Məzmuna keç

Əcəm oğlu İbrahim

Vikimənbə saytından
Əcəm oğlu İbrahim
Müəllif: Şifahi xalq ədəbiyyatı

Biri varıdı, biri yoxudu, Allah varıdı, şəriki yoxudu. Günlərin bir günündə bir nəfər Əcəm oğlu İbrahim varıdı. Bu Əcəm oğlu İbrahimin Dostu adlı bir anası varıdı. İbrahimin sənəti bu idi ki, hər səhər çıxırdı ova, ovlardı, gəlib anasıynan bir yerdə şad ürəknən yeyərdilər. Bunların güzəranları belə keçərdi. Elə gün olmazdı ki, İbrahim ovdan boş qayıda. Bir müddət belə keçdi. Bir gün İbrahim atı minib çıxdı çölə, axşama kimi at sürdü, heç bir şey vura bilmədi, axırda qayıdıb gəldi. Anası Dostu baxıb gördü oğlu İbrahim boş gəlir, oğlunun qabağına çıxıb dedi: – Oğul, gəl sən bu sənətdən əl çək. Atan bu sənətdən nə xeyir görüb ki, sən də görəsən. İbrahim anasının sözünə qulaq asırdı. Anası sözünə davam etdi: – Oğul, mən qocalmışam, sən gəl özünə bir gəlin tap ki, gündüz ananın qulluğunda dursun, gecə sənin.

İbrahim dedi: – Ana, mən üç günün səfərinə gedirəm, səhər məni tez durğuz, yol tədarükünü görgünən, üç gündən sonra gələcəyəm. Ana-bala çörəklərini yedilər. Gecəni yatıb, səhər tezdən İbrahim atını minib üz qoydu çölə tərəf getməyə. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi, ata bir məhmiz vurdu, atın quyruğu oldu ələm, qulağı oldu qələm. Ayaq üzəngidə, diz qabırğada özünü yetirdi bir çəmənin qırağına. Atdan düşüb, atını yancıdar elədi, bir çəmənin qırağında dirsəkləndi. Bu dəmdə bir ceyran İbrahimin belinin üstündən atlanıb qaçdı. İbrahim: ya bəxt səndən mədəd, – deyib atını minib, ceyranın dalısınca toz elədi. Ha orda, ha burda, ceyran İbrahimi gətirib çıxartdı obanın qırağına, özü də gözdən itdi. İbrahim ovu qaçırtmışdı, bir tərəfdən də yorulmuşdu. Öz-özünə dedi: – Gedim bu alaçıqların birindən su alım içim. İbrahim atını sürüb alaçıqlara tərəf getməkdə olsun. Eşit xəbəri kimdən, Surxayın qardaşı qızı Yasəməndən. Koroğlu, Yasəmənin atasını vurub öldürmüşdü, qız qalmışdı yetim. Surxay xan da hər məqamda Koroğlunun üstünə qoşun çəkirdi ki, qardaşının qanını alsın. Amma igid Koroğluya bata bilməzdi. Bu tərəfdən də Surxay xan Yasəməni öz oğlu Əhmədə nişanlamışdı. Bahar əyyamı idi. Yasəmən alaçıqdan çıxıb, bulaq başında əl-ayağını yuyurdu. Xəbəri sənə kimdən verim, İbrahimdən. İbrahim özünü yetirib gördü ki, bu bulağın başında bir qız var, yemə-içmə xətti-xalına, gülcamalına tamaşa elə. İbrahim bir könüldən min könülə qıza aşiq oldu. Qız da İbrahimi görən kimi, bir könüldən min könülə İbrahimə vuruldu. Hər iki aşiq bir-birinin adını bilib, çeşmənin qırağında oturdular. İbrahim Yasəməni iki qolu arasına alıb bərk-bərk öpdü və dedi: – Ay qız, gəl səni götürüm aparım. Qız gördü ki, İbrahim bundan əl