Məzmuna keç

Şir, tülkü və qurd

Vikimənbə saytından
Şir, tülkü və qurd
Müəllif: Şifahi xalq ədəbiyyatı


– Şir, tülkü və qurd dost olmuşdular. Bir dəfə üçü birlikdə ova çıxıb eşşək, dovşan və dağ keçisi tutdular. Şir qurda dedi:

– Şikarımızı böl görək!

– Yaxşı da, – deyə qurd cavab verdi, – aydın məsələdir, eşşək sənin, dovşan tülkünün, dağ keçisi də mənim.

Şir hirsləndi, bu cür bölgü onun xoşuna gəlmədi. O saat qurdu öldürüb başını üzdü. Sonra üzünü tülküyə tutub bağırdı:

– İndi də sən böl görək!

Tülkü quyruğunu bulaya-bulaya dedi:

– Bundan asan nə ola bilər ki, eşşək sənin naharına, keçi axşam yeməyinə, dovşanı da naharla axşam yeməyinin arasında yeyərsən.

Tülkünün bu cür bölgüsü şirin döşünə yatdı, o, tülküyə dedi:

– Bir bax ha, gör sən nə ağıllı danışırsan! Bunu sənə kim öyrədib?

Tülkü dedi:

– Ay qoçaq şir! Mənə bu ağlı, qurdun başı bədənindən ayrılanda öyrətdi.