Məzmuna keç

Əlimə su tök

Vikimənbə saytından
Əlimə su tök
Müəllif: Şifahi xalq ədəbiyyatı

Biri var idi, biri yox idi, dövlətli bir tacirin gözəl bir qızı var idi. Bu qız nə qədər gözəl idisə, bir o qədər də ağıllı idi. Tacir çoxlu pul xərcləyib qızı oxutmuşdu. Qız həddi-büluğa çatandan sonra bunun gözəlliyi, ağıl-kamalı, şöhrəti yayıldı ətrafa. Yaxşı-yaxşı yerlərdən gündə qıza elçi gəlirdi. Amma qız heç kəsə getmirdi, gələn elçilərin hamısına deyirdi: – Kim məni almaq istəsə, gərək əvvəlcə mənim əlimə su tökə. hərgah dediklərimi eləməsə, ona getmərəm.

Buna görə də heç kəsə getmirdi. Bir gün şəhər padşahının oğlu bu qızın gözəlliyini eşidib, ona elçi göndərdi. Qız onun da elçilərinə hamıya dediyi sözləri dedi: – Gedin, padşahın oğluna deyin ki, mənim əhdim var. Qabaqca əlimə su tökməsə, ona getmərəm. Əgər şərtimi yerinə yetirsə, gedərəm. Bunu padşahın oğluna xəbər verdilər, Bu söz padşahın oğluna çox acıq gəldi. Öz-özünə fikirləşdi, dedi: – Necə yanı, mən padşah oğlu ola-ola gedim tacir qızının əlinə su töküm?.. Onun nə həddi var ki, mənə belə söz deyir. Oğlan düşdü lap acığa, toy elətdirdi. Gəldilər gəlini aparmağa. Qız yengəsiylə sifariş göndərdi: – Hərçənd ki, gücnən məni aldı, amma lap əlin qoysun ürəyinin başına, arxayın olsun. Əvvəlcə əlimə su tökməsə, məndən ona arvad olmayacaq. Padşahın oğlu hirslənib əmr etdi ki, bir quyu qazsınlar. Bir quyu qazdılar, üstünə bir az çör-çöp töküb, ağzını basdırdılar, getdilər gəlini gətirməyə. Gəlin qapıya çatanda padşahın oğlu camaatı mürəxxəs eləyib özü yapışdı qızın qolundan, apardı həyətə, qızı saxladı quyunun ağzında, dedi: – Hə necə oldu, gəldin, gəlmədin? Qız dedi: – Mən sözümü demişəm, əvvəlcə əlimə su tökməsən, məndən sənə arvad olmayacaq. Padşah oğlu hirslənib qızı itələdi saldı quyuya. Qız qaldı quyuda. Padşahın oğlu hər gün səhər qıza bir az çörək, bir bardaqda da su sallayıb deyirdi: – Hə, sözün nədir, gəlirsən, gəlmirsən? Qız cavabında elə bircə bu sözü deyirdi: – Mən demişəm, əvvəlcə əlimə su tökməsən, gəlməyəcəyəm. Məndən sənə arvad olmayacaq. Bu minvalnan bir neçə gün keçdi. Qız fikirləşdi, fikirləşdi axırda bir kələk qurdu. Bir gün padşahın oğlu genə səhər çörək, su gətirib soruşdu: – Mənə gəlirsən, yoxsa yox? Qız yenə həmişəki cavabını verdi, padşahın oğlu getmək istəyəndə qız ona dedi: – Ay insafsız, məni salmısan bura, özün gedib kef eləyirsən, gəzib dolanırsan, mən qurd kimi qalıram burda tək. Barı heç olmasa bir çəkic at bura, burda məşğuliyyət eləyim. Padşah oğlu götürüb bir külüng saldı quyuya. Qız yaman ağıllı idi, öz hesabını apardı, planını qurdu, başladı qazmağa. O, hər gün padşahın oğlu gələn vaxt quyunun dibində oturardı, suyun, çörəyin alıb, həmişəki cavabını verib, genə gedərdi qazmağa. Belə-belə düz bir ay qazdı, axırda lağım vurub gəldi çıxdı düz dədəsinin mətbəxinə. Axşamçağı tacirin arvadı mətbəxdə plov bişirirdi. Bir də baxdı