Məzmuna keç

Şirvanşah Mənuçöhr ibn Firidunun tərifi

Vikimənbə saytından
Şirvanşah Mənuçöhr ibn Firidunun tərifi
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Balaş Azəroğlu


Eşq sərib xalçasın, rəqs ilə gir meydana,
Sat evini, var-yoxun tulla tamam bir yana.

Böylə kəcavə üçün könlünü meydan elə,
Böylə gözəl dilbərə canını qurban elə!

Eşq çölündə gəzib, yaxşı çəmənlik ara,
Rəxşini, layiq deyil, salma bu otlaqlara.

Küllüyü dövrün deyil əmnü amanlıq bağı,
Tutma Məsihaya tay gördüyün hər sallağı!

Qəlbi sərinlətməyir şərbəti bu dünyanın,
Təbaşiri sümüklə, bil, qarışıqdır onun.

Azca ye, Xaqaniya, süfrə açan ruzigar,
Yox xörəyinin dadı, üz-gözünü turşudar.

Öp ayağından şahın, taci-əman al ələ,
Can şirəsi istəsən, Mənuçöhrü mədh elə.

Əməl də bir mələkdir, döyüşdə aslandır o,
Turanı fəth eyləyən Rüstəmi-dastandır o.

Ey dodağıyla xalı tuti və Hindustan!
Hüsnünə qurban üçün-bir qulunam əldə can.

Zülfün, üzün bağrıma bir yara vurdu dərin,
Gözlərimi ağladır xalın ilə ləblərin.

Çil atını hüsnünün meydana saldıqda sən,
Tutdu səmanın gözü çil mərəzi qibtədən.

Ləblərinin oksidir sünbülü pərvin haman,
O təzə-tər xurmanın məskənidir asiman.

Qəlbimə vurdun yara, dözməyim asan deyil,
Çünki mənim dərdimin çarəsi dərman deyil.

Səndən uzaqda deyil bircə tüküm də, inan,
Səndəsə bir tük qədər yoxdu vəfadan nişan.

El bilir, aləm bilir, tükdeşən olmuş dilim,
Döndü səninçin tükə nalədən, ey sevgilim.

Xaqaninin təbini bağlama sevdaya sən,
Səfrasını kəs onun nar kimi ləblər ilən.

Sən də köhnə əhdini, gəl, təzələ, Xaqani,
Padişahı mədh elə, tər söz ilə, Xaqani!

Xalqa olubdur kömək, bəd əməli məhv edir.
Xəlifədir pənahı, o sultan hünərlidir.

  • * *


Yaydı bahar yelləri sur səsini hər yana,
Xoş nəfəsindən onun gəldi təbiət cana.

Saldı Günəş çiyninə toplu buluddan çətir,
Qönçəsinə gülşənin səpdi səba xoş ətir.

Gül yaxa açdı, qızıl tərliyi oldu oyan,
Yatdı gecə bayrağı, çıxdı Günəş pusqudan

Dincini aldı səhər, doldu, odur, ət-qana,
Xəstə və yorğun gecə çıxdı arıq, meydana.

Gül-çiçəyi aynatək əks eləyəndə sular,
Qövsi-qüzeh şəklini çəkdi göyə ilk bahar.

Xurma, söyüd bakirə Məryəmidir bağların,
Gül isə İsa kimi açırdı dodaqların*.

Qar əriyib, yerindən bənövşə çıxan zaman,
Heyrət etmə, kafurun kanıdır Hindistan*.

Budaq bahar yelindən asqıraraq dirildi,
Göyərçin həmd oxudu, "əbədi sağ qal" dedi.

Ayın biriydi dünən, baxanda təzə Aya,
Üfüqün qulağında bənzəyirdi sırğaya.

Əsdi səba, gülşənə çəkdi bir ordu bahar,
Etdi xəzandan qalan ordu-önündən fərar.

Bitkilərin şahına oldu düşərgə çəmən,
Səpdi onun başına incini neysan həmən.

Başda dəbilqə, hücum çəkdi bənövşə bağa,
Zubini hazırladı süsən onu vurmağa.

At qulağı ölçüdə oldu söyüd yarpağı,
Bir zireh at döşlüyü sandı görən zanbağı.

Şənliyinə ilk yazın verdi bəzək yasəmən,
Gördü onu, lalədən qübbə yaratdı çəmən.

Xırdaca tiryək düşən meylə doldu lalələr,
Bunu görən nərgizlər tutdu zər piyalələr.

Küknarın gümüş başı hoqqaya dönən zaman,
Qönçə görən tək onu verdi tumurcuq nişan.

