Məzmuna keç

Əli və Nino/XXVI

Vikimənbə saytından
XXV Əli və Nino XXVI
Müəllif: Qurban Səid
XXVII
Mənbə: Əli və Nino. Qurban Səid

Mən Nino ilə divanda oturub nərd oynayırdıq. Nərdtaxta sədəflə işlənmişdi, onun daşları isə fil sümüyündən qayırılmışdı. Bu İran oyununu oynamağı Ninoya mən öyrətmişdim. Elə o zamandan bəri biz tümənə, öpüşə və gələcək uşaqlarımızın adlarına durmadan zər atırdıq. Nino uduzurdu, borcunu verirdi və yenidən zər atırdı. Onun gözləri həyəúandan parıldayırdı, Nino barmaqları ilə fil sümüyündən düzəldilmiş daşları elə götürürdü ki, elə bil onlar qiymətli inci idi.
Nino bir az əvvəl uduzduğu səkkiz tüməni mənim qabağıma çəkdi:
“Əli xan, sən məni məhv edəcəksən” – dedi.
Sonra Nino nərdtaxtanı bağladı və başını mənim dizimin üstünə qoyub, düşüncəli halda gözlərini tavana zillədi və xəyala daldı. Bu gün, çox gözəl gün idi, çünki Nino intiqamını aldığı üçün özünü xoşbəxt hiss edirdi. Əhvalat isə belə olmuşdu:
Səhər tezdən evimizi ah-nalə və hönkürtü səsləri bürüməyə başladı. Ninonun düşməni olan Yəhya Qulu yanağı şişmiş və üz-gözü büzüşmüş halda içəri girdi. O, intihar etmək istəyən bir adam kimi: “Dişim ağrıyır” dedi. Ninonun gözlərində bir zəfər parıltısı yanıb söndü. O, xidmətçini pəncərənin qabağına apardı, onun ağzını açıb baxdı və qaşqabağını tökdü. Sonra təşvişlə başını yırğaladı. Möhkəm bir sap götürüb Yəhya Qulunun içi çürümüş dişinə bağladı. Sapın o biri ucunu isə açıq qapının dəstəyinə bağladı. Sonra “hazır ol” deyib qapıya tərəf qaçdı və qapını var
gücü ilə bağladı. Dəhşətli bir qışqırıq çıxdı və xidmətçi yerə sərilib, qapının incə dəstəyindən asılmış dişinə baxa-baxa qaldı.
- Əli xan, ona de ki, adam dişlərini sağ əlinin şəhadət barmağı ilə yuyanda, nəticə belə olur.
Mən Ninonun dediklərini kəlmə-kəlmə tərcümə etdim. Yəhya Qulu heç bir şey demədən əyilib çıxan dişini yerdən götürdü. Lakin Ninonun intiqam hissi hələ də soyumamışdı.
- Əli xan, ona de ki, o hələ sağalmayıb. Qoy gedib yorğan döşəyə girsin və yanağına isti dəsmal qoysun. İsti dəsmal onun yanağında altı saat qalmalıdır. Bundan başqa da o bir həftə şirin şey yeməməlidir.
Yəhya Qulu rahatlansa da, əsəbləri pozulmuş halda otaqdan çıxdı.
Nino, etdiklərindən utanmalısan. Yazığın sevincini də əlindən aldın.
Nino daş ürəkliliklə:
- O öz payını aldı deyib yenə də nərd-taxtanı gətirdi. Oyunu uduzdu, sonra ədalət bir daha öz yerini tapdı.
Sonra Nino mənə baxdı, çənəmi barmaqları ilə sığallayıb soruşdu.
- Əli xan, Bakı nə vaxt hürriyyətinə qovuşacaq?
- Yəqin ki, iki həftənin ərzində.
Nino ah çəkib dedi:
Deməli on dörd gün qalıb. Biləsən ki, Bakı üçün nə qədər darıxmışam və türklərin də şəhərimizə yürüşünü gözləməkdən səbrim tükənib. Sən burada özünü rahat hiss etdiyin halda, mənim şərəfim hər gün alçaldılır.
- Bu nə deməkdir belə?
