Məzmuna keç

Əbədiyaşarlıq rəmzi

Vikimənbə saytından
Əbədiyaşarlıq rəmzi (2018)
Müəllif: Akif Əlizadə
Mənbə: Akif Əlizadə, Əbədiyaşarlıq rəmzi//Azərbaycan, 2018, 9 may, S.1; 5..


Hər bir xalqın mənəvi-intellektual potensialı, qüdrəti onun yetişdirdiyi tarixi şəxsiyyətin fərdi keyfiyyətlərində, tarixin özünün inkişafını şərtləndirən titanik fəaliyyətində təzahür edir. Azərbaycan xalqının tarixində tarix yaradan şəxsiyyətlər kifayət qədərdir. Xalqımızın XX əsrdə meydana çıxardığı belə görkəmli şəxsiyyət ümummilli lider Heydər Əliyevdir. Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və sair ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev epoxasından və irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi cəhətdən daha mükəmməl öyrəniləcəkdır. Təbii ki, bu kitablarda ümummilli lider Heydər Əliyev bir hakimiyyət ustadı kimi, qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider olaraq hərtərəfli şəkildə öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir. Ölkə üçün milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə ümummilli inkişafın mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi belə bir nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq üçün isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci mərhələdə elm və təhsil siyasəti paralel şəkildə aparılmış və bir-birini tamamlamışdır. Müasir Azərbaycanın ictimai-mədəni həyatının elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Bu sahələr içərisində elmin və təhsilin xüsusi yeri vardır. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin elm və təhsil siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Nəticə etibarilə bu siyasət Azərbaycan cəmiyyətində milli ziyalılığın qızıl fondunun yaradılması ilə nəticələnmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizdə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır. O dövrdə bütövlükdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı gənc göndərilmişdir. Həmin böyük hərəkatın yetirmələri sırasından sonralar yüksək vəzifəli dövlət qulluqçuları ilə yanaşı, ölkə miqyasında tanınmış böyük elm və təhsil xadimləri də çıxmışdır. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında və ali təhsil sistemində həmin nəslin xüsusi yeri və rolu vardır. Sovet dövründə Azərbaycanda elmin və təhsilin inkişafında böyük xidmətləri olmuş Heydər Əliyev müstəqillik şəraitində açılan yeni imkanlardan bacarıqla istifadə etməklə ilk növbədə əvvəllər qazanılmış nailiyyətləri daha da möhkəmləndirmək və inkişaf etdirmək mövqeyindən çıxış etmiş, bu sahədə yeni islahatların zəruriliyini diqqət mərkəzinə çəkmişdir: “İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin. Güman edirəm ki, bizim alimlər, müəllimlər, təhsil sahəsində ixtisaslaşmış institutlar bu işlərin öhdəsindən gələcəklər”. Ulu öndər Heydər Əliyev azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Ümummilli liderin fikrincə, ana dili azərbaycançılığın təməl prinsipidir. Buna görə də xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini qorumağın, inkişaf etdirməyin vacibliyini mənimsətmək lazımdır. Xatırlamaq yerinə düşər ki, ulu öndər o dövrdə bütün rəsmi nitqlərini Azərbaycan dilində edir, bunu digər rəhbər vəzifəlilərə də tövsiyə edirdi. Sovet rejimi çərçivəsində Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmaq ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir. Azərbaycan Sovet Sosialist Respublikasının 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında ulu öndərin Azərbaycan dilini dövlət dili kimi qəbul etdirməsi ölkəmizdə milli dövlət quruculuğunun möhkəm təməllərindən biri idi. Məhz bu mühüm tarixi əhəmiyyətə malik olan addımdan sonra dövlət idarələri ilə yanaşı, Elmlər Akademiyası sistemində və ali məktəblərdə də ana dili faktorunun dairəsi genişlənmiş, rolu artmış, mövqeyi möhkəmlənmişdir. Akademiyada və universitetlərdə Azərbaycan dilinin üstün mövqe qazanması bütövlükdə respublikada millilik amilinin qüvvətlənməsinə xidmət etmişdir. XX əsrin 90-cı illərinin əvvəllərində ən böyük milli sərvətlərimizdən biri olan Elmlər Akademiyasının taleyi də sual altına alınmışdı. Hətta rəsmi dövlət dairələrində Elmlər Akademiyasının bağlanması ilə əlaqədar iddialar da səsləndirilmişdir. Məhz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bu