Məzmuna keç

Əli və Nino/XVIII

Vikimənbə saytından
XVII Əli və Nino XVIII
Müəllif: Qurban Səid
XIX
Mənbə: Əli və Nino. Qurban Səid

Uçurumun kənarındakı daş bir eyvanda qəribə bir mənzərə açılırdı: küləklərin döyəclədiyi quru sarı qayalar. İri, kələ-kötür daşlar qaba halda bir-birinin üstünə qoyularaq divar halına gətirilmişdi. Bir-birlərinə yapışmış dörd bucaq şəklində olan sadə komalar sıldırım qayalara söykənmişdi. Bir komanın damı, o biri koma üçün həyət rolunu oynayırdı. Uçurumun düz dibindən şırıltı ilə çay axırdı. Açıq aydın havada qayalar parıldayırdı. Bu qayalıqların arası ilə aşağı enən daş cığır dibinə yaxınlaşdıqca gözdən itirdi. Bura auldur, Dağıstanın bir kəndidir. Komanın içi qaranlıqdır, yerə kilimlər döşənib. Komanın damını bayırdan iki dirək
saxlayırdı. Göyün dərinliklərində qanadlarını bütöv açmış bir qartal elə bil daşdan düzəlmişdi.
Mən balaca dam-həyətdə uzanmışdım. Ağzımda sulu qəlyanın kəhrəba müştüyü dodaqlarımın arasında idi. Mən bu qəlyanın tüstüsünü ciyərlərimə çəkirdim. Gicgahım buz kimi soyuq idi. Zəif külək qəlyanın tüstüsünü ətrafa yayırdı. Kiminsə “qayğıkeş” əli tütünümün içinə nəşə atmışdı. Ayaqlarımın yanında açılan uçurumun dərinliklərinə baxıram və dumanlıqda dolaşan sifətləri görürəm. Tanış simalar qarşımda peyda olurlar. Onlar Bakıdakı otağımın divarını bəzəyən xalçadakı Rüstəm Zaloğlunun surətini xatırladırdı. Bir neçə gün bundan əvvəl mən qalın ipəkli yorğana bürünüb o otaqda uzanmışdım. Qabırğalarım ağrıyırdı. O biri otaqdan addım səsləri gəlirdi. Kimsə yavaşca danışırdı. Qulaq asdım! Səslərin tonu yavaş-yavaş yüksəlirdi. Bu atamın səsi idi: “Üzr istəyirəm, cənab polis rəisi, oğlumun harada olduğunu heç mən özüm də bilmirəm. Belə güman edirəm ki, o İrana, əmisinin yanına gedib. Çox təəssüf edirəm, cənab polis rəisi”.
Polis rəisinin səsi gur və qəzəbli gəlirdi:
– Sizin oğlunuza qarşı adam öldürmək barədə cinayət işi qaldırılıb. Onun həbs edilməsinə dair artıq əmr də hazırdır. Biz onu hətta İranda belə tapıb həbs edəcəyik.
Mən bunu ancaq alqışlayardım. Şübhəm yox idi ki, onun işi hər hansı bir məhkəmə hüzuruna çıxarılarsa mənim oğlum həmin məhkəmədə bəraət qazanacaqdı. Çünki, hadisələrin inkişafı ilə əlaqədar başqasının hərəkətinə cavab olaraq canini vurub öldürmək cinayət deyildir. Bundan başqa...
Mən təzə pulların xışıltısını eşitdim, bəlkə də mənə elə gəlirdi. Sonra sükut çökdü və yenə də polis rəisinin səsi gəldi:
– Ah, nə deyim bu dəliqanlı cavanlara. Bir şey olan kimi bellərindəki xəncərə əl atırlar. Mən dövlət adamıyam. Təbii ki, sizi də başa düşürəm. Dəliqanlı oğlunuz şəhərdə görünməməlidir. Həbsi barədəki hökmü isə İrana göndərməliyəm.
Addımlar uzaqlaşır. Yenə də dərin bir sükut çökür. Xalçanın üzərindəki zərif hərflər labirintə bənzəyirdi. Hərflərin cizgisini izləməyə başladım. Xətt yaraşıqlı bir tərzdə “nun” hərfində birləşirdi...
Başım gicəllənirdi. Tanımadığım simalar əyilib üzümə baxırdılar və dodaqlarında anlaşılmaz sözlər deyirdilər. Sonra yatağımdan durub çarpayımda oturdum və gördüm ki, İlyas bəylə, Məmməd Heydər qarşımda durublar. İkisi də gülümsəyirdi və onlar döyüş paltarı geymişdilər.
