Şikayətnamə
Şikayətnamə Müəllif: Məhəmməd Füzuli |
Həmçinin baxın: Haqqında • |
Salam verdim — rüşvət degildir deyü almadılar.
Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar.
Əgərçi zahirdə surəti-itaət göstərdilər, əmma zəbani-hal ilə cəm'i sualıma cavab verdilər.
Dedim: "Ya əyyühəl-əshab! Bu nə fe'li-xəta vü çini-əbrudur?"
Dedilər: "Müttəsil bizim adətimiz budur".
Dedim: "Mənim rəayətimi vacib görmüşlər. Və mənə bərati-təqaüd vermişlər ki, övqafdan həmişə bəhrəmənd olam. Və padşaha fərağət ilə dua qılam".
Dedilər: "Ey miskin! Sənin məzaliminə girmişlər və sənə sərmayeyi-tərəddüd vermişlər ki, müdam faidəsiz cidal edəsən. Və namübarək üzlər görüb, namülayim sözlər eşidəsən".
Dedim: "Bəratımın məzmunu nə üçün surət bulmaz?"
Dedilər: "Zəvaiddir, hüsuli mümkün olmaz".
Dedim: "Böylə övqaf zəvaidsiz olurmu?"
Dedilər: "Zəruriyyati-asitanədən ziyadə qalırsa, bizdən qalırmı?"
Dedim: "Vəqf malın ziyadə təsərrüf etmək vəbaldır".
Dedilər: "Ağçamız ilə satın almışız, bizə həlaldır".
Dedim: "Hesab alsalar, bu sülukunuzun fəsadı bulunur".
Dedilər: "Bu hesab qiyamətdə alınır".
Dedim: "Dünyada dəxi hesab alınır xəbərin eşitmişiz".
Dedilər: "Ondan dəxi bakimiz yox, katibləri razı etmişiz".