tərəddüdlərə və narahatçılıqlara birdəfəlik son qoyulmuşdur. Bu barədə Heydər Əliyevin qəti fikri belə idi ki, Elmlər Akademiyası Azərbaycan xalqının inkişafı üçün müstəsna əhəmiyyətə malikdir. Elmlər Akademiyasında 21 sentyabr 1993-cü ildə ziyalılarla keçirilmiş görüşdə görkəmli dövlət xadimi Heydər Əliyevin bəyan etdiyi aşağıdakı fikirlər təkcə ölkənin əsas akademik qurumunun deyil, geniş mənada elmin, alimin, ziyalılığın qorunub saxlanılmasında həlledici rol oynamışdır: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Hansı iqtisadiyyat olursa olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. Akademiyanın fəaliyyətini tənqid etmək də olar, naqis cəhətlər də var. Ancaq ümumən götürdükdə şübhəsiz ki, elmin keçdiyi inkişaf yoluna qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik... Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər, biz buna imkan yaradacağıq. Azərbaycan elmi inkişaf etməlidir.” Bunun nəticəsi idi ki, xaricə üz tutan, ölkədən uzaq düşən alimlərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra tədricən geri qayıtmağa başladılar. Elmlər Akademiyasının fəaliyyətində canlanma yarandı, yeni istiqamətlər müəyyənləşdi. Azərbaycanda elmi ziyalılıq, alimlər nəsli nəinki qorunub saxlanıldı, qısa müddətdə inkişaf etdirildi, dəyişdi. Bundan sonra 31 yanvar 1997-ci ildə Elmlər Akademiyasının aparıcı alimlər qrupunu qəbul edərək, Heydər Əliyev elm sahəsində islahatların aparılmasının zəruriliyini həlli vacib məsələ kimi irəli sürdü. Ulu öndər Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını müəyyənləşdirmiş və həlli yollarını göstərmişdir. Ümummilli liderin 4 yanvar 2003-cü il tarixli fərmanı ilə AMEA-ya Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, ölkəmizi xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatı statusunu verməsi ilə milli müstəqillik mərhələsində akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilmiş, onun səlahiyyətləri artırılmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından Elmlər Akademiyasını ön mövqeyə çəkmişdir. Ulu öndər Heydər Əliyev müstəqillik illərində elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ölkə rəhbəri bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun elm və təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. Bunlar Azərbaycan elminin çoxəsrlik inkişafı tarixində Heydər Əliyev epoxasının böyük dərsləri, tarixi nailiyyətləridir. Görkəmli dövlət xadimi Heydər Əliyevin elm siyasəti diktə edir ki, inkişaf etmiş ölkələrin təcrübəsi də təsdiqləyir ki, fundamental tədqiqatlar aparılmayan ölkələrdə yüksək keyfiyyətə malik təhsil haqqında danışmaq mənasızdır. Eyni zamanda, harada ki baza rolunu oynayan keyfiyyətli orta təhsil yoxdursa, orada geniş əhatəli fundamental tədqiqatlar aparan elmi qurumların fəaliyyətinin inkişaf etdirilməsi mümkün deyildir. Ümumiyyətlə, dövlətin iqtisadi qüdrətini, onun elm tutumlu və rəqabətə davamlı məhsulunun istehsalını elmi tədqiqatların, xüsusən fundamental tədqiqatların səviyyəsi, əhatəliliyi və yüksək ixtisasa malik milli kadrlar müəyyən edir. Başqa sözlə desək, müasir dünya gerçəkliklərinə yaxından bələd olan, müasir texnika və texnologiyanı mənimsəyən kadrlar yetişdirmədən, eləcə də ölkədə həyata keçirilən islahatları elmi baxımdan əsaslandırmadan mövcud təbii-iqtisadi resurslardan tam və səmərəli istifadə etmək və arzu edilən iqtisadi inkişaf səviyyəsinə nail olmaq qeyri-mümkündür. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası ölkənin texniki-texnoloji, eləcə də sosial-iqtisadi inkişafının avanqardına çevrilməlidir. Məhz bu reallığı nəzərə alan ulu öndər Heydər Əliyevin “Milli Elmlər Akademiyası sistemində yüksək ixtisaslı elmi kadrlar hazırlayan təhsil qurumlarının, respublikada prioritet istiqamətlərdə müstəqil fəaliyyət göstərən dövlət elm-təhsil mərkəzlərinin işi daim gücləndirilməli və zənginləşdirilməlidir” - fikri də akademiyanın potensialının və texniki bazasının gücləndirilməsinə, ölkədə fundamental elmi tədqiqatların aparılmasına yol açmış, təkan vermişdir. Elmlər Akademiyası sistemində aparılmış islahatlar göstərdi ki, bu prosesdə inteqrasiyanın vacib amillərindən biri də AMEA-da çalışan müxtəlif ixtisaslı alimlərin birgə proqramlar üzərində işləməsi, ölkənin