Məzmuna keç

Şirvan qazısı

Vikimənbə saytından
Nağıllar. Şirvan qazısı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri varıdı, biri yoxudu, Allahdan başqa heç kəs yoxudu. Bir padşah varıdı. Bu padşahın Məhəmməd adlı bir oğlu varıdı. Padşah bir gün oğluna deyir:

– Oğul, Məhəmməd, mən ölsəm, yerimdə səndən savayı qohuməqrəbam yoxdu ki, qalsın. Padşahlığı əlində bərk saxlarsan.

Az keçdi, çox keçdi, padşah öldü. Məhəmməd atasının yerində şah oldu, camaatı dolandırmağa başladı. Bir gün bu şəhərin lotuları dedilər:

– Bu padşah çox səfehdi, gərək tovlayıb, dövləti əlindən çıxaraq.

Lotular gəldilər Məhəmmədin yanına. Biri dedi:

– Mən padşahın xalası oğluyam.

Biri dedi:

– Mən dayısı oğluyam.

Bunlar onu bir dilnən tovlayıb hərəsi bir qızıl alıb getdilər. Məhəmməd anasının yanına gəlib dedi:

– Atam deyirdi bizim qohumumuz yoxdu. Bu gün qırxı mənim yanıma gəlmişdi. Dedilər ki, sənin atanın qohumlarıyıq.

Anası dedi:

– Oğul, onlar lotudular, səni aldadırlar. Get padşahlığı əlində yaxşı saxla.

Məhəmməd qulaq asmadı. Lotular gündə bunun yanına gəlib, onnan dostluq qatdılar, qumar oynadılar, bütöv xəzinəni uddular. Axırda padşahlığı da apardılar, özünü də padşahlıqdan çıxardıb çölə atdılar. Məhəmməd gəlib anasından bir əşrəfi alıb, getdi bir şəhərə çıxdı. Şəhərdə bir kora rast gəldi. Məhəmməd əşrəfini kora verdi. Kor dedi:

– Oğlan, hər kimsən get, axşam bura gəl.

Məhəmməd axşamacan gəzdi, axşam gəldi korun yanına.

Kor dedi:

– Gəl gedək.

Kor bir şam da alıb, onnan getdi, şəhərdən çıxdılar. Bir kahaya yetişdilər. Girdilər içəri. Məhəmməd şamı yandırdı, oturdular söhbət elədilər, çörək yeyib yatdılar. Səhər açılanda Məhəmməd gördü, başının altında bir boğça var, bir də min tümənlik dolu kisə, dedi:

– Əmi, bu nədi?

Kor dedi:

– Oğul, o boğçadakı paltardı, çıxart gey, o pulu cibinə tök, get şəhərə, axşam qayıt.

Məhəmməd boğçanı açdı, bir dəst yaxşı libas gördü, götürüb geyindi, şəhərə çıxdı. Rast gələn kora, şilə pul payladı, cibi boş axşam qayıtdı kahaya. Kor ona dedi:

– Oğul, Məhəmməd, xərcliyin qaldımı?

Məhəmməd dedi:

– Yox.

Kor kişi öz-özünə dedi:

– Görünür bu ya böyük külfətlidi, ya da çox səxavətlidi.

Axşam oldu, şam eləyib yatdılar. Səhər açıldı, yerlərindən qalxdılar. Yenə kor dedi:

– Oğul, min tümən pul götür get bazardan bir at al gətir.

Məhəmməd min tümən pul götürüb bazara gəldi. Bir yaxşı at aldı gətirdi. Kor əliynən atı yoxlayıb dedi:

– Yaxşı atdı.

Kor, atı qırx gün tövlədə bağlatdırdı, at kökəldi, gəmi kimi oldu. Kor dedi:

– Oğul, Məhəmməd, min bu atı get Şirvan qazısının sirrini öyrən, sonra gəl mənə nağıl elə.

Məhəmməd atı minib sürdü düz Şirvana. Az getdi, çox getdi, gəlib Şirvana çatdı. Bir karvansaraya atını bağladı, getdi Şirvan məscidinə. Gördü bir ağsaqqal, ağqurşaq qazı əyləşib. Ayağına bir cüt qumrov bağlayıb ki, yeriyəndə ayağının altında milçək, qarışqa qalıb, ölüb günah olmasın. Məhəmməd gördü qazı uzun gün məsciddə namaz qılır, quran oxuyur, axşam olanda tez evinə gedir. Məhəmməd bir gün qarabaqara qazının dalına düşüb, evlərinə gəldi. Bir yanda gizləndi. Xeyli keçdi, qazı nökərini çağırıb dedi:

– Get yarağımı gətir.

Nökər getdi bir qılınc, bir qalxan, bir dəst libas, bir qab çaxır gətirdi. Qazı libası geyindi, qılıncı bağladı belinə, çaxırdan o qədər içdi ki, gözləri yanmağa başladı. Nökəriynən evdən çıxıb getdilər. Məhəmməd də bunlarnan qarabaqara getdi. Getdilər şəhərdə bir qəlbi* imarətə çıxdılar. Qazı imarətdən bağlı bir şey düşürtdü, nökərnən gəldilər evlərinə. Məhəmməd də qarabaqaraynan bunların dalınca. Evdə kilimi açdı, içindən bir qəşəng qız çıxartdı. Nökəri Bəşirə dedi:

– Get çarhovuzdakı qızları da gətir.

