Məzmuna keç

Əli və Nino/XXI

Vikimənbə saytından
XX Əli və Nino XXI
Müəllif: Qurban Səid
XXII
Mənbə: Əli və Nino. Qurban Səid

İnsanların sifətində qorxu və sevinc hissi bir-birinə qarışdığı aydın hiss olunurdu. Küçələrin bu başından o başına kimi uzanan qızılı rəngli qiymətli kağızlarda mənasız şüarlar yazılmışdı. Bazarda alver edən qadınlar tinlərdə toplanıb Amerika Hindularına və Afrika zəncilərinə azadlıq verilməsini tələb edirdilər. Müharibənin gedişi tərsinə dönmüşdü. Böyük knyaz qeybə çıxmışdı və cırım-cındır, üst-başdan tökülmüş, içində haldan düşmüş əsgər qalıqları şəhərin küçələrində sərgərdan dolaşırdılar. Gecələr atışma səsləri eşidilir, gündüzlər isə qarışıqlıq yaradanlar dükanları qarət edirdilər.
Nino əyilib atlasa baxırdı. “Mən müharibə olmayan bir ölkə axtarıram” deyə Nino barmağını rəngarəng bəzi sərhəd cizgilərinin üzərində gəzdirirdi.
Mən də istehza ilə dedim:
“Bəlkə Moskvaya və yaxud da Peterburqa gedək?” dedim.
Nino çiyinlərini çəkdi. Nino birdən barmağını Norveçin üzərində saxladı.
– Əlbəttə, o ölkənin barış içində olduğuna əminəm. Amma oraya necə gedə bilərik?
Nino köksünü ötürdü.
– Yox, oraya gedə bilmərik. Bəs Amerikaya nə deyirsən?
– Atlantik okean düşmənin sualtı qayıqları ilə doludur, – dedim. Bəs Hindistan, İspaniya, Çin, Yaponiya?
– Oralarda da ya müharibə gedir, ya da oralara gedib çıxa bilmərik.
– Əli xan, deməli biz tələyə düşmüşük?
– Düz başa düşmüsən, Nino. İndi qaçmağın heç bir mənası yoxdur. İndi biz heç olmasa türklər gələnə kimi şəhər əhlinin sağlam ağıllı və təmkinli olmasının yollarını axtarmalıyıq.
Nino narazı halda dilləndi:
– Axı niyə mən qəhrəmana ərə getmişəm! Mən şüarları, nitqləri sevmirəm. Əgər bu işlər belə davam edərsə, İrandakı sənin əminin yanına qaçacağam.
– Belə davam edə bilməz, – deyib evi tərk etdim.
İslam xeyriyyə cəmiyyətinin binasında bir toplantı vardı. Bir neçə ay bundan qabaq atamın evində xalqımızın aqibətinə böyük qayğı göstərən alicənab adamlar orada deyildilər. Binanın salonuna qolu qüvvətli cavanlar doluşmuşdular. Qapıda İlyas bəyə rast gəldim. İlyas bəy Məmməd Heydərlə birlikdə cəbhədən qayıtmışdılar. Çarın öz taxtını tərk etməsini eşidib şəhərə gəlmişdilər. Müharibədə gördüklərini qiyamətə qədər ürəklərində daşıyacaq adamlara bənzəyirdilər.
– Əli xan – deyə İlyas bəy mənə müraciət etdi – biz hərəkət etməliyik. Düşmən şəhərin qapısında dayanıb
– Bəli, biz özümüzü müdafiə etməliyik.
– Yox, bizim hücuma keçməyimiz lazımdır.
İlyas bəy bu sözləri deyib xitabət kürsüsünə qalxdı və amiranə bir səslə danışmağa başladı: “Hörmətli müsəlmanlar! Mən bir daha şəhərimizin vəziyyətini sizə izah etmək istəyirəm.