- Burada hamı mənimlə qiymətli və kövrək bir əşya parçası kimi rəftar edir. Nə qədər qiymətli olduğumu dəqiq deyə bilmərəm, amma mən nə tez sınanam və nə də əşya parçasıyam. Dağıstanı xatırlayırsanmı? Orada həyat tamamilə bambaşqa idi. Yox, bura mənim heç xoşuma gəlmədi. Əgər Bakı tezliklə azad edilməsə, biz gərəê başqa yerə köçüb gedək. Bu ölkənin fəxr etdiyi şairlərə dair heç bir şey bilmirəm, amma bilirəm ki, Aşura günündə insanlar sinələrini dırnaqları ilə cırmaqlayır, başlarını xəncərlə yarırlar və kürəklərinə zəncir vururlar. Bunları görmək istəməyən bir çox avropalılar bu gün şəhəri tərk edirlər. Mən bütün bunlara nifrət edirəm. Mən özümü hər an mənə hücum edə biləcək bir özbaşınalığın qurbanı kimi hiss edirəm.
- Nino zərif sifətini mənə tərəf çevirdi. Onun gözləri əvvəlki vaxtlarındakından daha dərin və anlaşılmaz idi. Göz bəbəkləri böyümüşdü. Onun hamiləliyini yalnız gözlərindən bilmək olurdu.
- Qorxursan, Nino?
- Nədən qorxmalıyam? - Onun səsi həqiqətən təəúcüblü səslənirdi.
- Bəzi qadınlar bundan qorxurlar.
Nino ciddiyətlə:
- Yox mən qorxmuram – dedi.
- Mən siçovullardan, timsahlardan, imtahanlardan və hərəm xidmətçilərindən qorxuram. Lakin sən dediyin şeydən qorxmuram. Ondan qorxmaqdansa qışın soyuğundan qorxmağım daha yaxşıdır.
Mən onun gözlərindən öpdüm. O, ayağa durdu və saçlarını darayıb dedi:
- Mən valideynlərimi ziyarət edəcəyəm, Əli xan.
Kipianigilin yaşadığı villada hərəmxana qanunlarının olmadığını bildiyim üçün, razılıq verdim. Knyaz bu gün gürcü dostları ilə Avropalı diplomatları qəbul edirdi. Nino orada çay içib, ingilis şirniyyatı yeyəúəê və Hollandiya konsulu ilə Rembrandt və Şərq qadınları barədə söhbət edəcək. Nino getdi, şüşələri cilalanmış karetanın həyətdən çıxdığını gördüm.
Mən evdə tək qalıb, rəngbərəng xəritədəki balaca yaşıl bayraqları və məni vətənimdən ayıran bir neçə sərhəd məntəqələri barədə düşünməyə başladım.
Divanın üstündəki yumşaq yastıqlardan Ninonun ətrinin iyi gəlirdi. Uzanıb təsbehimi çevirməyə başladım. Divanda sol ayağı ilə qılınc tutan İranın gümüş Aslanı parlayırdı. Mən başımı qaldırıb ona baxdım. Birdən məni böyük bir halsızlıq və ümidsizlik hissi bürüdü. Xalqın Gəncə çöllərində qan axıtdığı bir zamanda mənim burada gümüş Aslanın kölgəsində oturub, keyf çəkməyimdən xəcil olurdum. Mən özüm də burada qiymətli və qayğı ilə qorunan zərif bir əşya idim.
Bir Şirvanşirin aqibəti bir zaman dəbdəbəli saray rütbəsi almaq, ən incə hisslərini klassikcəsinə məclislərdə ifadə etmək idi.
Divardakı gümüş Aslan mənə dişlərini ağardırdı. Araz çayı üzərindəki sərhəd körpüsü bağlanmış idi. İran torpağından Ninonun ruhuna yollar da mövcud deyildi.
Mən əsəbi halda təsbehi çevirməyə başladım. Bu anda təsbehin sapı qırıldı və kəhrəba muncuqlar yerə səpələndi.
Uzaqdan şeypur səsi gəlirdi. Bu səs, gözəgörünməzin xəbərdarlığı qədər qorxunc və cazibədar idi. Pəncərəyə yaxınlaşdım. Günəşin son şüaları altında tozlu yolların donuq bir parıltısı var idi. Günəş düz Şəmiran sarayının təpəsində dayanmışdı. Təbilin səsi yavaş-yavaş yaxınlaşırdı. Onun səsini yüzlərlə, minlərlə adamların təkrar etdiyi “Şaxsey... Vaxsey. Şah Hüseyn... Vay Hüseyn” sözləri müşayiət edirdi.
