Ənisül-qəlb
Ənisül-qəlb Müəllif: Məhəmməd Füzuli |
Mənim könlüm sədəfdir, sözlərimdir dürri-qəltani,
Dənizdir elmim-allah feyzidir neysan barani.
Təaləllah, nə incə incilərdir kim, bəzək vurmuş,
Qulaqla boynuna onlarla dəhrin əhli-ürfani.
Dilin guya bu dəryayə, bu dürcə bir yolu vardır
Ki, hər saət səxavətlə bəzər dürr ilə dünyani.
Əgər heyvan danışmazsa, ona insan deyən olmaz,
Könül hali dil ilə eyləyir təşxis insani.
Nədir illət ki, heç kəs öz dilinin qədrini bilməz,
Təbiidir ki, ləlin qədrini bilməz onun kani.
Sözün şəni o əndazə böyükdür ki, müəllimlər,
Sözün məhsulu bilmişlər duani, vəhyi, Qurani.
Sən ey söz dilbərinə ziynətü ziyvər verən insan,
Libasi-mərifətdən qılma gəl məhrum o canani.
Kifayətlənmə səslə, hərflə, mənada feyz axtar
Ki, Davudi nübüvvətdir, əziz etmiş, nə əlhani.
Rəva görmə canın çıxsın bədəndən kəsbi-ürfansız
Ki, ürfan kəsbinə canın bədən olmuş dəbistani.
Demə bir zərrə torpaqdır, bədən, diqqətlə seyr etsən,
Görərsən eyləmiş yüz Xizri avarə, biyabani.
Çalış ürfan qazan, ta əql olsun hökmünə tabe,
Büsati bərhəm ustadın əlində olmaz imkani.
Demə can boş qəfəsdir, bir düşün, əslini tədqiq et,
Bəsirət əhlini gör kim, bu sirrin olmuş heyrani.
Biliksiz olduğuna etiraf et, alim olsan da
Ki nadandır demişlər görcəyin məğrur danani.
Riyakarlıq gətirsə, zöhdi təqlid etmə, qıl nifrət,
Təkəbbür artırarsa elm, yeydir məncə nisyani.
Deyil allah üçün, zahid edirsə məscidi təmir,
Təşəxxüs satmağa istər işə salsın o dükkani.
Çevirsə barmağı təsbih, aldanma, riya bil sən,
Sayır, görsün çatırmı almağa dünyani, imani.
Əgər peymanəsi dolsa həmişə meylə bir rindin,
O şeyxdən yaxşıdır ki, xaliq ilə süstdü peymani.
Əgər bir kəs vurarsa elmdən dəm, bil ki, cahildir,
O hardan anlayır hikmətdəki əsrari-pünhani?
Elə gizlənməmişdir ki, həqiqət sirri gözlərdən
Ki, açsın hikmət əhli əql üzündən bu müəmmani.
Güman etmə ki, hikmətdən xəbərdar idi Əflatun,
Həqiqət elmdən agah alim sanma Loğmani.
Yaranmış səd ilə, ya nəhs ilə hər şəkl fitrətdə,
Çətindir uğrasın təğyirə dövr etməklə dövrani.
Cəhalətdir səbəb, rəmmal hər yerdə məkan salsa,
Bütün işlərdə hakim zənn edər ənkisü ləhyani.
Münəccim əqlinin naqisliyindən iddia eylər
Ki, hər işdə müqəssir tutmalı Bürcisü Keyvani.
Gözəl, ya çirkin olsun-hikmətin hər hökmü baqidir,
Xələl yetməz ona, çərxin yerindən qopsa ərkani.
Həris axmaqlığından zənn edər tənbəl həris olmuş,
Və ya öz səyi sərvət sahibi etmiş çalışqani.
Təbib nadanlığından iddia eylər ki, hər dərdə
Səbəb pəhrizi pozmaqdır, bilər pəhrizi dərmani.
Gözü doymaz hərisin dəhrdə, çünki həris insan
Olarsa şahi-İran, tutmaq istər mülki-Turani.
Tamahla odlanan bir qəlbin heç vaxt atəşi sönməz,
Qızıldan ötrü şiddət kəsb edər hər ləhzə böhrani.
Cahan asayişi təkmilinə bir kəsdə yox qüdrət,
Odur sonsuz yola salmış tamah aləmdə insani.
