Məzmuna keç

Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola?

Vikimənbə saytından
Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola?
Müəllif: İmadəddin Nəsimi

Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola?
Şol günəş təl’ətli ayə gər qəmər dersəm, nola?

Adəmi növ’ində mislin görmədi dövri-fələk,
Şol cəhətdən gər sana xeyrül-bəşər dersəm, nola?

Şol gül üzrə dağılan ənbər sifətli sünbülə,
Ənbərin reyhan, əcəb, ya mişki-tər dersəm, nola?

Bilməyən eşqin təriqin hər xəbərsiz qafilə,
Çün hidayət bulmamış, gər bixəbər dersəm, nola?

Sənsiz, ey cani-cahan, bir pula dəyməz kainat,
Heçə dəyməz nəsnəyə gər şol qədər dersəm, nola?

Gər üzün ayın görənə, ey cahanın fitnəsi,
Şübhəsiz həqqi görən sahibnəzər dersəm, nola?

Kim ki, həqqi pərdəsiz üzündə, ey can, görmədi,
Bibəsirətdir, gər ana bibəsər dersəm, nola?

Zülfü rüxsarındır, ey can, sureyi-nurü düxan,
Gər bu mə’nidən ana şamü səhər dersəm, nola?

Nuri-imandır cəmalın – kim ki, səddəqna deməz,
Kafirü müşrikdir ana div əgər dersəm, nola?

Çün Nəsiminin məqamı Qaf imiş ənqamisal,
Şol müəllaqədrə gər ari göhər dersəm, nola?