Məzmuna keç

Əfəndim (Aşıq Şenlik)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əfəndim
Müəllif: Aşıq Şenlik

Səməd bəynən İsmeylin seyrinə vardım,
Bu diyarı gəzə-gəzə əfəndim.
Səməd bəy namində bir vəzir gördüm
Vəsvini qaldırram saza əfəndim.

Ağam Səməd bəydi onların başı,
Mehralı şahların alıcı quşu,
Yanında var çox əjdaha yoldaşı,
Nə düşdün olarnan bəsə əfəndim.

Oları göndərdilər Sibir elinə,
Çox bəlalar gəldi olar sərinə.
Hökmnən vurarlar qılınc zoruna
Düşüblər aləmdə səsə əfəndim.

Alosman elinə talan saldılar,
Cəlalı kürdünə qılınc çaldılar,
İran ölkəsindən xərac aldılar,
Şahıda qoydular yasa əfəndim.

Səməd bəy dediyin zəhmi ağıdı,
Hökm eyləsə yüz qazağı dağıdı,
Sarı qazax onlar üçün yağıdı,
Qıymadılar qırmızı fəsə əfəndim.

Əmr etsələr yüz qazağı çalarlar,
Onları görənlər heyran qalarlar,
Aşıqlıqdan əhli mərifət qanarlar,
Müşdahdılar saznan sözə əfəndim.

Ağam Səməd bəydi ləzgi qırımlı,
Paşa səltənətli qulaç Kərimli,
Bəlli bədöy minir bir can verimli
Heç baxmırdı çoxnan aza əfəndim.

Şenlik mat edər qoç igidin pirini,
Heç namərdə verməz onlar sirini,
Səməd bəynən İsmeylin yerini,
Verməz onan başqa kimsə əfəndim.

%75 tamamlandı