İnqilab başlanandan bəri cəbhə dağılır. Rus ordusundan qaçmış əlləri silahlı fərarilər soyğunçuluğa hazır vəziyyətdə Bakının ətrafında dayanıblar. Şəhərdə yalnız bir müsəlman hərbi hissəsi vardır. Bu hissə də “Vəhşi diviziya” nın könüllülərindən ibarətdir. Biz həm sayca və həm də hərbi sursat baxımından rus ordusundan zəifik. Şəhərimizdəki ikinci hərbi hissə isə “Daşnaksütyun” adlı erməni millətçi partiyasının hərbi dəstələridir. Bu partiyanın liderləri olan Stepan Lalayev və Andronik Ozanyan bizimlə təmas yaratmışlar. Onlar qarabağı və Ermənistanı müdafiə etmək üçün şəhərin erməni sakinlərindən ibarət ordu düzəldirdilər. Biz bu ordunun yaradılması, eləcə də onun ermənistan tərəfə yürüş etməsi barəsindəki planı təsvib etmişik. Bu səbəbdən də ermənilər bizimlə birləşib ruslara ultimatum verməyə razıdırlar. Biz tələb edirik ki, rus əsgərləri və qaçqınları bir də bizim şəhərimizdən keçməsinlər. Ruslar bizim tələbimizi rədd etsələr, biz ermənilərlə ittifaqda öz tələblərimizi hərbi yolla yerinə yetirmək iqtidarındayıq. Müsəlmanlar, “Vəhşi diviziya” ya yazılın və silaha sarılın. Düşmən qapı ağzındadır”.
Mən qulaq asırdım. Bu nitqdən müharibə və qan iyi gəlirdi. Artıq neçə gün idi ki, kazarmanın həyətində pulemyotdan necə istifadə etməyi öyrənirdim. İndi bu yeni bilgini lazımlı yerdə tətbiq etmək olardı. Məmməd Heydər yanımda dayanıb patrondaşları ilə oynayırdı, əyilib onun qulağına dedim: “Toplantıdan sonra İlyas bəylə bizə gəlin. Seyid Mustafa da bizdə olacaq. Biz vəziyyəti müzakirə etməliyik”.
Məmməd Heydər başı ilə “gələrik” işarətini edib getdi. Dostları çox keçmədən gəldilər. Onlar silahlı idilər. Həttə Seyid Mustafa belə yaşıl qurşağının altına bir xəncər taxmışdı. Nino bir evdar qadın kimi tələsik çay hazırladı. İçimizdə anlaşılmaz bir sakitlik var idi. Müharibə ərəfəsində şəhər sıxıntılı və yad
görünürdü. Hələ də küçələrdə insanlar gəzişirdilər, işə gedirdilər və bazarlarda alver edirdilər. Amma onların hərəkətlərində qeyri-real cəhətləri sezmək olurdu. Elə bil onlar həyatın gündəlik vərdişlərinin tezliklə mənasızlığa çevriləcəyini indidən başa düşürdülər.
– Evinizdə kifayət qədər silahınız varmı? – deyə İlyas bəy soruşdu.
– Beş tüfəng, səkkiz tapança, bir pulemyot və döyüş sursatımız var.
– Bundan başqa evinizdə qadınlarla uşaqların sığınacağı üçün zirzəminiz varmı?
Nino birdən başını qaldırdı və qətiyyətlə dedi:
– Mən zirzəmiyə getməyəcəyəm. Mən evimi müdafiə edəcəyəm. Onun səsi çox sərt və qəti idi.
Məmməd Heydər çox sakit tərzdə dedi:
– Nino, biz silah tətbiq edəcəyik, əgər yaralansaq, siz də yaralarımızı sarıyarsınız.
Nino başını aşağı əydi. Onun səsi tutulmuş görünürdü: “Aman Allah, şəhərimizin küçələri döyüş meydanına, teatrımızın binası da baş qərargaha çevriləcək. Bir azdan sonra isə, Nikolay küçəsinə getmək Çinə getməkdən də çətin olacaq. Müqəddəs Tamara litseyinə getmək üçün ya dünyagörüşünü dəyişmək və yaxud bir ordunu məğlub etmək lazım olacaqdır. Qubernator bağına qarnı üstə sürünə-sürünə getməyinizi və vaxtı ilə Əli xanla görüşdüyüm hovuzun yanında pulemyot qurulacağını xəyalımda canlandırdım. Biz çox qəribə bir şəhərdə yaşayırıq”.