çəkmir, günün batmağına az da qalıb, Surxay xan da harda olsa, öz oğluynan gəlib çıxacaq. Oğlanın əlindən tutub dedi: – Tez get, Surxay xan gəlib çıxar, ikimizi də öldürər. Yasəmən gördü ki, İbrahim bundan əl çəkmir, bunu çox yubandırdı. Bu tərəfdən də Surxay xan öz atlarıynan obaya yaxınlaşmışdılar. Səs hər tərəfə yayılmışdı. Yasəmən dili dolaşa-dolaşa İbrahimə dedi: – İbrahim, qaç, əmim gəlir. İbrahim gördü ki, Yasəmən özündə deyil, Surxay xangil obaya giriblər. İbrahim dedi: – Mən səndən əl çəkən deyiləm; əmindən də qorxmuram, nə olursa olsun, səndən ayrılmayacağam, gəl qaçaq. Yasəmən gördü ki, İbrahim qaçmaqdan dəm vurur, bir az da qorxuya düşdü, amma İbrahimdən də əl çəkə bilmirdi. Qız özünü İbrahimə tanış verib dedi: – Mən əmim oğluynan nişanlıyam, özü də Koroğluynan düşməndilər. Qorxuram səni öldürsünlər, tez gizlən. İbrahim dedi: – Yasəmən, gəl min atın tərkinə gedək Əcəmə. Qorxma, bizə heç-zad olmaz. Yasəmən baxıb gördü ki, qaş qaralıb, evə getsələr, xəbər alacaqlar ki, bu vaxta kimi hardaydın? Naəlac qaldı. İbrahim qızın əlindən tutub atın tərkinə aldı, ata bir-iki məhmiz vurub, üzünü vətənə sarı çevirdi. Xəbəri sənə kimdən verim, İbrahimin anası Dostu xanımdan. Dostu xanım üç günün tamamında gəlib oturdu yolun ağzında, oğlu İbrahimi gözləyirdi. İbrahim də bu tərəfdən yavaş-yavaş evlərinə sarı yaxınlaşmaqda idi. Dostu xanım gördü ki, bir tozanaq qalxdı. Bir az keçmədi, toz pərən-pərən olub, oğlu İbrahim tərkində də bir qız budu, anasının qabağında hazır oldu. Dostu xanım gördü ki, oğlu gəlib, özüynən bir qız gətiribdi. Tez qızın əlindən tutub atdan düşürtdü, gəlininin alnından öpdü, birbaş apardı evə. Su qoyub, bunların əl-ayaqlarını yudu. Çörəklərini yeyib qurtarandan sonra, Dostu xanım Yasəməni öz qucağında yatırtdı. Bir ay bunlar belə dolandılar, bir gün İbrahim anasına dedi: – Mən dörd günün səfərinə gedirəm. Sən də toy tədarükündə ol. İbrahim atı minib getdi. Dostu xanım da toy tədarükünə başlamaqda oldu. Xəbəri sənə kimdən verim, Yasəmənin əmisi Surxay xandan. Surxay xan gördü ki, axşamdı, amma Yasəmən gəlib çıxmadı. Tez meşəyə atlı saldı, amma qızdan bir soraq verən olmadı. Surxay xan bu namussuzluğa dözə bilmirdi. Bir tərəfdən qardaşı qızının itməsi, o biri tərəfdən də Koroğlunun zərbi dəstəsi (Əlinin zərbi) Surxayın əhvalını dəyişdirmişdi. Belə deyirlər, qarı var imanlı, qazı var imansız; dad imansız qarının əlindən. Bir gün Surxay xan alaçığın qabağında oturmuşdu, gördü bir qarı gəldi, salam verib oturdu Surxay xanın yanında. Surxay xan iki barmağıynan bu qarıya bir şillə vurdu. Qarı dığırlanıb qapının ağzına düşdü. Qarının bu işdən açığı tutub, ombasın çəkə-çəkə Surxay xanın yanına gəlib dedi: – Sən gücünü niyə mənə göstərirsən? Əgər gücünü sınamaq istəyirsənsə, get Əcəm oğlu İbrahimə sına ki, oğlunun nişanlısını götürüb qaçıb. Surxay xan bu sözü eşidən kimi, qan beyninə vurdu. Tez yerindən sıçrayıb qarının dalısınca düşdü ki, onu vurub öldürsün. Qarı baxıb gördü ki, Surxay xan gəlir, özünü alaçığa vurub, tez gözdən itdi. Surxay xan geri döndü, tez özünü alaçığa yetirdi, nə ki obalarında öz tərəfində adam varıdı, başına cəm etdi, qoşun hazırlayıb Əcəm oğlu İbrahimin üstünə getdi. Dostu xanım dama çıxmışdı, bir az yunu varıdı, dama sərirdi. Gördü ki Surxay xanın dəstəsinin qabağı açıldı. Tez məsələdən xəbərdar olub, damdan yerə düşdü. Özünü evə salıb bir dəst cəng libası (Dava paltarı) götürüb, başdan geyinib ayaqdan qıfıllandı. Əlinə qılınc alıb qapını kəsdi. Surxayın adamları bir-bir, iki-iki gəlib qapının barabarında cəm oldular, istədilər ki, həyətə girib Yasəməni aparsınlar. Gördülər ki, qapıda bir pəhləvan dayanıb, bəeynən Rüstəm Zal. Dostu xanım səsini, sifətini dəyişdirib qılınca əl elədi, bir nərə çəkib, qabağa gələnin boynunu vurub yerə saldı. Xəbər getdi Surxay xanın oğluna ki, burda bir pəhləvan var ki, göndərdiyin adamları qırıb yerə tökür, heç kim onnan bacara bilmir. Surxay xanın oğlu bu xəbəri eşidən kimi, bir neçə pəhləvan götürüb özlərini buraya yetirdilər. Dostu xanım gördü ki, toz-tozanaq qopdu. Bir az keçib ara sakit oldu. Surxay xanın oğlu atlılarıynan budu tökülüşdülər. Dostu xanım kürəyini divara söykədi. Allah Məhəmməd, Əli, – deyib nərə çəkdi, bunları qırmağa başladı. Cəmdək-cəmdəyə söykənmişdi, qan su yerinə axırdı. Dostu xanımın gözləri qızmışdı. Xəbər getdi Surxay xanın oğluna ki, heç olmasa bir çıx təpə üstünə tamaşa elə pəhləvana. Bu daha bizdə can qoymadı. Surxay xanın oğlu bir təpə üstündən baxırdı, gördü ki, doğrudan da bu pəhləvanın qabağında dağ dayana bilməz, istədi özünü atsın meydana, ürək eləmədi. Tez bir küpəgirən qarı tapıb dedi: – Ey qarı, nə qədər mal, pul istəyirsən sənə verim, o pəhləvanı öldür. Qarı dedi: – Mənim bu bir tay gözüm üstə. Qarı özünü İbrahimin evinin dalına verdi. Bu imansız qarı bir nərdivan tapıb dama çıxdı. Qarı damdan baxıb gördü ki, Dostu xanımın başı bərk qarışıqdı. Bir daş götürüb, saldı Dostu xanımın başına. Dostu xanımın gözləri qaralıb yerə sərildi. Qarı tez damdan düşüb özünü Surxay xanın oğlunun yanına yetirib dedi: – Pəhləvanı öldürdüm. Dostu xanım ki, qapı ağzında yıxılmışdı, heç kim cürət edib yavıq dura bilmirdi. Qarı gördü ki, bunlarda qeyrət yoxdu, özünü irəli verib qapını açdı, qoşun əhli içəri girib İbrahimin evini tar-mar edib, Yasəməni də götürüb apardı. Xəbəri sənə kimdən verim, Əcəm oğlu İbrahimdən. Əcəm oğlu İbrahim