Ələ alır gəzicək ol güli-rəna ətəgin
Görünüş
Ələ alır gəzicək ol güli rəna ətəgin Müəllif: Məhəmməd Füzuli |
Ələ alır gəzicək ol güli-rəna ətəgin,
Vəhm edər kim, tuta bir aşiqi-şeyda ətəgin.
Bildi kim, xaki-rəh oldum ətəgin tutmaq üçün,
Götürər, düşməyə qoymaz yerə əmda ətəgin.
Dadilər qılmağa ol kafir əlindən, gecələr
Çıxar ahim göyə ta tuta Məsiha ətəgin.
Şamlər qanlu yaşım movcinə əlbəttə dəgər,
Hər necə kim, götürür çərxi-müəlla ətəgin.
Öylə üryan gərək avareyi-səhrayi-cünun
Ki, təəllüq tikəni tutmaya qəta ətəgin.
Rind xak olsa dəxi, dürdi-xümi-badə olur,
Nə isə, qoymaz əlindən meyi-səhba ətəgin.
Güllər açıldı, Füzuli, yaxalar çak edibən,
Gəl tutalım meyü məhbub ilə səhra ətəgin.