Sonra İlyas bəy sözə başladı:
– Şəhərin içində döyüş olmayacağına əminəm. Ruslar bizim ultimatumu qəbul edəcəklər.
Məmməd Heydər acıqlı-acıqlı gülüb dedi:
– Sizə deməyi yaddan çıxartdım, buraya gələndə yolda Əsədullaha rast gəldim. O, dedi ki, ruslar ultimatumu rədd ediblər. Onlar tələb edirlər ki, biz silahlarımızı təslim edək. Mən silahımı onlara verməyəcəyəm.
İlyas bəy dedi:
– Bu bizim erməni müttəfiqlərimiz üçün müharibə deməkdir.
Nino susurdu, onun sifəti pəncərəyə tərəf çevrilmişdi. Seyid Mustafa əmmaməsini düzəldib dedi:
– Allah, Allah! Mən cəbhədə olmamışam. Əli xan qədər də ağıllı deyiləm. Lakin şəraiti yaxşı bilirəm. Müharibə zamanı müsəlmanlar kafirlərin sədaqətinə bel bağlayarsa, o müharibədən xeyir gəlməz. Əslində, başqasına bel bağlamağın özü pis şeydir. Şəriət belə buyurur, həyat da belədir. Erməni hərbi dəstələrinə kimlər rəhbərlik edir? Stepan Lalay! Onu tanıyırsınız. Mən heç cürə inana bilmirəm ki, ermənilər bizimlə birlikdə ruslara qarşı vuruşsunlar. Axı qarşımızdakı bu ruslar kimlərdir? Cır-Cındır içində olan bir sürü anarxistlər və quldur dəstələri. Onların başçılarının adı Stepan Şaumyandır. O da ermənidir. Erməni anarxistləri ilə erməni millətçiləri, müsəlman millətçiləri ilə erməni millətçilərindən tez birləşərlər. Hər şey Quranın həqiqəti kimi aydındır.
Seyid – deyə Nino sözə başladı. Burada bir məntiq də vardır. Əgər Ruslar qalib gələrsə, hər halda Stepan Lalay ilə Andranikə yaxşı münasibət bəsləməyəcəklər.
Məmməd Heydər birdən-birə qaqqıltı ilə gülüb dedi:
– Dostlar, məni bağışlayın, üzr istəyirəm düşünürəm ki, əgər biz müharibədə qalib gəlsək ermənilərin vəziyyəti necə olacaq? Əgər türklər Ermənistana girsələr, biz onların ölkəsini müdafiə etməyəcəyik.
– İlyas bəy bərk hirslənərək dedi:
– Belə sözlər danışmayın, hətta ağlınıza belə gətirməyin. Erməni məsələsi çox asan və sadə yolla həll ediləcək. Lalayın rəhbərlik etdiyi batalyonların döyüşçüləri Ermənistana gedəcək. Döyüşçülərlə birlikdə onların ailələri də çıxıb gedəcəklər. Beləliklə, bir ilin ərzində Bakıda erməni qalmayacaq. Onlar öz ölkələrinin sahibi olacaqlar, biz də öz ölkəmizin sahibi olacağıq. Ondan sonra da biz sadəcə iki qonşu xalq olaraq ömür sürəcəyik.
Mən söz alaraq dedim:
– İlyas bəy, Seyid Mustafa heç də haqsız deyil. Bir siyasətçi olmalıdır, Əli xan. yəni elə bir adam olmalıdır ki, xalqını qırğından xilas etmək naminə öz qəlbindəki şəxsi intiqam hissini boğsun. Əgər onun ağlı başındadırsa, özünün və xalqının mənafeyi üçün bizim tərəfimizdə olardı.
Biz qaranlıq düşənə qədər öz aramızda mübahisə etdik. Sonra Nino sözə başladı:
– İstər siyasətçi və istərsə də sadə bir insan olun, lakin bir şey istəyirəm ki, bir həftədən sonra inşallah sağ-salamat buraya qayıdasınız.