Döngəni dönəndə qarşımdakı yolda bir izdiham göründü. Qızılla işlənmiş üç nəhəng bayraq, qüvvətli əllərdə daşınaraq izdihamın başı üzərində dalğalanırdı. Bayraqların birinin üzərində böyük qızıl hərflərlə Allahın yer üzündəki istəkli bəndəsi Əlinin adı yazılmışdı. İkinci bayrağın qara məxmər parçası üzərində sol əlin şəkli çəkilmişdi.
Bu, Peyğəmbərin qızı Həzrəti Fatimənin əli idi. Üçüncü bayraqda isə böyük hərflərlə yalnız bir söz yazılmışdı: “Hüseyn”, Peyğəmbərin nəvəsi, varisi, şəhid Hüseyn.
İzdiham ağır addımlarla küçədən keçirdi. İzdihamın qabağında qara matəm libası geymiş, kürəkləri çılpaq və əllərində ağır zəncirlər tutmuş, günahlarını tövbə edən dindarlar gedirdilər. Təbilin ahənginə uyğun olaraq onlar əllərini qaldırır və zəncirlər onların qanayan çiyinlərini zolaq-zolaq edirdi. Onların dalınca bir yarım dairə şəklində iki addım irəli bir addım geri atan enli kürəkli kişilər gedirdilər. Onların yol boyunca boğuq səslə “Şaxsey... Vaxsey” çığırtıları küçəni bürümüşdü və hər çığırtı səsi gələndə onlar yumruqları ilə bərkdən çılpaq tüklü sinələrinə vururdular. Onların ardınca bellərinə yaşıl qurşaq bağlamış və Peyğəmbər nəslindən olan seyidlər gedirdilər. Dallarınca ağ kəfənə bürünmüş, başları qırxılmış və əllərində uzun xəncərlər tutmuş Məhərrəm şəhidləri gəlirdi. Onların siması qəzəbli idi, elə bil onlar başqa bir dünyaya qərq olmuşdular. “Şaxsey... Vaxsey...” Xəncərlər göyə qaldırılıb, qırxılmış kəllələrə endirilirdi. Şəhidlərin bürünmüş kəfənləri qan içində idi. Şəhidlərin birinin başı gicəllənib yerə yıxıldı. Onun yanında gedən dostları dodaqlarında ilahi bir təbəssüm olan adamı izdihamın içindən çıxartdılar.
Mən pəncərənin qabağında durmuşdum. Birdən birə, indiyədəê mənə məlum olmayan bir hiss məni caynağına aldı. Bu hiss mənim ruhumda xəbərdarlıq kimi səslənirdi və fədakarlıq arzusu içimi doldururdu. Mən küçədəki tozların üstünə tökülmüş qan damlalarını gördüm. Şeypurun cazibədar səsi isə insanları qurtuluşa çağırış kimi səsləyirdi. O an gəlmişdi: Gözügörünməzin sirri, xilasa aparan kədərin darvazası bu idi. Mən dodaqlarımı sıxdım. Hüseynin bayrağını daşıyanlar qabağımdan keçdilər. O biri bayraqda Həçrəti Fatimənin əlinin şəklini gördüm və bütün aşkar olan şeylər gözlərimin qabağından çəkildi.
Təbilin sönük səsini yenə eşitdim və bu səs içimdə vəhşi bir qışqırığa çevrildi. Mən də bir an içərisində izdihamın bir hissəsinə çevrildim. Mən enli kürəkli adamlarla eyni qaydada irəliləməyə başladım və mənim iri yumruqlarım çılpaq sinəmə zərbə endirirdi. Bir az sonra yarı qaranlıq olan bir məscidin sərinliyini hiss etdim və İmamın nalə çalan əzanını eşitdim.
Biri mənə qalın bir zəncir verdi və mən kürəyimdə giziltili bir ağrı hiss etdim. Bir neçə saat keçdi. Qabağımda geniş bir meydan vardı. İndi ağzımdan vəhşi və sevinc dolu haray çıxdı: “Şaxsey... Vaxsey...”.
Üzü əzilmiş bir dərviş gəlib durdu qarşımda. Bürüşmüş dərisinin altından onun qabırğaları görünürdü. İzdihamda iştirak edən minlərcə adamların gözlərində bir inadçılıq ifadə olunurdu.
