Məzmuna keç

Əcəm qızı

Vikimənbə saytından
Əcəm qızı
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Ahu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,
Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,
Zənəxdanın çöhrəsi xal, necə qoyum qiyməti,
Boyu uzun, gərdən uca, nazik bel əcəm qızı.

Zülfün kəmənd, sal boynuma, özün çıxar bazara,
Ovçuların şikarısan, səni sallam güzara,
Səni görən yəqin bil ki, tez-gec düşər azara,
Danışıban canım alma, şirin dil əcəm qızı.

Mənəm Söyün, yəqin bil ki, çoxdu mənim azarım,
Dostlarım xain çıxıbdı, bağlanıbdı bazarım,
Səni gördüm dərdim artdı, badə düşdü güzarım,
Gülüstanda ötən mənəm, yəqin bil, əcəm qızı.