Əgər şəhərdə müharibə başlayarsa...
Nino sözünü axıra çatdıra bilmədi, susdu.
Gecə o mənim yanıma uzandı, amma yuxulaya bilmədi. Ağzı azacıq açıq, dodaqları nəm idi. Nino gözlərini pəncərəyə zilləyib susurdu. Mən onu qucaqladım. O, üzünü mənə tərəf çevirib soruşdu: “Əli xan, sən də döyüşə qatılacaqsanmı?”
Əlbəttə, Nino.
O da: “Əlbəttə vuruşacaqsan” – deyə təkrar etdi.
Birdən o başımı əlləri arasına alıb, köksünə sıxdı, gözlərini geniş açaraq, dinməzcə məni öpdü. Onu çılğın bir ehtiras bürümüşdü. Məni şəhvətlə və qorxu içərisində özünə ərəf çəkdi. Onun simasında elə bil bambaşqa bir dünyanın ifadəsi var idi. Birdən başımı gözlərinə yaxınlaşdırıb xəfif səslə dilləndi.
– Oğlumuza “Əli adı verəcəyəm” deyib yenə susdu. Sonra tərləmiş gözləri pəncərəyə tərəf zilləndi. Qədim minarənin narın və zərif quruluşu ayın solğun işığına qərq olmuşdu. Qədim qala divarları isə arxasına qaranlıq və qorxunc bir kölgə salmışdı. Uzaqlardan dəmirin dəmirə sürtülməsindən çıxan bir səs eşidildi.
Kimsə xəncərini itiləyirdi və elə bil o gələcəkdən xəbər verirdi. Bu vaxt telefon zəng çaldı.
Yerimdən durdum və qaranlıqda yavaş-yavaş yeriyib telefonun dəstəyini götürdüm. Dəstəkdən İlyas bəyin səsi gəldi:
– Ermənilər ruslarla birləşdilər. Onlar bütün müsəlmanların sabah saat üçə qədər tərksilah edilməsini tələb edirlər. Təbii ki, biz bunu rədd edirik. Sən pulemyotu götürüb qala divarlarındakı Sisianaşvili darvazasının solunda mövqe tutarsan. Sənin öhdənə otuz nəfər göndərəcəyəm. Darvazanı müdafiə etmək üçün bütün hazırlıqları edərsən.
Telefonun dəstəyini yerinə qoydum. Nino çarpayıda oturub, gözlərini mənə zilləmişdi. Mən xəncəri götürüb tiyəsini yoxladım.
– Nə olub, Əli xan?
– Düşmən qalanın ağzında durub, Nino.
Paltarımı geyinib xidmətçiləri səslədim. Onlar gəldilər. Onların hamısı enli kürəkli, güclü və hündürboylu idilər. Hərəsinə bir tüfəng verdim, sonra aşağı enib atamın otağına getdim. O, güzgünün qabağında dayanmışdı, xidmətçilərdən biri də onun çərkəz pencəyini şotka ilə təmizləyirdi.
– Harada mövqe tutacaqsan, Əli xan?
– Sisianaşvili darvazasında.
– Lap yaxşı. Mən İslam xeyriyyə cəmiyyətinin salonunda, qərargahda olacağam.
Onun qılıncı şaqqıldadı və bığlarını sığallayıb sözünə davam etdi: – Mətin ol, Əli xan. düşmənlər qala divarlarını aşmamalıdırlar. Onlar darvaza qabağındakı meydanı tutsalar, pulemyotla onlara atəş açıb qabaqlarını al. Əsədullah ətraf kəndlərdən kəndliləri toplamağa getdi. Kəndlilər də düşmənə Nikolay küçəsindəki arxadan hücuma keçəcəklər.
O, tapançasını cibinə qoydu və yorğun halda mənə baxıb dedi:
– İrana axırıncı gəmi saat səkkizdə gedir. Nino mütləq o gəmi ilə getməlidir. Çünki ruslar qalib gəlsələr, bütün qadınların namusunu ləkələyəcəklər.