hərtərəfli inkişafını təmin etməyə qadir olan kompleks inkişaf proqramları işləyib hazırlaması olduqca vacib şərtdir. Belə proqramların həyata keçirilməsi elmi kadr potensialının inkişafına və təhsil səviyyəsinin yüksəlməsinə gətirib çıxarar ki, bu da tədqiqatların sürətlənməsinə, eləcə də nəzəri-praktiki əhəmiyyətinin artmasına kömək edir. Əldə olunmuş nəticələr seçilmiş yolun doğruluğunu bir daha isbat etmiş oldu. Ulu öndər Heydər Əliyev bütün həyatı boyu öz xeyirxah əməlləri və ədalətli mövqeyi ilə xalqımızın güvənc yerinə çevrilmişdir. İstər müasir tələbata uyğun elmi kadrların hazırlanmasında, Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və islahatların rolu danılmazdır. Heydər Əliyevin qüdrətli bir dövlət başçısı və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Məhz bu yanaşmanın nəticəsidir ki, sosial-iqtisadi və siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər bir-birinə təkan verməklə vahid bir prosesə çevrilir. Eyni zamanda, əsas uğurlardan biri də ondan ibarətdir ki, həyata keçirilən islahatlar içərisində elmin inkişafı prioritet kimi qəbul edilir və həyata keçirilən bütün islahatlar elmi cəhətdən əsaslandırılır. Bu baxımdan elmə dair qanunların və digər normativ sənədlərin qəbul edilməsində, dövlət proqramlarının hazırlanmasında elm adamlarının yaxından iştirak etməsi, müvafiq mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılması xüsusi qeyd olunmalıdır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin inkişafı istiqamətində də ümummilli lider Heydər Əliyevin siyasəti bu gün genişmiqyaslı islahatların zəruriliyinə və gerçəkləşdirilməsinə ciddi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elmdə genişmiqyaslı islahatların həyata keçirilməsinə dövlət səviyyəsində Prezident İlham Əliyev tərəfindən verilən böyük dəstək və açılan geniş yol ölkəmizdə elmin və ali təhsilin yeni epoxasının formalaşdırılması ilə nəticələnmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının əsaslı şəkildə yenidən qurulması və ən yeni texnologiya ilə təchiz edilməsi ölkəmizdə dəqiq elmlərin, kosmik aləmin öyrənilməsi istiqamətində böyük imkanlar yaratmışdır. Azərbaycan Milli Ensiklopediyasının yaradılması üçün göstərilən qayğı bütövlükdə ölkəmizdə milli-mənəvi özünüdərk proseslərinin inkişafı strategiyasının reallıqlarını əks etdirir. Milli Ensiklopediya üçün çoxmərtəbəli və yüksək texnologiya ilə təchiz edilmiş binanın tikilib istifadəyə verilməsi sadəcə quruculuq faktı olaraq qalmır, ölkənin tarixi ənənələrinin və böyük şəxsiyyətlərinin müstəqillik dövrünün yeni nəsillərinə çatdırılması kimi əhəmiyyətli məsələləri əhatə edir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamın işığında Milli Elmlər Akademiyasına bəxş olunmuş elektron kitabxana ölkəmizdə elmin yüksək dünya standartları səviyyəsində inkişaf etdirilməsində göstərilən böyük dövlət qayğısının parlaq əməli ifadəsidir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında genişmiqyaslı islahatların həyata keçirilməsi özünün əsas ideya mənbəyini görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasətindən və möhtərəm Prezident İlham Əliyevin göstərdiyi dövlət dəstəyindən alır. Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin yüksək dövlət səviyyəsində keçirilməsi elmin bu gününə və sabahına açılan yeni üfüqləri cəmiyyət həyatının diqqət mərkəzinə çəkməyə şərait yaradır. Möhtərəm Prezidentin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasında Yüksək Texnologiyalar Parkının yaradılması və fəaliyyətinin dəstəklənməsi elm sahəsində, Milli Elmlər Akademiyasında innovasiyaların və nanotexnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə meydan açır. Uzun illər ərzində aparılan müzakirələrdən sonra nəhayət, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi və tətbiq olunması ölkəmizdə alim əməyinin, elmi fəaliyyətin miqyasının genişləndirilməsinə, elmdə sahibkar fəaliyyətinin həyata keçirilməsinə doğru böyük imkanlar yaratmışdır. Ümumiyyətlə, Heydər Əliyevin yolu - Azərbaycan dövlətinin, xalqımızın və elmimizin daha böyük gələcəyinin magistral istiqamətidir. Cəmiyyətimizin digər sahələri kimi, elmi fəaliyyət sahəsində də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük hədəflərə doğru iri addımlarla irəliləməkdə davam edir.