Məzmuna keç

Ədibi-möhtərəm Haşım bəy Vəzirovun rəsminə (Cəfər Cabbarlı)

Vikimənbə saytından
Ədibi-möhtərəm Haşım bəy Vəzirovun rəsminə
Müəllif: Cəfər Cabbarlı
Haşım bəy Vəzirova ithaf

Qəlbim yanır baxınca bu çərxin mədarına,
Baxdıqca zülmünə, sitəmi-aşikarına.
Bir nakəs ki ölməyə layiqi-şərirdir,
Yüksəldərək, səbəb olur da iftixarına.
Bərəks, bir vücud ki, millət ziyasıdır,
Erkən kəfən biçib, qapayır öz məzarına.
İştə, baxın, bu rəsmdə bir zati-əzəmin
Simayi-hüznbarına, qəmgin üzarına.
Kimdir? Tanırmısınız bu vücudi-müqəddəsi!
Bir zatdir ki, cəhli pərişan edib gedib;
Bir nurdur ki, aləmi rəxşan edib gedib.

Qəmnak gözlərində görün bir zəkavətin,
Məhzun çöhrəsində görün qəm əlamətin.
Əxvan millətə baxaraq, sanki ağlayır,
İbraz edir cəhalətə qarşı şikayətin.
Təxmin olurmu ömrdə çəkdikləri cəfa?
Millət özü nə qədər çoxaldıb zəlalətin.
Hər bir cəfayə leyk qılıb sinəsin süpər,
Sakit ürəklə qarşılayıb xalq həqarətin.
Axırda kəndini yetirib bir məqamə kim
Mövtilə qəlbi-milləti suzan edib gedib,
Çox dərdüməndlərə dərman edib gedib.

Abadlıq yaratmaq üçün bir xərabədən
Cəhd eləyib çəkinməyərək min əzabdən,
Cansız vücuda can yetiribdir həmiyyəti,
İnsan vücudu xəlq eləyibdir türabdən.
Zillət çəkib, əzabü-əziyyət, cəfa çəkib,
Axır salıb vücudunu qəm, qüssə tabdən.
Şükran yerinə milləti nifrin edib ona,
Xəffaş çünki nifrət edir aftabdən.
Amma bu cövrü zillət və təhqirə baxmayıb,
Kəndin həyati-millətə qurban edib gedib;
Çox əhli-cəhli sahibi-irfan edib gedib.

Ey hər “Səda"sı tar həqiqət təranəsi!
Ey hər “Keyfim gələndə"si aclar zəbanəsi!
Gülzari-ömrünə fələk əsdirdi bir xəzan,
Taki, boşaldı mürği-ədəb aşiyanəsi.
Susdunmu? Yox! Səsin yetişir səmaləmə!
Söndünmü? Yox! Sönərmi günəş nurxanəsi?
Soldunmu? Yox! Solurmu həqiqət çiçəkləri?
Haşa! Oluyormu paslana yaqut danəsi?
Gözdən düşüyormu sən kimi şəmsi-şərəfhisar?
Rahi nicatı xalqa nümayan edib gedib;
Həp öz vücudun ol yola taban edib gedib.

Ey xadimi-ədəb! Uyu rahət məzaridə,
İtməz adın bəqa var ikən ruzigaridə.
Səpdikləri o toxmi-ədəb verdi hasilin,
Güllər verib, çiçəklər açıb nobaharidə.
Xəndan qılmağa ləbi-iqbali milləti
Sürdün bütün həyatını sən ahu zaridə.
Etdin bəşər vəzifəsi fövqündə ciddü, cəhd.
Rəhbərlik eylədin bizə hər rəhgüzaridə.
Nadir bulur zəmanə sənintək vücudu kim
Bir xarizarı ta ki, gülüstan edib gedib;
Kəndin mücahid isminə şayan edib gedib.