səfərdən qayıdırdı, özünü şəhərlərinin yaxınlığına yetirdi, evlərinə çatmağa az qalmışdı. Həmişə İbrahimin anası Dostu qabağına çıxardı. İbrahim gördü ki, bu dəfə anası qabağına çıxmadı, amma evlərinin yaxınlığında qarğa var. Tez İbrahim atını sürdü, gəlib gördü ki, evlərinin qabağında cəmdək-cəmdəyə söykənib, amma bunların arasında bir nəfər var zarıldayır. Tez İbrahim özünü zarıltı gələn tərəfə yetirdi, gördü ki, anasıdı. İbrahim anasını götürüb evə apardı, paltarını soyundurub, dava-dərman elədi, anasını sağaltdı. İbrahim dedi: – Ana, açıq de görüm, bu nə əhvalatdı? Dostu xanım dedi: – Oğul, sən gedəndən sonra Surxay xan qızının dalınca adam göndərdi. Mən də gördüm ki, qız əldən gedəcək, atamın dava paltarını geyinib, özümü saldım qoşunun içinə, gələni qırıb geri qaytardım. Surxay xanın oğlu gördü ki, mənnən bacara bilməyəcək, bir qarı göndərdi. Bu qarı başıma daş saldı, məni yaraladı, mən də yerə yıxıldım. Evimizi talan eləyib, Yasəməni də apardılar. Oğul, südümü sənə halal etmərəm, əgər bu qısası onlarda qoysan. İbrahimi fikir apardı, birdən ayağa durub dedi: – Ana, yola tədarük gör, mən gedirəm, ya gərək öləm, ya da məqsədimə çatam. Dostu xanım oğlunun alnından öpüb, öz qılıncını üç dəfə İbrahimin başına dolandırıb dedi: – Get oğul, Allah amanında olsun. Ana-bala görüşüb, hər ikisi bir-birindən ayrıldılar. İbrahim evdən çıxıb dəmirçinin yanına gəldi, bir dəmir əsa, bir dəmir çarıq qayırtdırıb düşdü yola. Az getdi, çox getdi, dərə-təpə düz getdi, gördü ki, yorulub. Oturub süfrəni açdı, çörəyini yedi. Sonra yenə İbrahim başladı yol getməyə. İbrahim qalın bir meşəynən gedirdi. Gördü ki, yolun ağzında bir pələng durubdu. İstədi irəli getsin, gördü ki, pələng buna tərəf gəlir. İbrahim mıxlanıb yerində oturdu. Pələng gəlib durdu İbrahimin bərabərində. Əl eylədi kəməndinə. Pələng İbrahimi qaldırdı göyə, istədi göydən yerə salıb parça-parça eləsin. İbrahim sağ əlini pələngin sinəsinə qoyub dedi: – Ey heyvan, mən sevgilim üçün gedirəm, insaf elə məni öldürmə, qoy gedib Yasəmənə çatım. Pələng gördü ki, İbrahim sözü deyə-deyə gözlərindən yaş axır. Pələng İbrahimi bir az aşağı endirdi. İbrahim bunu görüb yenə dedi: – Mən Yasəmənə əl vurmamışam, məni öldürsən, bu dünyadan muradsız gedərəm. Ey heyvan, burax məni gedim yarıma yetişim! Pələng gördü ki, İbrahimin göz yaşı yaz yağışı kimi axır, tez İbrahimi yerə qoyub dedi: – İndi ki, belədi, səni həlak etmirəm. Mən də sənə yoldaş oluram. Pələng də oldu buna yoldaş hər ikisi başladılar yol getməyə. Gəlib bir alaçığa çatdılar, gördülər ki, qızlar alaçığın qabağında yığışıb, beşdaş oynayırlar. İbrahim bunları görən kimi, huşu başından çıxdı, Yasəmən onun yadına düşdü. Qızlar