslim və Buxarının metodundan istifadə etmiş, habelə “Əl-iləl” kitabından da bəhrələnibdir.

Mənbə

[redaktə]