Məzmuna keç

Şirin-şirin (Şair Alməmməd)

Vikimənbə saytından
Şirin-şirin
Müəllif: Şair Alməmməd
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Varıb dost köyünə mehman gedəndə
Süzülür sinəmdən tər şirin-şirin.
Bu yerlərin əcəb seyrangahı var.
Gətirir bağçalar bar şirin-şirin.

Bir qəmər taylədı, ləbləri püstə,
Həsrətin çəkməkdən olmuşam xəstə.
Bir ləhzə başımı al dizin üstə,
Can verim yolunda yar, şirin-şirin.

Məhəmmədəm, sənə qurban olum, yar,
İzin versən, qol boynuna salım, yar,
Gəlmişəm bağına bağban olum, yar,
Budağından dərim nar, şirin-şirin.