İbrahimə baxıb gördülər ki, bu adamın yanında bir pələng var. Tez qorxularından qaçdılar. İbrahim gördü ki, qızlar bundan üz döndərdi. Bunlardan ayrılıb başladı yol getməyə, gedib çatdı bir obanın qırağına. Pələng dedi: – Sən özünü bu obaya ver, harda olsan, mən gəlib sənin harayına çataram. Sən get, bəlkə yarını burda tapasan. Pələng bundan ayrıldı. İbrahim özünü obanın kənarına yetirdi, gördü ki, bir cütçü cüt sürür. İbrahim cütçüyə yaxın gəlib dedi: – Allah qüvvət versin. Cütçü dedi: – Sağ ol. İbrahim cütçünün yanında oturdu. Cütçü İbrahimdən hal-əhval tutub, dedi: – Hardan gəlib hara gedirsən? İbrahim dedi: – Kasıbçılığa çıxmışam. Cütçü İbrahimə dedi: – İndi ki, kasıbçılığa çıxmısan, gəl mənim yanımda nökər qal. İbrahim razı oldu. Xəbəri sənə kimdən verim, Surxay xandan. Surxay xana xəbər çatdı ki, qardaşın qızı Yasəmən gəlir. Surxay xan əmr elədi ki, aparın başını meşədə vurun, mənim Yasəmən adlı qardaşım qızı yoxdu. Bu xəbər bütün obaya yayıldı. Yaxından, uzaqdan nə ki ağsaqqallar vardı, yığılıb Surxay xanın yanına təvəqqe elədilər ki, Yasəməni öldürməsin, qoy əmi qızı ilə əmi oğlu bir-birilərinə yetişsinlər. Əgər qız oğlana getməsə, onda ixtiyar sahibisən, nəinki vurub öldürməyə, yandırmağa da ixtiyarın var. Surxay xana yalvardılar ki, gəl bu işə razı ol. Bunlar çox dedi, Surxay az eşitdi, axırda Surxay xana dedilər ki, əgər bu işə razı olmasan, biz qohum-qardaş səndən üz döndərəcəyik. Surxay xan baxıb gördü ki, iş başqa yola düşüb, axırda razılıq verdi ki, qardaşı qızını köçürtsünlər. İbrahim obanı gəzirdi ki, qızdan xəbər bilsin. Gördü obada bir hayküy var ki, gəl görəsən. İbrahim tez cütçünün yanına gəlib xəbər aldı. – Əmi, bu nə qiyamətdi? Cütçü dedi: – Oğul, bizim obada bir Surxay xan var, onun qardaşı qızı öz əmisi oğluna nişanlıdı. Əcəm oğlu İbrahim adlı bir oğlan Yasəməni götürüb qaçmışdı. Zor-güc gedib qızı alıblar. Bir gün həmin qızı oğlan evinə köçürdürlər, oğlan qızı qəbul eləmir. İbrahim dedi: – Əmi, onların evini bircə mənə göstər. Cütçü dedi: – Budu, bizim evin dalında olurlar. Axşam oldu. İbrahim bir dəst arvad paltarı geyib, özünü yetirdi qız olan eyvana. Gəlin otağı açıldı, qızı otağa qoyub getdilər. İbrahim də bir tərəfdə daldalanmışdı, gördü ki, qızın əmisi oğlu gəlib girdi otağa. O əlini belinə atıb, qılıncı çəkib qızın üstünə dedi: – Sən mənə lazım deyilsən, sənin başını it başı kimi kəsəcəyəm. Yasəmən gördü ki, əmisi oğlu dediklərinə inanmayıb öldürəcək. O, bir söz deməyib ağlamağa başladı. Yasəmən İbrahimi yadına salıb, gözünün yaşını tökdü. Yasəmən gördü ki, bu çox deyir, əmisi oğlu az eşidir, bunun dediklərini qəbul etmir, dedi: – Əmi oğlu, indi ki öldürmək fikrindəsən, məni