O kəs ki, arzular xəlqin malından hər saat, hər gün
Bəzəkli süfrədə olsun kəbabi, həm də büryani.
Onun qəlbi yanarmı zülmdən büryan olan qəlbə,
O rəhm eylərmi, görsə xəlq udur qəmdən cigər qani.
Olarsa şah zalim, xəlq xoş gün görməz aləmdə,
Xilas olmaz bəladən bir qoyun, qurd olsa çobani.
Sənin xeyrin üçün kəndli ağac əkmişdir, ey hakim.
Kəsib təxt qurma ondan, eyləmə məyus dehqani.
Ləbi qəlbindəki daği sağaldan bir güləndamın,
Ləbini dişləmə, ey bimürüvvət, olma gəl cani.
Nə lazımdır sənə bir təxt kim, qayıq kimi axsın
O göz yaşı selində kim, tökər məzlum müjgani.
Şərik tək pay alırsan kəndlinin daim qazancından,
Sənin borcundur olmaq kəndli malının nigəhbani.
Onun malı talandıqda cərimə çəkməli sənsən,
Cərimə kim çəkər, indi ki, sən etdin bu talani?
Kim istər şahlara olsun yaxın, mətləb gülü dərsin,
Görər yolda tikan düzmüş çomaqdan şah dərbani.
Xəzinə tapmaq ümmidilə bir insan rəvadırmı,
Zəhərli əjdəhalar çənginə salsın şirin cani?
Gədani gözləyərsə təhlükə şahlar hüzurunda,
Gərək tövbə edib, nə şahi görsün o, nə dərbani.
Gəda öpsün gərək haciblərin hər gün çomağından
Ki, hifz etmiş bəladən, mən qılmış qürbi-sultani.
Belə bir qayda var, insan qaçar divlər məkanından,
Demək insan deyil onlar ki, məskən etdi divani.
Deyilsən şahların halından agah, dərk qılmazsan
Ki, şah xəlqi soyar, ancaq verər əyanə ehsani.
Zərurət qarşısında verdiyi ehsan səxavətmi?
Məgər şah xeyrinə xəlqi çalıb-çapmazmı əyani?
Səxavət əhlidir ancaq o kəslər ki, riya bilməz,
Görər bir gözlə ehsan süfrəsində dostla düşmani.
Qızıldandır, gümüşdəndir, kərimin atdığı hər ox,
Sağaldar yarəsini düşmənin, dəydikdə peykani.
Fəqirin olsa idraki, bu sadə əmri dərk etsə
Ki, ta sağdır, ona ruzi verər təyidi-sübhani.
Nədən ötrü gərək fəğfur ilə xaqanə baş əysin?
Nədən ötrü gərək tərif etsin Keylə Kəsrani?
Xudadən qeyrinə könlün evində vermə yer, zinhar,
Əmini-Kəbədən bütxanə gəl etmə o məvani.
Varınsa əql, özün tək qafili mürşid qəbul etmə,
Büt anlarmı gətirmişdir ona iman rəhbani?
Sədaqətlə yapışma damənindən ol kəsin, ey dost
Ki, qalmışdır təəllüq pəncəsində öz giribani.
Çıxarsa qarşına hər şey onu iynə kimi deş, keç
Ki, iynə saxlamış yoldan göyə qalxan Məsihani.
Bir arif aləmə nifrət edərsə, var yeri, çünki
Onun hümmət səməndinə gəlir dar dəhr meydani.
Bu alçaq ruzigar bağlanarmı bir dilavər ki,
Vurar doqquz fələk fövqündə idrak ilə cövlani.
Əsasi qəflət olmuşdur həyatın, yoxsa kim istər
Bina tiksin, fələk yıxsın, aparsın sellər eyvani?
Tikər eyvanı Kəsra, qaldırar Keyvanə, bilməz ki,
Onun hər kərpici təmsil edər bir başqa Kəsrani.
Könül vermə cahanə, varlığı təşvişdi canə,
Zəvali bağrı qan eylər, qılar məyus insani.
Çəkil, üzlətdə yer tut, kimsəsiz qaldıqda bir insan,
Mələklər qorxulu gündə olar ənsarü əvani.
Fəna bir mülkdür, asudədir xəlqi hər afətdən,
Xilas olmaq dilərsən fitnədən, gəl fani ol, fani.