Meydanın qarşı tərəfində, şəhid Hüseynin atını təmsil edən, yəhəri qana bulaşmış bir at hərəkət edirdi. Üzü əzilib əldən düşmüş dərviş var gücü ilə qışqırırdı. O, mis fincanını qırağa tulladı və özünü atın ayaqları altına atdı. Başım gicəlləndi. Çılpaq sinəmə iri yumruqlar zərbə endirirdi. “Şaxsey... Vaxsey...” – deyə bağırırdılar. Ağ libası qana batmış bir cavanı yanımdan sürüyüb apardılar. Uzaqlardan saysız-hesabsız məşəllər görünürdü. Mən bir məscidin həyətində oturmuşdum. Ətrafımdakı adamların başlarında hündür fəslər vardı. Onların gözlərindən yaş
axırdı. Onlardan biri şəhid Hüseyn barədə mərsiyə oxumağa başladı. Lakin qəhər onu boğduğu üçün mərsiyəni axıra qədər oxuya bilmədi. Ayağa durdum. İzdiham sel kimi geriyə axmağa başladı. Gecə sərin idi. Biz hökumət binasının qabağından keçdik. Dirəklərdə qara bayraqlar dalğalanırdı. Sonu görünməyən məşəl izdihamı ulduzların əês olunduğu çayı xatırladırdı. Evlərin damları adamlarda dolu idi. Çadralı adamlar tinlərdən baxırdılar. Konsulluğun qapılarında tüfənglərinə süngü keçirmiş əsgərlər hazır vəziyyətdə dayanmışdılar.
Top meydanında ibadət edən izdihamın yanından dəvə karvanı keçdi. Ağlayanların fəryad səsləri ucaldı, qadınlar yerə sərildilər və onların ayaqları solğun ay işığında açıq görünürdü. Dəvələrin belində qurulmuş taxt-rəvanda şəhid Hüseynin ailəsi oturmuşdu.
Onların ardınca üzünə niqab taxmış, şəhid Hüseynin qatili olan zalım Xəlifə Yezid qara atda gedirdi. Meydandan atılan daşlar xəlifənin niqabına dəyirdi. Yezid atını bərk sürməyə başladı və tələsik qaçıb Nəsrəddin şahın sərgi salonunun həyətində gizləndi. Ertəsi gün orada Hüseyn barədə şəbeh olmalı idi.
Şah sarayının Almas verandasına gəldik... Orada da qara bayraqlar asılmışdı. Sarayın keşiyində duran bahadurlar da matəm libası geyib, başlarını əymişdilər. Şah sarayında yox idi. O, Bağeşahdakı yay sarayında idi. İzdiham Əla-əd-Dövlə küçəsinə axışdı. Birdən-birə mən qaranlığa qərq olmuş Top meydanında tək qaldım. Paslanmış topların lülələri laqeydliklə mənə baxırdılar. Bədənim min qırmanc zərbəsi yemiş adamın bədəni kimi ağrıdan gizildəyirdi. Əlimi belimə vurdum və belimdə laxtalanmış qan izinin olduğunu hiss etdim.
Başım gicəllənirdi. Bir az özümə gələn kimi meydanı keçib bir boş faytona yaxınlaşdım. Faytonçu vəziyyətimi görüb qayğıkeşliklə mənə dedi: “Bir az göyərçin nəcisi tap, onu bitki yağı ilə qarışdır və yaralarına sürt. Çox kömək edir”.
Yorğun halda faytona minib oturacağının arxasına yayıldım.
- Şəmirana, Şirvanşirlərin evinə sür! – dedim.
Faytonçu qırmancı qaldırdı. O, faytonu əyri-üyrü, bərbad yollarla sürdü və arabir arxasına dönüb mənə baxırdı. Sonra faytonçu heyrət dolu səslə dedi:
- Siz mömin adama oxşayırsınız. Sizdən çox xahiş edirəm gələn dəfə mənim üçün dua edin. Çünki mənim dua etməyə vaxtım yoxdur, işləməyim lazımdır. Adım Zöhrab Yusifdir.
Ninonun gözlərindən yaş sel kimi axırdı. O, divanda oturub əllərini qoynuna qoyaraq, sifətini gizlətmədən ağlayırdı. Onun alt dodağı aşağı düşmüş, ağzı isə açıq idi. Yanaqları ilə burnu arasında dərin qırışlar görünürdü. O, Hıçqırdıqca onun balaca bədəni titrəyirdi. Nino bir kəlmə belə söyləmirdi. Lakin onun kipriklərindən gələn parlaq yaş dənələri yanağına tökülüb sifətinə yayılırdı. Mən onun kədərinə şərik olmuş halda Ninonun qabağında dayanmışdım. O, tərpənmirdi, gözlərinin yaşını silmirdi, dodaqları isə payız yarpağı kimi əsirdi, Onun əllərini ovuclarımın içinıə aldım. Əlləri soyuq cansız və kiçilmiş idi. Onun yaşlı gözlərindən öpdüm və o, fikirli şəkildə mənə baxdı.