– Gəlmişik səninlə vidalaşaq. Bizi cəbhəyə göndərirlər.
– Niyə?
İlyas bəy patrondaşını dartdı:
– Mən Ninonu evinə apardım. Bütün yol boyu bir kəlmə də olsun söyləmədi. Sonra da atımı kazarmaya sürdüm. Bir neçə saatdan sonra hamı hər şeyi bilirdi. Alay komandanı Melikov kabinetini bağlayıb, sərxoş olana qədər içki içdi. O, kəhər atını bir daha görmək istəmirdi. Axşam isə atının vurulması barədə əmr etdi. Sonra
da cəbhəyə könüllü getməyə hazır olduğunu bildirdi. Atam xeyli pul xərcləyib hərbi tribunala verilməmizi qabaqladı. Amma bundan artıq heç nə edə bilmədi. Bizi də cəbhəyə göndərməyə qərar verdilər. Özü də cəbhənin ön xəttinə.
– Məni bağışlayın. Bunların hamısı mənim günahımdır.
Hər ikisi qəti etiraz etdilər:
– Yox, yox, sən əsl qəhrəmansan. Sən kişi kimi hərəkət etdin.
Biz səninlə fəxr edirik.
– Ninonu görmüsünüzmü?
İkisi də pərt halda:
– Yox, Ninonu görməmişik.
Cavab çox soyuq səsləndi.
Biz qucaqlaşdıq.
– Bizdən narahat olma. Cəbhədə özümüzə bir yer tapacayıq.
Gülüşdük, öpüşdük. Sonra qapı arxadan bağlandı.
Başımı yastığa qoyub gözlərimi qırmızı rəngli xalçanın naxışlarına zillədim. Yazıq dostlarım! Bu mənim günahımdır. Gözlərim açıq ola-ola qəribə xəyallara dalmışdım. Hər şey gözlərimin qabağından çəkilib yox olurdu. Ninonun gah gülən, gah da ciddiləşən sifəti dumanlar içində görünürdü. Yad əllər mənim vücuduma toxunurdu. Kimsə farsca dedi: “Ona xaş-xaş vermək lazımdır. Vicdan əzabına qarşı çox kömək edir”
Biri kəhrəba müştüyü ağzıma qoydu və bu gözü açıq, xəyallardan ayılarkən qulağıma səs gəldi:
– Möhtərəm xan, mən sarsılmışam. Bu nə faciədir başımıza gəldi. Mən istəyirəm ki, qızım sizin oğlunuzun yanına getsin. Onlar dərhal evlənməlidirlər”.
– Möhtərəm knyaz, Əli xan evlənə bilməz. Son hadisədən sonra Əli xan artıq qanlıdır. İndi Naçararyan ailəsi ilə aramızda qan davası var. Mən oğlumu İrana göndərmişəm. Onun həyatının hər anı təhlükə altındadır.
Oğlum Əli xan, sizin qızınıza ər ola bilməz.
– Səfər xan, çox rica edirəm, uşaqlarımızı qorumaq lazımdır. Onlar buradan Hindistana və yaxud İspaniyaya çıxıb getməlidirlər. Mənim qızımın namusu ləkələnib. Onun namusunu ancaq nikah xilas edə bilər”.
– Möhtərəm knyaz, bu Əli xanın təqsiri deyildir. Sonra da qızınız əgər istərsə onun üçün bir rus və yaxud bir erməni kürəkən belə tapıla bilər. Mən buna əminəm.
– Amma çox xahiş edirəm. Qızım zərərsiz, məsum bir gecə gəzintisinə çıxmışdı, desəm heç kəs buna inanmaz. Elə boğanaq havada kim belə gəzintiyə çıxa bilər. Oğlunuz bu işi görməkdə tələsib. Ona qarşı sürülən ittiham təmamən səhvdir. Oğlunuz bu səhvi düzəltməlidir”.
– Orasını düşünürük, knyaz. Lakin nə olursa olsun, Əli xan artıq qanlıdır. Onun üçün o, evlənə bilməz.
– Səfər xan, mənim də bir ata olduğumu unutmayın. Səslər kəsildi. Hər yeri yenidən bir səssizlik bürüdü.
Nəhayət, yaralarımın sarğılarını açdılar. Bədənimdə ilk şərəfli nişanə olan yara yerimə toxundum. Sonra ayağa durdum. Tərəddüdlə addım ataraq otağın içində yeriməyə başladım. Nökərlər ürkmüş baxışlarla mənə baxırdılar. Otağın qapısı açıldı. Atam içəri girdi. Qəlbim şiddətlə çırpınmağa başladı. Nökərlər otaqdan çıxdılar.