O kəslər ki, yeməz dünya qəmi, qorxmaz qiyamətdən,
Siratin dərdini çəkməz, düşünməz vəzi-mizani.
Malın varsa, onu sərf et, əgər sən kamil insansan,
Çatarsan bil kəmalə, sərvətin tapdıqda nöqsani.
Deyilsən kəm qəmərdən, keç özündən, vəsli-canandır
Ki, ay incəlmək ilə tez tapar xurşidi-tabani.
Fəqir olsan da şad ol, şam kimi gül, odda yansan da,
Ki, odla canlanan şəmin alovdur abi-heyvani.
Ölüm haqdırsa, öl üsrətdə, nemət dərdinə qalma,
Ölüb üsrətdən azad olmağı nemət kimi tani.
Olan bir dərdə adətkərdə dərman dərdinə qalmaz,
Dəyişməz bir cəhənnəm maliki rizvanə niyrani.
Behişti hər kəsin bir zövqdür, körpə uşaqlarçün
Ana ağuşu cənnətdir, bal arxı - dayə püstani.
Kəmali-eşqdən dəm vurmağa ol kimsə layiqdir
Ki, cananın qəminə nəzr edib qurban edə cani.
Deyil canana aşiq, mütləq öz caninə aşiqdir
O aşiqlər ki, can dərdindən istər vəsli-canani.
Ayırsın yaxşını pisdən bəni-adəm - deyə, xaliq
Nəsihətnamə şəklində bizə göndərdi fürqani.
Fəqət tutsun deyə üstün dəvadən xəlq hər dərdi,
Ələm hərfilə hikmət katibi yazdı bu ünvani.
Qəmi olmazsa, heç vəqt xaliqi yad eyləməz bir kəs,
Kim allahi sevər, istər ki, qəmlə keçsin hər ani.
Varın artanda kibr ilə fəqirə az şəmadət qıl,
Onunla tez səni yeksan edər bu çərx dövrani.
Gözündən yaş axıt kim, hər muradın cabəca olsun,
Yağış feyzilə torpaq bəsləyər sünbüllə reyhani.
Tədarük gör o dünyayə, bu dünyada ki, xoş keçməz
Qışı ol kəslərin ki, yayda yad etməz zimistani.
Zəmanə əhlinə bel bağlama hüsni-cəmalınla
Ki, Yusif hüsnünə qıldı həsəd namərd ixvani.
Güvənmə qüvvənə, laqeyd baxma məkri-dünyayə
Ki, salmışdır tora yüz Rüstəmi bir zal dastani.
Əgər aqilsən olma hiyləsindən düşmənin qafil,
Unutma Adəmi yoldan çıxardan məkri-şeytani.
Düşün, hər danəsi bir zərrə əlvan torpaq olmuşdur,
Bu şahlar tacinə ziynət verən ləli-Bədəxşani.
Zəmanə şahların başına tədriclə səpər torpaq,
Uşaq tək aldanar onlar görüncə şəkli-əlvani.
Fələk tərsinə dövr etsə, sən olma əmrinə mayil,
Qonaqçın olsa qatil, qaç evindən, olma mehmani.
Başında şur vardırsa, onu hər zövqlə pozma,
Ucuz bir qiymətə vermə əlindən gənci-sultani.
Ürəkdə vermə yer dərdinə hər bir lalərüxsarın,
Saqın, hər zülfü ənbər dilbərin olma pərişani.
Şoranlıq torpağa səpmə səfa toxmu, olar zaye,
Samanda ətr axtarma, gülə oxşatma yovşani.
Sənin tək çoxları dəm vurdular eşqü məhəbbətdən,
Dəyişcək surət, oldu eşqinin cümlə peşimani.
Şirin hər vəslin ardınca acı bir ayrılıq vardır,
O vəsli istəməz bir kəs düşünsə dərdi-hicrani.
Fəqih allaha doğru axtarır yol masəvəllahdan,
Əcəb naqisdir onlar ki, bilər mürşüd o nadani.
Tapar həqq axtaranlar həqqi Fironun cəlalından,
Bu işdə möcüzə vadar edər Firon Musani.
Əgər bir kəs xudanın varlığına istəyir isbat,
Bütün varlıqdır allah varlığının əsl bürhani.
Rəhimdən başlamış əqlə dolunca hər bir insanın
Yetər ruzisi həqdən, lazım olmaz səyi tavani.