Bəşir gəldi çarhovuzun suyunu boşaltdı; çarhovuzun altından bir taxta qalxızıb, tarlı, qavallı yüz qız çıxartdı, qazının yanına gətirdi. Qazı o gecə qızlarnan keyfə baxdı.

Səhər nökər gəlib qızları apardı hovuzun yanındakı zirzəmidə gizlətdi. Qazı ağ əmmaməni başına qoyub, ağ qurşağı bağlayıb, məscidə gəldi. Məhəmməd də onun qarasıynan gəldi şəhərə. Camaat qazının başına tökülüb dedi:

– Qazı ağa, bu gecə vəzirin qızını oğurlayıblar.

Qazı dedi:

– Nə deyirsiniz, belə şey olmaz. İndi əmmaməni yerə vuraram, bu şəhər Nuh şəhəri kimi alt-üst olar.

Camaat əl-ayağa düşüb dedi:

– Qazı ağa, bir qızdan ötrü bu şəhəri dağıtma, amandı, bizə yazığın gəlsin!

Qazı dincəlmədi, birbaş padşahın yanına getdi. Padşah əl-ayağa düşüb dedi:

– Qazı ağa, nə olub belə pərişansan?

Qazı dedi:

– Nə olacaq, şəhəri lotu-potu götürüb. Vəzirin qızını bu axşam oğurlayıblar.

Padşah dedi:

– Get ibadətə məşğul ol, darıxma taparıq.

Qazı gəldi məscidə, camaatı şəriətnən qorxutmağa başladı. Gün yavaş-yavaş batmaqda idi. Qazı evlərinə gəldi. Gecədən bir xeyli keç- mişdi. Qazı yenə qılınc-qalxan qurşayıb, kəmənd götürüb nökəri Bəşirnən gəldilər. Məhəmməd də qarabaqara dallarınca getdi. Qazı bir imarətə kəmənd atıb çıxdı yuxarı. Bir bağlı kilim düşürtdü. Götürüb evə gəldilər. Məhəmməd də qarabaqara gəldi. Bəşir gedib hovuzdan qızları çıxartdı. Genə qazı qızlarnan səhərə kimi keyfə baxdı. Səhər Bəşir qızları hovuzda gizlətdi. Qazı əbasını örtüb məscidə gəldi. Ona dedilər: – Bu gecə də vəkilin qızını oğurlayıblar. Qazı yenə özündən çıxdı, şəriətnən asdı, kəsdi, yalandan şəhəri dağıtmaq istədi. Axşam oldu, yenə evə gəlib, qılıncı bağlayıb, gəldi padşahın evinə. Bu gecə də padşahın qızını götürüb gətirdi evinə. Bəşir də hovuzdan qızları gətirdi. Qazı səhərə kimi keyfə baxdı. Səhər yenə qızları yerbəyer elədi. Qazı əbasını bürünüb, gəldi məscidə. Məhəmməd də qarabaqara gəlib bir tərəfdə durdu. Məsciddə dedilər:

– Bu axşam da padşahın qızını aparıblar.

Qazı ta bu səfər özündən lap çıxmışdı. Gəldi padşahın hüzuruna, başını yolub dedi:

– Şəhər əldən gedir. Bu Allahın günahkarlarını tap, daşqalaq elə. Əgər tapmasan, elə ah çəkəcəyəm ki, göydən şəhərə od yağsın.

Padşah hökm elədi şəhərlərdəki lotular tutuldu. Boyunlarını vurmağa fərman verildi. Məhəmməd gördü ki, günahkar dura-dura, başqa adamların qırılmasına hökm vermişlər. O səbr eləməyib irəli yeridi. Padşaha baş endirib dedi:

– Padşah sağ olsun, bunların bir günahı yoxdu, onları öldürmə. İstəyirsən günahkar lotunu tapasan, onda bu axşamlığa padşahlığı mənə ver. Əgər tapdım, tapdım, tapmadım onda mənim də onlarnan birlikdə boynumu vurdur.

Padşah razı oldu, onları öldürməyib dama saldırdı. Axşam oldu. Məhəmməd padşahı, vəziri, vəkili də götürüb gəldi qazının evinə. Bunlar bir yanda gizləndilər. Gecədən bir xeyli keçmişdi, qazı dedi:

– Bəşir, get qızları gətir.

Bəşir getdi qızların hamısını gətirdi. Qazı qızlarnan keyfə başlayanda Məhəmməd, şah, vəzir, vəkil birdən içəri girdilər. Gördülər ki, bütün şəhərdə indiyə kimi itən qızların hamısı burdadı. Bunlar qazını tutub, əl-ayağını bağladılar. Səhər açıldı, qazını gətirdilər camaatın içinə, gördüyü işlərin hamısını camaata danışdılar. Sonra şah hökm elədi qazını iki şaqqa elədilər. Hər şaqqasını bir darvazadan asdılar. Gələn də tüpürdü gedən də. Məhəmməd padşahın padşahlığını özünə verdi, lotuları da azad elədi. Şirvan qazısının başını kəsib, götürdü. Həmin gün atı minib yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəldi kahaya çatdı. Korun yanına gedib dedi:

– Sən Şirvan qazısının sirrini məndən istəmişdin, mən başını gətirdim.

Korun şadlığından gözləri yaşarıb dedi:

– Yaxşı qisasımı aldın. Get, hər səhər başının altında bir kisə pul, bir dəst paltar olar. Ölüncə keyf elərsən.

Məhəmməd kornan halallaşıb, gəldi öz evlərinə. Camaatdan özünə tərəfdar topladı. Qırx lotuları qırdı, yenə taxta çıxıb padşah oldu.