- Nino, - deyə qışqırdım. Nino sənə nə olub?
O, əlini ağzına apardı, sanki ağzını bağlamaq istəyirdi. Lakin əlini aşağı salanda, əlinin üstündə diş yerləri aşkar görünürdü.
- Əli xan, mən sənə nifrət edirəm.
Onun səsində dərin bir dəhşət hiss olunurdu.
- Nino, sən xəstələnmisən?
- Yox, mən sənə nifrət edirəm.
O, alt dodağını dişlərinin arasında sıxdı. Onun gözləri incimiş bir uşağın gözlərinə bənzəyirdi. Nino, tikə-tikə olmuş paltarıma, zolağ-zolağ olmuş qanlı çiyinlərimə vahimə ilə baxırdı.
- Nino, nə olub axı?
- Mən sənə nifrət edirəm.
O, divanın küncünə qısıldı, baldırlarını özünə doğru qatlayaraq çənəsini dizlərinə dayadı. Onun göz yaşları bir anlığa dayandı. O, qəmli gözlərilə bir yabançıya baxan kimi mənə baxdı. De görüm nə etmişəm, Nino?
O, ahəngsiz, xəyala dalmış tərzdə danışmağa başladı:
- Sən mənə ürəyini açıb göstərdin, Əli xan. Mən valideynlərimin evində idim. Biz çay içirdik, bir ara Hollandiya konsulu bizi Top meydanındakı evinə dəvət etdi. O, Şərqin barbar dini mərasimlərini bizə göstərmək istəyirdi. Biz pəncərənin qabağında dayanıb yanımızdan keçən təəssübkeşlərin dalğasını seyr etməyə başladıq. Mən şeypur səsini eşitdim və vəhşiləşmiş sifətləri gördüm. „rəyim bulandı. Konsul “işgəncə çılğınlığı” deyib pəncərəni bağladı, çünki bayırdan tər və çirk iyi gəlirdi. Biz birdən-birə vəhşi qışqırıqlar eşitdik. Tez eşiyə baxdıq və orada cır-cındır içində olan bir dərvişin özünü atın ayaqları altına atdığını gördük. Və sonra... Sonra konsul əlini uzadıb təəúcüblə dedi: “Bu, o...?” lakin o, cümləsini bitirmədi. Mən onun işarə etdiyi yerə baxdım. İzdihamın içində sinə döyən və zəncirlə kürəklərini zolağ-zolağ edən bir yerlini gördüm. O yerli sən idin, Əli xan! Mən fanatik bir barbarın arvadı olduğum üçün utanıb yerə girdim. Mən sənin bütün hərəkətlərini izləyirdim və konsulun acıyan baxışlarını hiss edirdim. Ondan sonra oturub çay içdik və yaxud yemək yedik – dəqiq yadımda qalmayıb. Mən güc-bəla ilə özümü orada saxladım, çünki bizi ayıran uçurum qəflətən gəlib gözlərimin qabağında durdu. Əli xan gənc Hüseyn bizim xoşbəxtliyimizi məhv etdi. Mən səni fanatik barbarların arasında görürəm və heç vaxt sənə başqa gözlə baxa bilməyəúəyəm.
O, susdu və kədərli tövrdə oturdu. Nino əzab çəkirdi, çünki mən öz vətənimi və dincliyimi gözəgörünməzdə tapmaq istəyirdim.
- İndi nə olacaq, Nino?
- Bilmirəm. Biz artıq xoşbəxt ola bilməyəúəyik. Mən buradan çıxıb uzaqlara getmək istəyirəm. Elə bir yerə getməliyəm ki, Top meydanındakı dəlini bir də görməyim və təkrarən sənin üzünü görməyim. Əli xan, burax məni çıxım gedim.
- Sən haraya gedəcəksən, Nino?
- Eh bilmirəm - dedi və onun barmaqları kürəyimdəki yaralara toxundu.
- Axı sən nə üçün belə elədin?
- Sənə görə, Nino, amma sən bunu başa düşməzsən.
