Məzmuna keç

Əfəndi

Vikimənbə saytından
Əfəndi
Müəllif: Molla Pənah Vaqif
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Siyah telli bir sənəmin ucundan
Badə getdi din-imanlar, əfəndi!
Ol oda ki, mən düşmüşəm yanıram,
Düşməsin heç müsəlmanlar, əfəndi!

Könül deyil sən gördüyün havada,
Dərdim olur gündən-günə ziyada,
Hər zaman düşəndə ləbləri yada
Tökülür gözümdən qanlar, əfəndi!

Bilməm nə nəhs gündə çıxdım bu dağa,
Bir lalə üzündən düşdüm irağa,
Yana-yana qaldım belə fərağa,
Bərbad olsun ol zamanlar, əfəndi!

Mənim meylim yoxdur sultandan, xandan,
Yarımın arzusun saxlaram candan.
Xalq da bilir, mənim könlümdür andan
Olsa yüz min növcavanlar, əfəndi!

Molla odur hər nə görsə kitabda,
Onu şərh eyləyə haqda-hesabda,
Vaqif deyir sənə, mənə bu babda,
Hələ azdır bu divanlar, əfəndi!