Məzmuna keç

Əmirtarix Kərimov - 70

Vikimənbə saytından
Əmirtarix Kərimov - 70 (2012)
Müəllif: Araz Yaquboğlu
Mənbə: "Bütöv Azərbaycan" qəzeti, 2012.

Son bir ayda havaların qarlı-şaxtalı keçməsi ilə əlaqədar olaraq Əmirtarix Kərimovun 70 illik yubileyi üç həftə sonra — martın 3-də "Monte Karlo" restoranında keçirildi. Məclisi giriş sözü ilə açan Zakir Kərimov qonaqları salamlayaraq ilk sözü yubilyarın işlədiyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Metalşunaslıq və Maşın Mехanikası" kafedrasının müdiri, professor Xəlil Səmidova verdi. Xəlil müəllim bir natiq kimi dolğun və o qədər şirin ləhcə ilə danışdı ki, məclis iştirakçıları feyzyab oldular. Xəlil müəllimlə bahəm kafedranın müəllimlərindən Yaşar Cəfərov, Fərman Həzrətov, Əvəzağa Cəfərov, Telman Aslanov və Sima xanım da öz təbriklərini çatdırdılar. Məclis iştirakçılarından Əmirtarix müəllimin qrup və otaq yoldaşları Savalan Kərimov, Əvəzağa Cəfərov və İsgəndər İsgəndərov da gözəl çıxışları, xatirələri ilə könülləri oxşadılar. Çıxışlar arası məclisə yubilyarın qardaşı nəvəsi Vurğun Kərimovun dəvəti ilə təşrif buyuran populyar qara zurna ifaçısı Əziz Göyçəlinin ifaları məclis əhlini şad-xürrəm etdi. Yubilyarın tələbələri və doğmaları olan Vaqif Hacıyevin, Sərdar və İnqilab Kərimovların, Nəcibə xanımın təbriklərindən sonra Zakir Kərimov yubilyarın yenicə çap olunan "Vətən həsrətində" adlı kitabı haqqında məlumat verməklə sözü kitabın redaktoru Araz Yaquboğluna — yəni, bu sətirlərin müəllifinə verdi. Mən çıxışıma "Hörmətli yubilyarımız Əmirtarix müəllim!" – müraciəti ilə başladım və dedim:
"Siz Kərimov Əmirtarix Hüseyn oğlu 1942-ci il fevral ayınının 8-də indi Qərbi Azərbaycan adlandırdığımız bölgədə — Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində Rəsullular nəslində doğulmusunuz.
1949-cu ildə doğma Daşkənd kənd orta məktəbinin I sinfinə getmisiniz. 1953-cü ilin iyun ayında mənfur erməni millətçilərinin təzyiqi və mənfur deportasiya siyasəti nəticəsində ailəniz ilə birlikdə məcburən doğma ata-baba yurdunuzdan Aran Qarabağın Bərdə rayonu ərazisinə köçürülmüsünüz. Orta təhsilinizi 1959-cu ildə Yeni Daşkənd kənd orta məktəbində bitirmisiniz.
1960-cı ildə Azərbaycan Politexnik İnstitutunun Mехanika fakültəsinə qəbul olmuş, 1965-ci ildə isə həmin fakültəni başa vuraraq təyinatla Bakı şəhərində Azərbaycan "Neft-Kimya Cihazları Konstruksiya Bürosu"nda mühəndis vəzifəsində çalışmısınız.
1966-cı ilin sentyabrından Bərdə şəhərində 4 saylı "Artezian Quyuları Qazma İdarəsi"ndə "İstehsalat Tеxniki Şöbə"nin rəisi, 1968-ci ilin sentyabrından Azərbaycan Politexnik İnstitutunun "Maşın Mехanizmlər Nəzəriyyəsi və Maşın hissələri" kafedrasında asisent işləmisiniz.
Siz 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun aspiranturasına daхil olmuş və Aspiranturanı bitirdikdən sonra, Leninqrad Politexnik İnstitutunun "Qaynaq İstehsalı və Avadanlıqları" kafedrasında namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almısınız.
Hörmətli yubilyarımız, Siz 1975-ci ilin oktyabrından hal-hazıra qədər Azərbaycan Memarlıq və İnşaat Universitetində "Metalşunaslıq və Maşın Mехanikası" kafedrasının dosentisiniz.
Eyni zamanda qayğıkeş ailə başçısı, iki oğul, bir qız atası və gözəl nəvələrin babasısınız.
Hörmətli yubilyarımız Əmirtarix müəllim!
Bilirik ki, elmi-pedaqoji fəaliyyətinizlə yanaşı "Əmir Göyçəli" təxəllüsü ilə şeirlər də yazırsınız.
Sizə Ulu Tanrıdan uzun ömür, cansağlığı diləyir, arzu edirik ki, 100 yaşınızı da qeyd etmək hamımızla birlikdə bizlərə qismət olsun."
40-a qədər elmi məqalənin, 10 metodik vəsaitin, 1 dərs vəsaitinin və 1 dərsliyin müəllifi Əmirtarix Kərimov "Vətən həsrətində" adlı bədii kitabında əsirlikdə olan Göyçə mahalının və onun 33 kəndinin keçmişindən tarixi mənbələrə əsaslanaraq məlumatlar, həmçinin mənsub olduğu Rəsullular nəslinin qısa soy-şəcərəsi, bacı və qardaşları haqqında bioqrafik oçerklər vermişdir. Özünün də qeyd etdiyi kimi ürəyinin səsini, harayını qəlbindən keçən sözləri şeir şəklində oxuculara çatdırmışdır.