öldür. İbrahimsiz mən yaşamayacağam. Mən bir söz demirəm, amma təvəqqe edirəm, qoy bir bayıra çıxım, dəstəmaz alım, namazımı qılım, ondan sonra nə istəyirsən elə. Oğlan razı oldu. Yasəmən gəlin otağından bayıra çıxıb, gördü ki, bayır qaranlıq zülmətdi, göz gözü görmür, iki əlini göyə qaldırıb dedi: – Ey Allah, nə olaydı Əcəm oğlu İbrahimi yetirəydin mənə! Yasəmən sözünü tamam eləməmişdi, İbrahim başının çarşabını atıb, gəlib durdu Yasəmənin barabarında, dedi: – Yasəmən, gəl gedək, burdayam. Yasəmən dedi: – İbrahim, sənsən? Bəs necə oldu, sən bura gəlib çıxdın? İbrahim dedi: – Heç soruşma. Bu səs-küyə Yasəmənin əmisi oğlu çıxıb gördü ki, qız Əcəm oğlu İbrahimnən söhbətdədi. Tez qılıncına əl atdı ki, bunları öldürsün. İbrahim fürsəti fota verməyib, oğlanı vurub öldürdü. Hər iki sevgili ələlə verib, başladılar qaçmağa. Xəbəri sənə kimdən deyim, darğadan. Darğa evinə sarı gəlirdi, gördü bir qız bir oğlannan çölə tərəf qaçdı. Tez Surxay xana xəbər apardı ki, bəs belə bir şey görmüşəm. Surxay atlı qaldırıb çölün bir düzündə zor-güc göstərdi ki, qızı əldən verməsin. Bunlar davada İbrahimi al-qana boyayıb, Yasəməni götürüb gətirdilər evə. Xəbər gedib Surxay xana çatdı ki, qaçan qardaşın qızı imiş, tutub gətirdik. Surxay xan bu xəbəri eşidən kimi, mindi cin atına, dedi: – Doğrayın onu, gözüm görməsin! Bu tərəfdən yengə xəbər gətirdi Surxay xana ki, başın sağ olsun, oğlunu öldürüblər. Az qaldı xanın bağrı çatlasın. Yasəmən yaddan çıxdı, qaldılar vay-həşirdə. Ana deyirdi bala vay, bacı deyirdi, qardaş vay, burda bir ağlaşma vardı ki, gəl görəsən. İndi bir neçə kəlmə eşit cütçüdən. Cütçü ki, bunlara qonşu idi, girdi xanın həyətinə, adamların içindən Yasəməni tapıb, gətirib evində gizlətdi. Ara sakit oldu, Surxay xan dedi: – Gətirin qızı bura, onu gərək diri-diri torpağa basdıram, bəlkə ürəyim sakit ola. Nə qədər qızı axtardılar, tapa bilmədilər. Xəbəri sənə kimdən verim İbrahimdən. İbrahim qalmışdı çöldə. Pələng İbrahimi axtara-axtara gəlib çıxdı həmin yerə, gördü ki, İbrahim yaralıdı. Pələng tez onun yarasının tozunu, torpağını təmizlədi. İbrahimin paltarınnan cırıb, onun başını sarıdı. Hər ikisi yola düşdülər. Pələng İbrahimi meşənin içində saxlayıb dedi: – İbrahim, bu yollar ki, görürsən, biri gedər-gəlməz, o biri isə salamat yoldu. Sən gəl bu gedər-gəlməz yolnan get, xeyir görərsən. Ancaq qorxma, harda olsan mən səni taparam. İbrahim pələngdən ayrılıb düşdü yola, bir-iki mənzil gedəndən sonra gördü ki, qabaqdan bir işıq gəlir, istədi işığa sarı getsin. Bu halda iki nəfər buna rast gəlib, əl-qolunu bağlayıb, apardılır işıq gələn yerə. İbrahimi içəri çəkdilər. İbrahim baxıb gördü ki, burda çalan çalır, oxuyan oxuyur, amma