Sərvin budağı oldu bu məclis içrə minbər,
O budaqdan ucaltdı bülbül dadlı nəğmələr.

Dərvişsayaq qumrunun beynin qurutmuşdu qəm,
Nəsrin bunu görəndə, tez ona verdi məlhəm*.

Dedi göyərçin ki: - Mən naibəm Xaqaniyə.
Gül ağacı istədi şahına tərif deyə.

O sultanlar şahıydı, onun dövründə Şərvan
Öz adını dəyişib olmuş idi Xeyirvan.

Məğlub- etdi davada Zöhrə ilə Dəhrəni,
Nizəsilə Dəhrəni, qılıncıyla Zöhrəni*.

Şir nişanlı bayrağı dövlətinin rəmzidir,
Bütün əcəm mülkünü qılıncıyla fəth edir.

Vardır onun camının mayəsi və payəsi,
Bəhri-mühit payəsi, abi-behişt mayəsi.

Hər yanda rahatlığa, bil ki, səbəbkar odur,
Rahatlıq olan yerdə el də bilikli olur.

Cəm kimi, Davud kimi vardı şahın xisləti,
Vardı aman neməti, vardı kamal hikməti.

Dünyaya hakim olan bəxti olub imdadı,
Şer səmasında da ulduza dönmüş adı.

Yollarına toz kimi uğur səpilmiş onun,
Qəza rikabındadır, rütbə tutub cilovun.

Xəncər onun önündə qında olur hər zaman,
Gürz əyir öz başını, kəmənd açılmır, inan!

Hümməti ilə onun çaldı zəfər səltənət,
Hikməti ilə onun elmə çatıb məmləkət.

Sinəsi can Kəbəsi, dörd yanıdır bu cahan,
Rüstəmi-dindir, ona yeddi fələk həftxan*.

Oxşada bilməz könül göyləri dərgahına,
Harda hörümçək toru bəbrə olubdur yuva?

Şövkətini görcəyin dedi ucadan aləm:
- Səcdə edin, mələklər, budur indiki Adəm.

Ərəbcədən hindiyə tərcümə olsa əgər,
Qılıçına hindlilər dinə dayaq söyləyər.

Düşmən hara, sən hara, bir-birinə tay deyil,
Nuşirəvan tacıyla qanqal gülündən əklil.

Necə qara şişədə saxlamlar bir mələk,
Yad qəlbində qılıncın fıkri qalar onun tək.

Sürahinin boynunda həlqə olur hər zaman,
Elə də kəndir sıxar bədxahın boğazından.

Düşməninə qılıncın elə zərbə endirər,
Üzüm şərab olmamış turş sirkəyə döndərər.

Asimana tuşlasan ox atdığın kamanı
Şəbəkəyə döndərər oxların asimanı.

Xətm eləyir səninlə fələk şahlıq rütbəsin,
Başqaları şahlığa gərək əlvida desin.

Məmləkətə şəmşirin əmin-əmanlıq verər,
Gücsüz olar məmləkət olmasa qüvvən əgər.

İyirmi dörd sim olur çəngdə, bu qayda var,
Əskik olarsa biri, nəğməsi naqis olar.

Başqasına versə də təxt ilə tacı zaman,
Rəqs edə bilməz keçi, tişə vurammaz çoban.

Mumdan üzüm salxımı, bil, yaradar sehrikar,
Ağzına alsan onu, nə şirə, nə mey dadar.

Bəndən olarsa fələk, azalmaz heç kamalın,
Süfrəyə gəlsə tərə, pozmaz aşın calalın.

Süleymanın mülkünə xətər yox qarışqadan,
Sənətinə İsanın palçıq quş verməz ziyan.

Sənsən bizim dünyada sahibxərac hökmüdar,
Mənəm sənin dövründə ən qüdrətli sənətkar.

Əgər bu şerim kimi şer desə bir nəfər,
Kəssin onda dilimi şahın tutduğu xəncər.

Şah tay tutmaz şerimi özgənin sənətinə,
Arif qanar zəfəran nədir, öküz əti nə!

Avamların gözündə buz görünər inci tək,
Ancaq fərqi bəllənər Günəş istisi dəycək.

Cəbrayılın qanadı başına kölgə salsın,
Hümanın qanadları kölgəndən zinət alsın.

Torpaq bir qətrə içsə, doyar canımdan sənin,
Süfrəndən qarışqa tək ruzi yığar xan sənin.

Qoy Novruz özü versin sənə xeyir-dua da,
Ariflər "Amin" desin, əbədi ol dünyada.