Atam bir müddət susdu. O, otaqda gəzişməyə başladı. Sonra yerində dayanıb dedi:
– Hər gün evimizə polis gəlir. Polisdən başqa Naçararyanlar ailəsi hər yerdə səni axtarır. Onların beş nəfəri artıq İrana getmişlər. Mən evi qorumaq üçün evin ətrafına silahlanmış iyirmi nəfər adam qoymuşam. Hə, yadımdan çıxmamış deyim ki, Melikovlar da istifadə etdiyin kəhər atından ötrü səni qan düşməni elan ediblər.
Dostlarını da cəbhəyə göndərməyə nail oldular.
Mən cavab vermədən başımı aşağı əymişdim. Atam yanıma gəlib əlini çiynimə qoydu və mehribanlıqla dedi:
– Mən səninlə fəxr edirəm, Əli xan. Mən sənin yerində olsa idim, elə mən də eyni şeyi edərdim.
– Ata, sən razısanmı?
– Özü də hədsiz dərəcədə razıyam, – deyə atam cavab verdi və məni qucaqlayıb düz gözlərimin içinə baxa-baxa soruşdu:
– Qızı nəyə görə öldürmədin?
– Bilmirəm, ata. Mən yorğun idim.
– Onu da öldürsəydin, çox yaxşı olardı. İndi artıq gecdir. Mən səni bunun üçün təqsirləndirmirəm. Bütün ailəmiz səninlə son dərəcə fəxr edir.
– Bəs bunun axırı nə olacaq, ata?
– Atam, fikirli-fikirli nəfəs alaraq yenidən otaqda gəzişməyə başladı. Sonra həyəcanla ah çəkib dedi:
– Sən burada qala bilməzsən. İrana da gedə bilməzsən. Polis və iki nüfuzlu ailə səni axtarırlar. Ən yaxşısı budur ki, Dağıstana gedəsən. Oradakı aulların birinə gedərsən, səni heç kim tapa bilməz. Çünki, nə bir erməni və nə də polis nəfəri cürət edib oraya gedə bilməz.
– Bəs nə vaxtadək orada qalmalıyam, ata?
– Orada uzun bir vaxta qədər qalmalısan, Əli xan. O vaxta qədər ki, polis baş verən hadisəni unutsun və düşmən ailələr bizimlə barışsın. Mən sənə ara bir baş çəkəcəyəm.
O gecə yola düşdüm. Əvvəlcə Mahacqalaya, oradan da dağlara yollandım. Uzun yalları olan balacaboy atların belində dar dağ yolları ilə yuxarı dırmaşırdıq. Hədəfimiz dəhşətli bir uçurumun başındakı ucqar bir aul idi.
İndi mən burada, Dağıstan qonaqpərvərliyinin etibarlı himayəsində idim. Camaat mənə qanlı kimi baxırdılar. Zərif əllər tütününə nəşə qarışdırırdılar. Mən çox çəkirdim. Xəyallar içində üzərək susurdum. Qanadının altında himayə tapdığım adam-atamın dostu Qazı Molla idi. O, mənə qayğı göstərirdi. Qazı Molla durmadan danışırdı, və onun dediyi sözlər gözlərimin qabağında canlanan həyəcanlı xəyallarımı dağıdırdı.
– Özünü xəyallara sürükləmə, Əli xan! Mənə qulaq as. Sən Andalalın əhvalatını heç eşitmisənmi?
Bilirsənmi, Andalal nədir? Altı yüz il bundan qabaq Andalal gözəl bir kənd idi. Böyük qəlbli, ağıllı və cəsur bir xan oranın hökmdarı idi. Lakin xalq onun bu qədər səxavətinə dözə bilmirdi. Buna görə də bir gün camaat hökmdarın hüzuruna gəlib dedilər: “Biz sənin əlindən artıq bezmişik, çıx get ölkəmizdən”. Hökmdar bu sözləri eşidib hönkür-hönkür ağladı, yaxın adamları ilə vidalaşıb atına mindi və çox uzaqlara, İrana getdi. Orada o, böyük bir adam oldu. Şah onu özünə müşavir etdi. O, bir çox ölkələri və şəhərləri fəth etdi. Lakin Andalal xalqına qarşı qəlbindəki kini saxlayırdı. Ona görə də o deyirdi ki, “Andalal vadisində çoxlu qızıl və daş-qaş dolu çox zəngin xəzinələr var, biz oranı fəth etməliyik”.
