Şirin
Görünüş
Şirin Müəllif: Şair Əbdüləzim |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
(qıfılbənd)
Bu dünyada o nədi ki,
Dövlətdən, maldan şirin;
Zəhməti zəhərdən acı,
Ləzzəti baldan şirin?
Hansı bağda neçə ağac-
İki cür meyvəsi var;
Kalı dəymişindən şirin,
Dəymişi kaldan şirin?
Bu dünya o dünyadı ki,
Dolu gələn, boş gedər;
Əcəl gələr, ağrı yetər,
Ağıl çaşar, huş gedər.
Yaranandan ölənədək
İnsanata xoş gedər;
Dalı qabağından şirin,
Qabağı daldan şirin.
Əbdüləzim, deməynən ki,
Dünya sənə qalacaq;
Canı verən borc veribdi,
Axır bir gün alacaq;
Soyacaqlar libasını,
Gül irəngin solacaq;
Beş arşın ağ olar sana
Yaşıldan, aldan şirin.