Mən otağıma getdim. Nino telefonla danışırdı.
– Yox, ana, mən burda qalıram. Yox, yox, burada heç bir təhlükə yoxdur. Sağ ol, ata, narahat olma, bizim kifayət qədər ərzağımız var. təşəkkür edirəm. Amma çox xahiş edirəm ki, özünüzü üzməyin. Yox, gəlməyəcəyəm, yenə də təkrar edirəm, gəlmək istəmirəm – deyib telefonun dəstəyini yerinə qoydu.
Mən bu söhbətə qulaq asırdım. Nino son sözləri hıçqıra-hıçqıra dedi:
– Nino, sən haqlısan, – dedim – çünki atangildə də əmin-amanlıq olmayacaqdır. Son gəmi İrana saat səkkizdə gedir. Əşyalarını yığ.
Onun sifəti qıpqırmızı oldu.
– Sən məni buradan qovursan, Əli xan?
Mən Ninonu indiyədək belə qəzəbli görməmişdim.
– Nino, sən Tehranda əmin-amanlıqda yaşayacaqsan. Düşmən qalib gəlsə, onlar bütün qadınların namusunu ləkələyəcəklər.
Nino başını qaldırıb qətiyyətlə dedi:
– Mənim namusuma heç kim toxuna bilməz! Arxayın ol, Əli.
– Hələ nə qədər vaxt var, İrana get, Nino.
Nino ciddi tərzdə dedi:
– Bəsdir, Əli xan. mən düşməndən, müharibələrdən və bizi gözləyən bütün dəhşətli şeylərdən qorxuram. Buna baxmayaraq mən burada qalıram. Düzdür, sənə köməyim dəyməyəcək, amma mən səninəm. Mən burada qalmalıyam, vəssalam.
Elə də oldu. Ninonun gözlərindən öpdüm. Fəxr edirdim ki, belə arvadım var. Hərdən mənə söz qaytarsa da, Nino yaxşı bir həyat yoldaşı idi.
Mən evdən çıxdım. Səhər açılırdı. Havada toz qoxusu vardı. Qala divarının üstünə çıxdım. Xidmətçilərim əllərində tüfəngləri hazır vəziyyətdə dayanmışdılar.
İlyas bəyin göndərdyi otuz nəfər adam da bomboş qalmış Duma meydanının gözətçiliyini edirdilər. Qapqara bığları, qarabəniz olan bu adamlar səssiz və əsəbi halda idilər. Kiçik lüləli pulemyot bir rusun fındıq burnunu andırırdı. Ətraf sükut içində idi. Qərargahla əlaqə saxlayan adamlar səssizcə qala divarının üstündə ora-bura gedib qısa xəbərlər gətirirdilər. Ruhanilərlə ağsaqqallar son anda barış möcüzəsinə nail olmağa çalışırdılar.
Gün çıxdı. Çevrilib qarşı tərəfdəki evimə baxdım. Nino damda oturmuşdu.
Günorta Nino yanımıza gəldi, o bizə yemək-içmək gətirmişdi. Ürkmüş halda gözlərini pulemyota zillədi... mən onu zorla evə göndərənə kimi səssiz-səmirsiz kölgədə durub ətrafa baxırdı. Saat bir idi. Seyid Mustafa minarəyə çıxıb kədərli və ciddi bir səslə əzan verdi. Sonra yanımıza gəldi. O, tüfəngi arxasınca sürüyürdü. Onun qurşağında Quran vardı.
Mən qala divarının bayırında Duma meydanından irəli baxdım. Yalnız qorxudan tələsən bir neçə kişini qaçan gördüm. Çadralı bir qadın deyinə-deyinə meydanda oynayan uşaqlarının dalınca qaçırdı.
Bir, iki, üç. Bələdiyyə binasındakı saatın səsi sükutu pozdu. Bu səs sanki bambaşqa bir dünyanın qapılarını açırmış kimi şəhərin ətraf məhəllələrindən ilk silah səsləri idi.