Şah böyük bir ordu ilə Dağıstana yola düşdü. O zaman Andalal xalqı, “siz sayca çoxsunuz, amma dağların ətəklərindəsiniz. Bizim sayımız isə sizinkindən çox azdır, ancaq biz dağın başındayıq. Lakin bizdən yuxarıda da cənabi Allah var. O bənzəri olmayan Tanrı hamımızdan güclüdür” dedilər. Beləliklə, Andalal xalqı döyüşə girişdi. Döyüşdə kişilər, qadınlar və uşaqlar iştirak edirdilər. Ön cəbhədə isə Andalal hökmdarının İrana gedərkən kənddə qalmış oğulları vuruşurdular. Döyüşdə İranlılar məğlub oldular. İlk qaçanlardan biri şah oldu. Axırda qaçan isə şahı Andalala gətirən oranın hökmdarı oldu.
Bu hadisənin üstündən on il keçdi. Hökmdar yaşlandı və vətən üçün həsrət çəkməyə başlayır. O, Tehrandakı sarayını tərk edib atına minir və vətəninə yola düşür. Lakin kəndinə gəldiyi zaman, camaat düşmən ordusunu Andalala gətirən xaini tanıyır. Onlar onun üzünə tüpürürlər və qapılarını onun sifətinə bağlayırlar. Hökmdar bütün günü atı ilə kəndin içində dolaşır, amma özünə bir dost tapa bilmir. Nəhayət, o, qazının yanına gedir və ona “Mən vaxtı ilə etdiyim günahımın cəzasını çəkmək üçün vətənimə gəlmişəm. Məni mühakimə et. Şəriətimizə uyğun olaraq hökm et” dedi. Qazı da ətrafındakılara əmr etdi ki, onun əl-ayağını bağlasınlar və sonra bəyan edib qərarını bildirdi: “Əcdadlarımızın qanununa əsasən bu adam diri-diri basdırılmalıdır”. Sonra isə qazı adamlara müraciət edərək soruşur: “Ay camaat, bəyan edilmiş qərara siz nə deyirsiniz? Camaat da “Qoy elə olsun!” deyə qışqırdılar. Lakin qazı ədalətli adam olduğu üçün ondan soruşur: “Özünü müdafiə etmək üçün nə deyə bilərsən?” Hökmdar ona cavab verərək deyir: “Heç bir şey deyə bilmərəm, mən günahkaram”. Əcdadlarımızın qanunlarına belə hörmətlə əməl edilməsi yaxşı şeydir. Lakin əcdadlarımızın eyni zamanda başqa bir qanunu da vardır. Bu qanunda deyilir ki, atasına qarşı vuruşan
oğul öldürülməlidir. Mən də o qanuna əsaslanaraq öz atalıq haqqımı tələb edirəm. Oğullarım mənə qarşı vuruşdular, elə ona görə də onların başları mənim məzarımın üstündə vurulmalıdır. Qazı “Qoy belə olsun” deyə hökm edir. Ondan sonra isə qazı camaat ilə birlikdə ağlayır. Çünki hökmdarın oğulları böyük hörmətə malik idilər, camaat onları çox sevirdi.
Lakin qanun qanundur, o yerinə yetirilməli idi. Beləliklə, xain hökmdar diri-diri basdırıldı və ölkənin ən cəngavər döyüşçüləri olan hökmdarın oğullarının başları atalarının məzarı üstündə vuruldu.
– Bu cansıxıcı bir əhvalatdır – deyə donquldanıb soruşdum: – Bundan yaxşı əhvalat tapmadın ki, danışasan? Sənin söylədiyin əhvalatdakı qəhrəman altı yüz il bundan qabaq ölüb, özü də xain olub.
Qazı Molla burnunu çəkdi, ağır bir nəfəs alıb soruşdu:
– Şeyx Şamildən xəbərin varmı? Mən Şeyx Şamil haqqında hər şeyi bilirəm. Əlli il bundan qabaq Şeyx Şamil buranın hökmdarı idi. Şeyx Şamilin hökmranlığı dövründə xalq çox xoşbəxt idi, nə şərab içən var idi və nə də siqara çəkən. Hər hansı bir oğru yaxalandığı zaman onun sağ əli biləyindən kəsilirdi. Amma demək olar ki, heç oğru da yox idi. Bu xoşbəxt günlər ruslar gələnə kimi davam etdi. Ruslar gəldiyi zaman isə peyğəmbər əfəndimiz Şeyx Şamilə vəhy gəldi və Qazavat müharibə aparmağı əmr etdi.