- Yox, - deyə həyəúanlı şəkildə Nino cavab verdi – mən buradan o qədər yorulmuşam ki, çıxıb getmək istəyirəm. Bu çirkin Asiya mənə əzab verir.
- Məni sevirsənmi?
O, tərəddüdlə: “hə” deyə cavab verdi və əllərini dizlərinin üstünə qoydu. Mən onu qucağıma alıb yataq otağına apardım. Onu soyundurub yerinə qoydum, O, dərin bir qorxu içində qarmaqarışıq şeylər söyləyirdi.
- Nino, - dedim, bir-iki həftə döz, ondan sonra Bakıya evimizə gedəcəyik. O, yorğun halda başını tərpətdi və gözlərini yumdu.
Yuxuya dalarkən əlimi götürüb sinəsinə basdı. Uzun zaman onun yanında oturub ovucumun içiylə onun qəlbinin döyüntüsünü dinlədim. Sonra mən də soyunub onun yanına uzandım. Onun bədəni isti idi. O, uşaq kimi sol böyrü üstündə, dizlərini büküb, başını yorğanın altına salıb yatmışdı.
Ertəsi gün Nino səhər erkəndən durdu. Üstümdən hoppanıb, hamamxanaya doğru getdi. Orada suyu şıppıldada-şıppıldada yuyunurdu, lakin mənim oraya girməyimə izin vermədi... Oradan çıxandan sonra gözlərini mənim baxışlarımdan qaçırdırdı. Onun əlində məlhəmlə dolu bir qab var idi. O, təqsirini başa düşən adam kimi məlhəmi kürəyimdəki yaralara sürtdü. Sonra nəzakətlə dedi:
- Sən özünü yox, məni döyməli idin, Əli xan.
- Bacarmazdım, çünki bütün günü özüm-özümü döymüşdüm, artıq gücüm qalmamışdı.
O, məlhəm qabını kənara qoydu. Xidmətçi çay gətirdi. Nino təlaşla çayını içirdi və pərt halda bağçaya baxırdı. Sonra birdən-birə gözlərimin içinə baxıb dedi:
- Bunun mənası yoxdur, Əli xan. Mən sənə nifrət edirəm və İranda qaldığım müddətdə də nifrət edəcəyəm. Nə edim, mən bunu tərgidə bilmərəm. Biz ayağa durduq. Bağçaya keçib fəvvarənin yanında oturduq. Tovuz quşu yellənə-yellənə qabağımızdan keçdi. Sonra atamın kareti gurultu ilə həyətə girib, evin kişilərə aid olan tərəfinə yanaşdı. Nino başını yana əydi və ürkəkcəsinə dedi:
- Mən, nifrət etdiyim bir adamla da nərd oynaya bilərəm.
„edib nərdtaxtanı gətirdim və biz pərt və çaşqın halda nərd oynamağa başladıq. Sonra hovuza əyilib, hovuzdakı suda əêsimizə tamaşa etdik. Nino əlini suya saldı və əêsimiz balaca dalğalarda pozulub getdi.
- Kədərlənmə, Əli xan. Mən sənə nifrət etmirəm. Mən bu yad ölkəyə və onun qəribə adamlarına nifrət edirəm. Elə ki, evimizə çatdıq, hər şey sürətlə keçib gedəcək.
O, sifətini suyun üstünə qoydu və bir müddət belə saxladıqdan sonra başını qaldırdı. Su damlaları onun yanağından və çənəsindən süzülürdü.
- Əli xan, əminəm ki, uşağımız oğlan olacaq, lakin o vaxta hələ yeddi ay qalıb – deyə Nino sözünü bitirdi. Onun üzündə qurur ifadəsi var idi. Mən onun üzünü sildim və soyuq yanaqlarını öpdüm. O da güldü.
İndi bizim taleyimiz Azərbaycanın qızmar günəş altında yanan düzənliyindən keçib, neft qüllələrinin əhatəsində və düşmənin işğalı altında və işgəncələrə məruz qalan Bakıya tərəf irəliləyən alaylardan asılı idi.
Uzaqlardan yenə müqəddəs şeypur səsi gəlirdi. Mən Ninonun əlini tutub, onu tez evin içinə apardım. Sonra qrammofonu gətirib Qunonun “Faust” operasından bir ariya çaldırdım. Bu, ən uca səsli val idi. Nino qorxu içində mənə sarılarkən, mefistofelin qödrətli bas səsi uzaqlardan gələn şeypurun sönük səsini və “Şaxsey-Vaxsey” səslərini batırırdı.