Məzmuna keç

Əfəndim (Mirzə Bəylər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əfəndim (Mirzə Bəylər)
Müəllif: Mirzə Bəylər
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Natiqi – hatifdən bir xəbər gəlmiş,
Səmun tuta o göftarı, əfəndim!
Cismimiz dəryayi-dərlərə dalmış,
Nicata bulunmaz çarə, əfəndim!

Məhəbbət, məhəbbət ömrümüz aldı,
Aya, məcazidən əldə nə qaldı?!
Şəmdir, görünür ki, əbəs xəyaldı,
Könül vermək hər əğyara, əfəndim!

Qəflətdə keçirdik biz bəxti qara,
Oyandıq, dolandıq sibə, əhara.
Bülbül ikən düşdük güldən kənara,
Gülüstan yetişdi xara, əfəndim!

Guşumuza çatdı cavanlıq səsi,
Xudpəsəndik, bəyənmədik heç kəsi.
Tənburun nəğməsi, şövqün həvəsi
Bizi saldı hər azara, əfəndim!

Dirəxtan meyvəsi, barı olmasa,
Savabinən pur anbarı olmasa,
Bir kişinin girənbarı olmasa,
Nə verərlər səbükara, əfəndim!

Hanı, möüz-möüz guşəmiz hanı?
Hanı, dərdiyimiz xuşəmiz hanı?
Əldə axirətə tüşəmiz hanı,
Nə götürək girdigara, əfəndim!?

Ömrü girənmaya yetişdi ziya,
Gözəl zindəganlıq getdi fənaya.
Ağlayayım, yalvarayım xudaya,
Rəhm eyləyə, bəlkə zara, əfəndim!

Aylar, illər ilə qürbətdə qaldıq,
Zəmilər içində solduq, saraldıq.
Qəlilən, kəsirnən qədri mal aldıq,
Axır döndü zəhirmara, əfəndim!

Gör nələr çəkibdir bu yazıq başlar!?
Mürid ilə Mürşid halal yoldaşlar.
Yaranan, yalvaran qövmü qardaşlar
Dönüb ovsunlamaz mara, əzizim!

İmtahana çəkdim mən bir nakəsi,
Qulağına böyük gəlib öz səsi.
Yağmurluğu, fəsi, qaloş, çəkməsi...
Kişi olub hər avara, əfəndim!

Dərd məni xeylicə zindana salmış,
Qüssənin əlindən Mirzə saralmış.
Xəstəyəm, şəyəd ki, əqlim azalmış,
Diqqət etmə günahkara, əfəndim!