Bütün dağ xalqları əhd-peyman ilə Şeyx Şamilin müttəfiqi idilər. Çeçen xalqı onların arasında idi. Lakin ruslar güclü idilər. Onlar çeçenləri qorxutmağa başladılar. Onların kəndlərini yandırır və tarlalarını məhv edirdilər. O zaman çeçen köçərilərinin müdrikləri Darqoya Şeyx Şamilin imarətinə gəlirlər. Lakin onlar Şeyx Şamilin hüzuruna gəldikləri zaman oraya nə niyyətlə gəlmiş olduqlarını söyləməyə cəsarət etməmişlər. Ona görə də onlar Şeyx Şamilin anası Xanımın yanına gedib onunla görüşürlər. Xanım ürəyi yumşaq qadın idi. O, çeçenlərin başlarına gətirilən əzab-əziyyətləri dinlədiyi zaman kədərindən ağlamağa başlamışdı: “Mən Şeyxə deyərəm, o, sizi əhddən azad etməlidir”. Xanım böyük nüfuza malik idi. Şeyx də anasına daima xeyirli bir övlad olmuşdu. Bir dəfə Şeyx Şamil demişdi ki, “anasına dərd gətirən övlada lənət olsun”. Xanım Şeyx Şamilə çeçenlərin dərdindən danışanda, “Quran xəyanəti qadağan edir” – deyə Şeyx söyləmişdi. Ancaq Quran övladın anaya qarşı çıxmasını və onun sözünü yerə salmağını da qadağan edir. Mənim müdrikliyim, idrakım bu müşkülatdan çıxmaq üçün kifayət deyildir. Mən ibaldət edib, oruc tutacağam ki, Allah mənə düz yol göstərsin. Şeyx üç gün, üç gecə oruc tutur. Sonra xalqın qarşısına çıxıb deyir: Allah mənə ilham verdi və buyurdu ki, “xəyanət barədə mənimlə danışan ilk adam yüz şallağa məhkum olunmalıdır”. Mənimlə xəyanətdən ilk dəfə bəhs edən, mənim anam Xanım olub. Mən onu yüz şallaq cəzasına məhkum edirəm.
Xanımı meydana gətirirlər. Döyüşçülər onun çadrasını başından dartırlar, sonra onu məscidin pilləkanlarına yıxıb şallaqlarını havaya qaldırırlar. Şeyxin anasına birinci şallaq vurulan kimi, Şamil diz üstə yıxılıb hönkür-hönkür ağlayır və imdad
edib deyir: “Cənab Allahın qanunlarına qarşı çıxmaq olmaz. Heç kim o qanunları dəyişdirə bilməz, hətta mən də dəyişdirə bilmərəm. Lakin Quran bir şeyə icazə verir. Övladlar valideynlərinin cəzasını öz üzərlərinə götürə bilərlər. Ona görə də anamın cəzasının qalan hissəsini mən üstümə götürürəm. Sonra Şeyx Şamil cübbəsini çıxartdı və xalqın gözləri qabağında məscidin pilləkənlərinə uzanıb çığırır: “Şeyx olmağıma baxmayın, əgər mən hiss etsəm ki, şallağı var gücünüzlə vurmursunuz, başınızı vurduracayam”. Şeyxə doxsan doqquz şallaq vurulur. Şallağın vurulması sona çatanda Şeyxin bədəni qan içində idi. Onun dərisi parça-parça olmuşdu. Özü də pilləkənlərin üzərinə sərilib qalmışdı. Xalq bu mənzərəni görəndə dəhşətə gəlir. O gündən sonra bir daha kimsə xəyanət kəlməsini ağzına almağa cəsarət etmir. Əlli il bundan qabaq dağlarımızda idarə üsulu bu cür idi. Xalq da çox xoşbəxt idi.
Mən susmuşdum. Səmadakı qartal uzaqlaşıb gözdən itmişdi. Qaranlıq çökürdü. Balaca məscidin minarəsində molla göründü. Qazı Molla namaz xalçalarını açıb yerə sərdi. Biz üzümüzü qibləyə çevirərək axşam namazını qıldıq. Namaz duaları köhnə döyüş şərqilərini xatırladırdı. – Artıq gedə bilərsən Qazı Molla – dedim – sən həqiqətən mənim dostumsan. Mən yatmaq istəyirəm.
Qazı Molla şübhəylə mənə baxdı. Sonra köksünü dərindən ötürərək tənbəkimə nəşə qırıntılarını qarışdırdı. Otaqdan çıxdığı zaman onun qonşuya söylədiklərini eşitdim: “Qanlı çox xəstədir!”
Qonşu da ona cavab verdi: “Dağıstanda heç kim uzun müddət xəstə olmur”, deyə cavab verdi.