ki, ayağının altı tappıldayır. Qorxu onu basdı ki, görəsən bu nə tappıltıdı. Bir də baxdı ki, yer sökülür. Arvad lap özün itirdi, elə bildi ki, cin çıxır. Bir də baxdı ki, öz qızı budu, salam əleyküm, çıxdı yerdən. Arvad gözlərinə inanmadı. Bir gözlərini dəsmalnan silib, baxdı gördü ki, yox, elə öz qızıdı ki, var, soruşdu: – Ay qız, bu nə işdi? Qız dedi: – Ana, hələ bir az çörək ver yeyim, lap acından ölürəm, sonra danışaram. Bəli, çörəyi yeyəndən sonra əhvalatı başdan-ayağa anasına danışdı. Anası heç qızından geri qalan deyildi. O da onun kimi əllamənin biri idi. Huşi-guşinən qızının sözünə qulaq asandan sonra dedi: – Qızım, fikrin çox yaxşı fikirdi, bu kişiləri elə gərək belə eləyəsən, yoxsa qədrini bilməzlər. Çox yaxşı fikir eləmisən, fikrindən əl çəkmə. Ancaq bir yerdə nahaq iş görmüsən ki, fikrini əvvəldən mənə deməmisən. Yoxsa indiyə kimi oğlanı elə bir hala salmışdım ki, ayağından öpmüşdü. Qərəz, ana-bala verdilər baş-başa. Anası ona dedi: – Bala çörəyini-zadını ye, gecəni burda yat, səhər tezdən dur getginən genə yerinə. Elə ki oğlan gəldi, bir təhərnən ondan soruş gör, sabah hara gəzməyə gedəcək. Bunu öyrənib, gəlib mənə de. Daha dalısıynan işin olmasın. Qız gecəni orda yatıb, səhər tezdən genə gəldi quyuya, oğlan genə həmişəki kimi bir bardaq su, bir az da çörək götürüb, gəldi quyunun ağzına. Genə qızdan soruşdu: – Nə deyirsən, hələ yorulmadın? Gəlirsən? Qız cavab verdi: – Mən demişəm, əlimə su tökməsən, gəlməyəcəyəm. Oğlan çörəyi, suyu sallayıb getmək istəyəndə, qız dedi: – Hara gedirsən? Oğlan cavab verdi: – Sənə nə var? Gəzməyə. Qız dedi: – Harda gəzirsən? Sən barı heç olmasa gəzdiyin yerləri denən, mən də burda onun fikriynən birtəhər dolanım. Yoxsa lap tək qalıram, bağrım çatlayır. Oğlan dedi: – İndi ki bağrın çatlayır, razı ol, quyudan çıxarım. Qız cavab verdi: – Yox, əlimə su tökməyincə, o barədə danışma. Oğlan gördü yox, razı olmur ki, olmur, axırda dedi: – Bu gün Ağ gülün bağına gəzməyə gedəcəyəm. Bunu deyib getdi. Qız tez lağımnan öz evlərinə gəlib, əhvalatı anasına danışdı ki, oğlan bu gün gedəcək Ağ gülün bağına gəzməyə. Arvad əmr verdi, qulluqçular gedib bazardan qırx dəst paltarlıq ağ ipək gətirdilər. Tez tikdilər, hazırladılar. Qızın da otuz doqquz yoldaşı var idi. Arvad çağırıb əhvalatı onlara dedi, hamısı qızın da, arvadın da fikrini bəyəndilər, razılıq verdilər. Bu yolda cannan-başnan kömək etməyə söz verdilər. Arvad səhər tezdən adam göndərib, Ağ gülün bağını rahatlamışdı. Bəli, qızlar hamısı səhər tezdən geyinib, qırxı da gəldilər Ağ gülün bağına. Padşahın oğlu da gəldi həmən bağa ki, bağ qızla doludu. Ordan-burdan, qapıdan-bacadan boylanıb gördü ki, ədə kasıb, evin yıxılsın, pulun yoxdu, xəbərin olsun, bağ doludu qıznan. Bağbana bir az pul verib girdi içəriyə, bir tərəfdə gizləndi. Oğlan özü heç qızın üzün görməmişdi, odu ki, burda qızı görəndə tanımadı. Baxdı ki, ədə, qırx dənə qızdı, amma