Məzmuna keç

Əlif-Lam (Aşıq Alı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əlif-Lam
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.221 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

“Əlif” həmdəmsə “lam” ilə,
Dürüstü min bir ad eylər.
“Be” billahın bir adıdı,
Sən yad eylə, o yad eylər.

“Pe” pənc əla, səda oldu,
“Te” tohiddi, əda oldu,
“Se” seyyidə nida oldu,
İkramın qəlbin şad eylər.

“Cim” cəmaldı Məhəmmədə,
“Ha” Heydərdi sirr Əhədə.
“Xe” Xaliq olsa kimsədə,
Viran qəlbi abad eylər.

“Dal” davərdi, haqq arayan,
“Zal” zalımdı, qaldı üryan.
“Re” rəbbidi, olmaz əyan,
Üç ad kəlmey-şədət eylər.

“Ze” zülcəlal, Əli mərddi,
“Sin” surədi, yüz on dörddü.
“Şin” şivən, şamu firqətdi,
“Ce” cəngdən cümlə dad eylər.

“Sad” səməddi, bi həmdullah,
“Zad” Zəburdu, nazil Allah.
“Ta” təvvabdı rəhmi güllah,
“Zat” zat əkrəm irad eylər.

“Eyn” etiqat qıl tamaşa,
“Ğeyn” qüsul, ayaq-başa.
“Fe” faiddi hər bir yaşa,
“Qaf” qadirdi, imdad eylər.

“Nun” nəqqaşdı, qüdrət onda,
“Kaf” kaf – peykər firudunda.
“Vav” vahidi sevər xuda,
“Cim” cahartəb murad eylər.

“Kaf” kafərdi Zülfüqarə,
“Zamla” ilə yeki ara.
“Mim” münkərdi, çəkər darə,
“Haqq” Alını azad eylər.