Şirin-şirin (Aşıq Hüseyn Bozalqanlı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Şirin-şirin Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Talib oldum bir bağbanın bağına,
Bağban bəsləyibdir bar şirin-şirin,
İstəsən ki, mətləbinə çatasan,
Qul ol, qulluğunda dur şirin-şirin.
Kamil bağban çəkər bağın cəfasın,
Gülün iylər, sürər zövq-ü səfasın,
Bir gözəlin başdan görsən vəfasın,
İstəsə, canını ver şirin-şirin.
Canım qurban ala gözüm məstinə,
Nə durubsan şirin canım qəsdinə,
Üzüm qoyum o gül üzün üstünə,
Qarışsın bir birə tər şirin-şirin.
Hərcayı sözləri Hüseyn eşitməz,
Haqdan bəla gəlsə, dosta tuş etməz,
Girsən yar qoynuna yəğin üşütməz,
Yağsa zimistanda qar şirin-şirin.