içində biri var, elə gözəldi ki, tay nə bilim. Bir ürəkdən, min ürəyə vuruldu bu qıza. Qızlar da duymuşdular ki, padşahın oğlu gəlib, özü də gizlənib ağacların arasında. Ancaq anası tapşırmışdı ki, bu gün bir şey eləməsinlər, heç oğlana məhəl də qoymasınlar. Özlərini elə göstərsinlər ki, guya ki, heç onu görmür. Bəli, yedilər, içdilər, çaldılar, oynadılar, padşahın oğlu da ağzının suyu axa-axa axşamacan ağacın dalında durub, bunlara tamaşa elədi. Axşam qızlar durub getdilər. Gəlib oğlan gizləndiyi ağacın yanından keçəndə qız qəsdən oğlana eşitdirə-eşitdirə dedi: – Qızlar, sabah da gedərik Qırmızı gülün bağına. Qızlar getdi. Padşahın oğlu da lap hayıl-mayıl oldu. Fikrində qoydu ki, sabah hər nə təhər olsa gedəcəyəm Qırmızı gülün bağına. Qız gəlib əhvalatı anasına danışdı. Anası çoxdan qırmızı ipək paltarlar tikdirmişdi. Qızları mürəxxəs, eləyib tapşırdı ki, səhər tezdən gəlsinlər. Səhər tezdən qız genə gəldi quyuya. Oğlan suyunu, çörəyini gətirdi. Qız baxdı ki, oğlanın kefi bu gün xarabdı, heç də bundan soruşmur ki, gəlirsən, gəlmirsən. Yəqin elədi ki, bəli, kələk baş tutub, oğlan vurulub buna. Padşahın oğlu çörəyi, suyu sallayıb getmək istəyəndə qız ona dedi: – İnsafsız, məni salmısan burda quyuya, özün gedib bağda qızlarnan gəzirsən. Oğlan dedi: – Necə qız? Bağda qız nağayrır? Qız dedi: – Bah, guya ki, bilmirəm. Yatmışdım yuxuda gördüm ki, sən Ağ gülün bağında gəzirsən, yanında da qırx dənə qız var. Onların içində bir gözəl qız var, özün də ona bənd olmusan. Oğlan dedi: – Hə, ağlın olsun, razı olginən, sənnən gedək bağda gəzək. Qız dedi: – Yox, əlimə su tök, sonra. Yoxsa razı olmayacağam. Oğlan dedi: – Özün bil, olursan ol, olmursan heç olma. Oğlan getdi. Qız onun sözlərindən açıq gördü ki, yox, oğlan lap hayıl-mayıl olub. Tez gəlib əhvalatı anasına xəbər verdi. Anası onları geyindirdi, saldı yola. Özü də nə eləmək lazım olduğunu öyrətdi. Gəlib girdilər bağa. Bir az keçdi, padşahın oğlu özün yetirdi bağa, baxdı ki, qızlar burdadı. Tez bağbana bir az pul verib, girdi içəriyə, ağacların arasında gizlənib, başladı qıza tamaşa eləməyə. Qız deyəsən bu gün lap gözəlləşmişdi. Qız gördü ki, oğlan gəlir, anasının dediyini başladı eləməyə, çağırdı qızlara dedi: – Ay qızlar, əti gətirin mənə doğrayım, siz gedin pencər yığın. Bişirək, yeyək kef eləyək. Qızlar əti onun qabağına qoyub, özləri əkildilər. Qız gördü ki, ta heç kəs qalmayıb, birdən qəsdən əlini bıçaqnan kəsdi. Çığır-bağır saldı, dedi: – Ay qızlar, ay qızlar, tez olun, kim var burda, əlimi bıçaq kəsdi, qan məni aparır. Qızlar ta heç birisi cavab vermədilər, qaçıb gizlənib, özlərini eşitməməzliyə vurdular, guya ki, çox uzaqdaydılar. Padşahın oğlu ağacların arasında gizlənmişdi. Gördü ki, heç kəs gəlmir, sevdiyi qızın da əlini bıçaq kəsib qan tökülür... Ürəyi tab gətirməyib tez çıxdı. Dəsmalını cibindən çıxardıb, yüyürdü qızın yanına, dedi: – Xanım, qoy mən