Əkinçi nəğməsi

Vikimənbə saytından
Əkinçi nəğməsi
Müəllif: Abbas Səhhət

Darı, küncüt, arpa, buğda əkməsəm,
İlin üç fəslində zəhmət çəkməsəm,
Ac qalmazmı gözəl, məsum uşaqlar?
 
Mənsiz kətan, kəndir verməz zəmilər,
Çadırsız, yelkənsiz qalar gəmilər,
Nazik donsuz yayda uşaqlar ağlar.
 
Suvarmasam, yanar otlar, çiçəklər,
Ac qalanda süd verməsə inəklər,
Nədən olar şor, pendir, yağ, qaymaqlar?
 
Ot biçməsəm, qırılmazmı qoyunlar?
Hardan olar hasil o vaxtı yunlar?
Qışda nədən olar kürklər, papaqlar?
 
Əkinçi hər kəsdən artıq çalışar,
Onun əməyilə insanlar yaşar,
Qida verər məxluqata torpaqlar.