bunların içərisində bir oğlan var ki, üz-gözündən pəhləvanlıq yağır, ayağını aşırıb bir-birinin üstə, qılıncını qoyub dizi üstə. İbrahimi onlar birbaş bunun yanına apardılar. Bu oğlan Koroğlu idi, Koroğlu xəbər aldı: – Ey oğlan, sən kimsən, hardan gəlib, hara gedirsən? İbrahim dedi: – Mən Əcəm oğlu İbrahiməm. Koroğlu dedi: – Oğlan, sən Əcəm oğlu İbrahimsən, çox əcəb, danış görək başına nə iş gəlib? Əcəm oğlu İbrahim başladı sözə, dedi: – Mən günlərin bir günündə ova çıxmışdım. Qabağımdan ovu qaçırdım, ov gəlib meşəyə girdi. Xülasə, ovumu tapa bilmədim. Mən atımı yancidar eləyib, özüm meşəni gəzirdim. Gördüm bir çeşmə başında bir nazənin sənəm əl-ayağını yuyur. Qız mənə, mən qıza aşiq olduq. Bəli, o məqama çatdı ki, mən qızı götürüb qaçmalı oldum, amma bu tərəfdən də qızın əmisi Surxay xan qoşun çəkib, qızı əlimdən aldı. İndi düşmüşəm sevgilimin dalısınca. Koroğlu Surxay xanın adını eşidən kimi, ayağa durub dedi: – Oğlan, bu gecəni yatgilən, səhər səni yarına yetirərəm. Əcəm oğlu İbrahim igid Koroğlunun yanında qaldı. Səhər tezdən Koroğlu adamlarını başına cəm edib, birbaş gəldi Surxay xanın obasına tərəf. Surxay xana xəbər getdi ki, Koroğlu gəlir. Surxayın dərdi ikiydi oldu üç, tez cəng libasını geyinib çıxdı Koroğlunun qabağına. Surxay Koroğlunun yanına gəlib dedi: – Nə istəyirsən? Koroğlu dedi: – Gəlmişəm qız aparam, naz aparam, gəlməmişəm boş-boşuna geri qayıdam. Koroğlu Surxay xana aman verməyib, özünü vurdu qoşuna. Surxay xanın nə ki, adamları vardı hamısını qırıb tökdü. Bir vaxt Surxay gördü ki, meydanda təkdi, amma igid Koroğlu durub onun barabarında. Hər iki pəhləvan bir-birinin üstünə düşdülər. Koroğlu Surxay xanı cəhənnəmə vasil elədi. Amma nə qədər axtardılar Yasəməni tapa bilmədilər. Koroğlu əmr elədi ki, evbəev gəzsinlər. Yasəmən hardadırsa onu tapıb gətirsinlər. Xəbəri sənə kimdən verim cütçüdən. Cütçü eşitdi ki, Koroğlu Yasəmənin dalısınca adam saldırıb onu axtartdırır. Qarnına sancı dolub, heç bilmədi neyləsin. Yasəmənin əlindən yapışıb apardı Koroğlunun qabağına. Koroğlu Yasəməni alıb İbrahimə verdi, öz adamlarınnan da bir neçəsini İbrahimə qoşub dedi: – İbrahimi sağ-salamat öz evlərinə aparın. Bunlar burdan birbaş vətənlərinə getməkdə olsunlar, görək İbrahimin anası Dostu xanım harda qaldı. Dostu xanım yolun qırağında oturub oğlunun yolunu gözləyirdi, bir vədə gördü ki, qabaqdan bir qaraltı peyda oldu. Dostu xanım baxıb gördü ki, öz oğludu, heç bilmək olmadı necə özün yetirdi oğluna. Oğlunun boynuna sarılıb o üzünnən, bu üzünnən öpdü, birbaş götürüb gətirdi evinə. Dostu yeddi gün, yeddi gecə toy elədi. Hər iki aşiq bir-birinə yetişdilər. Bunlar yeyib, içib keçdilər, siz də burda var olun.