Məzmuna keç

Əbrvəş meh yüzüna zülf salandə sayə

Vikimənbə saytından
Əbrvəş meh yüzüna zülf salandə sayə
Müəllif: Həsənəli xan Qaradaği

Əbrvəş meh yüzüna zülf salandə sayə,
Sanki, bir ay dutulub, şur düşür dünyayə.

Düşsə bir tarı-telindən yüzina, Tarı bilür,
Ləkələr zahir olar nəqs yetər ol ayə.

Gərçi İsa dəmi çox mürdələr əhya eyliyüb ,
Özi əhya olu, gər yetsə dəmin İsayə.

Naz edüb fəxr qıla çərxə, bu yer kim, yeridür,
Gəlməz ondə gəzünən mehrü məh üzlü sayə.

Yığılub dövrəsinə bir neçə dilbər, guya,
Düxtəri-nə’ş alubdur cudeyi-ortayə.

Üzməzəm, Tarı bilür damənü vəslindən əlim,
Gətürə Ruhüləmin gögdən əgər min ayə.

Varıdıq bundən əzəl biz nə gözəl həmxanə,
İndi biganə sifət-göz təkiyük həmsayə.

Bən hara, eşq hara, dilbəri-məhruy hara,
Nə yəman yerdə genə düşdi başım ğövğayə.

Baş çəküb aşiqdən beylə xüraman gəzmə,
Salmə, ey sərv, məni mə’rəkeyi-kübrayə.

Sən hara, sərv hara, qaməti-mövzin hara,
Bu xüramü gəzişin nisbəti yox tubayə.

Görməmiş mehri-vəfa, cövrü cəfa çəkmək içün,
Beylə zahir ki, Qəradaği, gəlüb dünyayə.