Şirindi (Yetim Seyid)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Şirindi
Müəllif: Yetim Seyid


Bir gözəl görmüşəm əsrik əlində,
Tər, nazik əllərdə saqi şirindi,
Camalın bənzətdim şəmsü-qəmərə,
Baxdıqca qaşların tağı şirindi.

Mirvari düzübdü zülfə buxağa,
Qoşa xal yaraşır gülgəz yanağa,
Qənd əzilir dilə, dişə, dodağa,
Qoynun içrə Cənnət bağı şirindi.

Yetim Seyidəm yələydim dərinə,
Oxudum dərsimi, yetdim dərinə,
Leyli kimi getdim vədə yerinə,
Məcnun təki çeşmə dağı şirindi.