Məzmuna keç

Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban

Vikimənbə saytından
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban
Müəllif: Fazil xan Şeyda
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,
Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.

Əcəb xalü əcəb hindu, əcəb dəndan, əcəb lölə,
Əcəb kakil, əcəb əbru, əcəb qövsü əcəb müjgan.

Əcəb ləlü əcəb gövhər, əcəb saqi, əcəb kövsər,
Əcəb hüsnü əcəb zivər, əcəb hürü əcəb qilman.

Əcəb şuxü əcəb surət, əcəb zibü əcəb zinət,
Əcəb mahu əcəb tələt, əcəb Yusif, əcəb Kənan.

Əcəb lalə, əcəb gülşən, əcəb dilcu, əcəb əhsən,
Əcəb nərgis, əcəb susən, əcəb qönçə, əcəb xəndan.

Əcəb zülfü əcəb sünbül, əcəb xalü əcəb filfil,
Əcəb tuti, əcəb bülbül, əcəb əhmər, əcəb xoşxan.

Əcəb eşqü əcəb sevda, əcəb Fazil, əcəb Şeyda,
Əcəb şuriş, əcəb qovğa, əcəb məcnun, əcəb giryan.