Məzmuna keç

Əkinçi bəbirə necə dərs verdi

Vikimənbə saytından
Əkinçi bəbirə necə dərs verdi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir kəndin sakinləri meşənin kənarındakı tarlanı şumlayırdılar. Torpaq münbit idi, buradan onlar bol məhsul toplayırdılar. Budur, həmin yerdə bir bəbir peyda oldu. O, meşədən çıxaraq burada işləyən əkinçini və onun öküzlərini parçaladı. Belə hadisələr bir neçə dəfə təkrarlandı. Kənddə hamı vahimə içində idi. Igid cavanlar bəbiri öldürməyə yollandılar. Lakin onlar da heç nə edə bilmədilər.

- Deyəsən biz bu bəbirdən yaxa qurtara bilməyəcəyik, - deyə ovçular dilləndilər.

Əkinçilər tarlanı tərk etdilər. Axı kim vəhşi heyvanın caynağına keçmək istəyər? Onlar “ölməkdənsə, ac qalmaq yaxşıdır”, - dedilər. Yalnız bir kəndli qorxmadı.

- Dayanın, - deyə o, dilləndi. – Mən bu bəbirə dərs verərəm!

O,iki öküzünü cütə qoşdu, pişiyini səsləyib, tarlaya yollandı.

Qonşular işi belə görüb, onun hərəkətinə təəccübləndilər və bir-birinə dedilər:

- Görünür, qonşumuz dəli olub, həyatı onun üçün əziz deyil.

Əkinçi isə tarlaya gələrək öküzləri cütdən açdı ki, şumlamadan qabaq bir az dincəlsinlər. Elə təzəcə bir öküzü açmışdı ki, bu anda bəbir meşədən çıxdı, başını qaldırıb fısıldadı, bığlarını tərpətdi. Onu görən öküz qorxaraq qaçdı.

Bu zaman o, pişiyi gördü. Bəbir onu nəzərdən keçirib təəccüblə soruşdu:

- Sən kimsən?

Pişik cavab verdi:

- Mən sənin bacın oğlunam. Sən mənim dayımsan.

Bəbir pişiyə baxıb dedi:

- Düzdür, sən bizim nəsildənsən, gözlərin, qulaqların, pəncələrin, bığların, quyruğun bəbirlərdə olduğu kimidir. Ancaq de görək, sən niyə bu qədər balacasan?

- Bu ona görədir ki, məni o insan ələ keçirib. Onun əlinə keçsən, sən də mənim kimi kiçilərsən, - deyə pişik cavab verdi.

- Deyirsən yəni o, çox güclüdür? – deyə bəbir fınxırdı.

– Ondan qorxmuram! Indi mən onun öküzlərini və özünü yeyəcəyəm!

Pişik dedi:

- Get, gücünü sına!

Bəbir əkinçinin üstünə atıldı və nərildədi:

- Ey insan! Sən mənim bacım oğlunun başına nə oyun açmısan? Buna görə mən səni parçalayıb yeyəcəyəm!

- Qüdrətli bəbir! – deyə əkinçi sakit tərzdə cavab verdi.

– Görürəm ki, mən səni qəzəbləndirmişəm, məni bağışla. Istəyirəm ki, sənin şikarın çox olsun.

Bəbir təəccübləndi:

- Bu, necə ola bilər? – deyə o, soruşdu.

Əkinçi dedi:

- Mənim iki öküzüm var. Biri səni görüb, qorxudan qaçdı. Sən bu öküzü saxla, mən gedib o biri öküzü tapıb gətirim. Onda sən bizim hamımızı yeyərsən.

- Mən onu necə saxlaya bilərəm? – deyə bəbir soruşdu.

- Gəl səni taxta boyunduruğa bağlayım, - deyə kəndli cavab verdi.

- Yaxşı, - deyə bəbir razılaşdı və özü başını boyunduruğa keçirdi.

Onun başı boyunduruğa girən kimi əkinçi qayışları möhkəm bərkitdi və bəbirin belinə qamçı çəkməyə başladı. O, qamçını çəkdikçə qışqırırdı:

- Tez ol, torpağı şumla!

Bəbir yerindən sıçradı, özünü ora-bura atdı, buradan yaxasını qurtarmağa çalışdı. Ancaq əkinçi qamçını möhkəm endirirdi. Öküz qorxub irəliyə atılır, bəbir isə onunla boyunduruğu dartmalı olurdu. Əkinçi elə hey qışqırırdı:

- Tez ol, tez ol! Şırımdan çıxma!

Beləliklə, onlar tarlanın yarısını şumladılar. Pişik isə bəbirin yanınca gedir, ona baxırdı. Bəbir ehtiyatla pişikdən soruşdu:

- Qulaq as, bacı oğlu! Sənin sahibin məni tezmi buraxacaq?

- O səni yəqin ki, mənim kimi balacalaşandan sonra buraxacaq, - deyə pişik cavab verdi.

Bəbir qorxdu:

- Mən onsuz da iki dəfə kiçilmişəm, - deyə o dilləndi.

- Əgər əkinçi axşama kimi yeri şumlasa, mən səndən də kiçilə bilərəm.

O, başını aşağı saldı və boyunduruğu irəli çəkdi. Nəhayət, axşam oldu. Əkinçi bəbiri biyunduruqdan xilas edib dedi:

- Indi cəhənnəm ol buradan və bir də mənim gözümə görünmə! Yoxsa səni boyunduruğa qoşub üç gün, üç gecə torpağı şumladaram.

Bəbir meşəyə qaçdı. O, ayaqlarını güclə sürüyürdü. Əldən düşmüş bəbir bir ağacın altında uzandı, dili bayıra çıxdı.

Qarğalar elə bildilər ki, bəbir ölüb.

Onlar bəbirin üstünə enib onu dimdikləməyə başladılar. Yaxşı ki, bəbirin gücü quyruğunu yelləməyə çatdı və onunla qarğaları qova bildi.

Bundan sonra bəbir heç vaxt tarlaya yaxın düşmədi. Başqa vəhşi heyvanlara o, həmişə deyərdi:

- Insandan uzaqlaşın! O, çox güclü olmasa da, ağıllıdır. Insana bizim heç vaxt gücümüz çatmaz.

Mənbə

[redaktə]
  • Dağıstan xalqlarının nağılları, Bakı, 2013