Şu kafər çeşmi gördüm İstefadə
Görünüş
Şu kafər çeşmi gördüm İstefadə Müəllif: Həbibi |
Mənbə: Həbibi. "Şeirlər" (PDF) (az.). "Şərq-Qərb". 2006. 2017-04-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-27. |
Şu kafər çeşmi gördüm İstefadə,
Ülumi andan etdim istifadə.
Ki, ana bənzər dəxi bir büt bulunmaz
Xətavü Çinü Rumü İstivadə.
Şu kəcbaz zülf aldı iki ruh müft,
Dəxi sürməzdən ol xali piyadə.
Sən, ey saqi, əlümə sun, səhər dur,
Səbu - sağər, piyalə - cami-badə.
Düz, ey mütrib, rübabü çəngini rast
İraqü İsfahan ilə Nəvadə.
Gəl, ey sufi, iki kövnin səfasın
Dilərsən, istə, bul cami-səfadə.
Anın çün hörməti məlum olundu
Kitabi-İsa, Musa, Mustafadə.
Dolaşdı can səri-zülfünə yarın,
O müşkil üqdəyi istər güşadə.
Bu könlüm dərdini sordum təbibə,
Ləbidir, der, dəva darüşşəfadə.
Həbibi, gər dilərsən ömri-baqi,
Özünü fani et darül-fənadə.