bağlayım. Qız dedi: – Sən kimsən, burda nə qayırırsan? Oğlan dedi: – Heç zad, xanım, mən belə... quş qovanam. Bəli, oğlan qızın əlini bağlamaq istədi. Qız dedi: – Orda lüləyin var, su tök əlimin qanını yuyum, sonra bağla. Bəli, oğlan su tökdü, qız da əlini ağır-ağır yuyub qurtardı. Sonra oğlan öz əl dəsmalını çıxardıb qızın əlini bağlayırdı ki, qızlar gəlib yığışdılar. Yedilər, içdilər, axşam durub getdilər. Gedəndə oğlana eşitdirdilər ki, sabah Sarı gülün bağına gedəcəklər. Qız gəldi evə, paltarın soyundu, çörək-zad yedi, əhvalatı anasına danışdı, dəsmalı da açıb verdi anasına, getdi genə quyuya. Səhər genə padşahın oğlu suynan çörəyi gətirdi verdi qıza. Qız qəsdən ona heç bir söz demədi. Sonra gəldi evə, durdular qızlarnan bir yerdə geyinib, getdilər Sarı gülün bağına. Padşahın oğlu genə həmişəki kimi gəldi bağa girdi, uzandı otların arasında, başladı bunlara tamaşa eləməyə. Qıza xəbər verdilər ki, oğlan gəlib. Qız anasının öyrətdiyi kimi, yoldaşlarını başından dağıtdı. Qaldı tək. Qəsdən arxın başına bir lüləyin qoymuşdu. Yoldaşları gedəndən bir az sonra, qız, əlini palçığa buladı, birdən başladı qışqırmağa. – Ay qızlar, tez olun, o lüləyini doldurun verin mənə. Əlim palçığa bulaşıb. Qızlardan səda çıxmırdı. Qız bicliynən başladı ora-buranı axtarmağa, guya ki, lüləyini tapa bilmir. Padşahın oğlu o yan-bu yana baxıb gördü ki, lüləyin arxın başındadı. Tez durub lüləyini doldurub, gəldi qızın yanına, dedi: – Xanım, ala, budu. Qız bir diqqətnən ona baxıb, ürəyində güldü, sonra dedi: – Tök, əlimi yuyum, yaxşı-yaxşı tök! Oğlan suyu tökdü, qız yudu, dedi: – Bax belə... Nə qəşəng su tökürsən. Di apar lüləyini qoy yerinə. Birdən qəsdən əlini torpağa buladı, dedi: – Bay, bay, əlimə torpaq sıçrayıb. A gədə, bir lüləyin gətir, əlim torpağa bulaşıb. Oğlan gedib lüləyini gətirdi, qızın əlinə su tökdü, qız da əlini üçüncü dəfə yudu, öz məqsədinə çatdı. Qızlar yığışdılar. Hamısı çıxıb getdi evə. Qız genə soyunub getdi quyuya, oğlan getdi buna çörək, su sallamağa. Qız dedi: – Hə, mənim əlimə su tökmürsən, amma gedib Sarı gülün bağında xalqın qızlarının əlinə üç dəfə su tökürsən. Oğlan dedi: – Sən hardan onu bilirsən? Qız dedi: – Sənin fikrinlə yatıram, ta heç şey bilmirəm? Oğlan dedi: – Mən heç kəsin əlinə su tökməmişəm. Qız bir ucadan güldü, sonra oğlanın dünən o gün əlinə bağladığı dəsmalı bağladı ipə, oğlan çəkdi yuxarı. Oğlan baxdı ki, öz dəsmalıdı. Lap qaldı məəttəl, soruşdu ki, dəsmal səndə hardandı. Qız dedi: – Get evə, sonra bilərsən. Gözlə məni, heç yerə getmə. Bunu deyib gəldi evə, sarı paltarını geyinib getdi padşahın evinə. Oğlan oturmuşdu evdə, bir də gördü ki, qapı açıldı, həmin o əlinə su tökdüyü qız girdi içəriyə. Qız əhvalatı oğlana danışdı. Oğlan baxdı ki, iş-işdən keçib, qızın əhdi yerinə gəlib... Təzədən qıza qırx gün, qırx gecə toy elədi. Onlar muradlarına çatdılar, siz də öz ürəyinizdə olan muradınıza çatın.