Vurarkən əqldən dəm, ol qədər əqli olar naqis,
Sanar ki, səyinin məhsulu olmuşdur əti, qani.
Nədən bilməm, təkəbbürlə özündən dəm vurar Nəmrud
Ki, yox bir milçəyin şərrini dəf etməkçün imkani.
Xudadən başqa acizdir hamı, fərz et Süleymandan,
O torpaq uddu kim,daim ona cariydi fərmani.
Əgər bir şəxs insandır, yetər qorxsa bir allahdan,
Əgər divdirsə qorxmaz, toplasan da yüz Süleymani.
Fəsadi-küfrdə görmüş səlahi sahibi-hikmət,
Onunçün yoxsa hər bir batilin asandı bütlani.
Gül istər bəsləsin dehqan, onu hifz etmək istərkən
Tikan divarla hər yandan gərək hörsün gülüstani.
Zəmanə zalimi zalim əlilə.məhv edər bil kim,
Düyümlü taxtanı həmvar edər nəccar suhani.
Çox iman küfrə mədyundur, bu həqdə Yusifi yad et
Ki, büt qaytardı pis yoldan onu, dəf etdi üsyani.
Sən ey allahin əmrinə itaət etməyən qafil,
Sənə layiq deyil, fərz et onu firdövsü rizvani.
Çalış olma o əndazə cəhənnəmdə üzü qarə
Ki, nifrət eyləsin səndən cəhənnəm qiri, qətrani.
Soyarkən kafəri hər dəm deyərsən ki, həlal işdir,
Sözün indi nədir bəs kim, soyursan hər müsəlmani.
Bu dünya dalğalı dəryadır, ondan bir kiçik qətrə
Göründü Nuh dövründə, dedilər Nuh tufani.
Boğulmaq qorxusundan bu dənizdə hər bir avarə,
Atar əl-qol, üzər, lakin keçə bilməz bu dəryani.
Muradə çatsın aşiq, qoy cahan zirü zəbər olsun,
Boğulmaq bilməz ördək, dalğa qoy titrətsin ümmani.
Deyil mümkün ola məyus bir kəs xaliq əfvindən,
Deyilsənsə yalançı, naümid olma, onu tani.
Əgər həqq feyzinə müqbil ola qabil, ümidim var
Ki, müdbirdə dəxi zahir olar asari-ğüfrani.
Xuda gər əcr versə, hər kəsə əmali qədrincə,
Behiştdə görməz heç bir kəs nə hurini, nə qılmani.
Əgər bir səhv üçün məhrum olarsa xəlq cənnətdən,
Behişt əhli bilək onda gərək biz təkcə Rizvani.
Çalış xəlqə xeyir ver, xoş sifətlərlə qazan hörmət,
Arı bal vermək ilə əldə etmiş şöhrəti, şani.
Bəzərsən cismini bica yerə əlvan libas ilə,
Gəlibsən lüt cəhanə, lüt edərsən tərk dünyani.
Muradın hər iki dünyadə səbr ilə olar hasil,
Çalış səbr eylə, təmin eylə dünyani, həm üqbani.
İki dünya işi öhdəndədir, sən isə acizsən.
Qəribə bir işə düşdün, çətindir məncə səhmani.
Məgər peyğəmbərin pak ruhu lütfən dadına çatsın,
İki dünyada tapsın hər çətinlik rahi-asani.
Nəbidir, haşimidir, əbtəhi, ümmi və məkkidir,
Əli din xəznəsinə bir açardır, mərhəmət kani.
Yüz İbrahim olubdur qəndili şəminə pərvanə,
Üzü bir eydi-əkbərdir, yüz İsmayil qurbani.
Süleyman mülkünün son sahibidir xacəyi-Səlman,
Onun Səlmaninə xidmətçi bilmişlər Süleymani.
Deyil Musa ona tay, Vadiyi-eymənsə Bədhayə,
Nə Yusifdir onun misli, nə Kəbə misli-Kənani.
Xudaya, şükr, asayişdən ötrü bir bina tikdim
Ki, səbrü elmü hilmin mayəsindən oldu bünyani.
Bu qəsri tikmədim tək mən, əsasın qoydu üç kamil,
Tanıtdı aləmə Şirvani, Dehlini, Xorasani.
Evin üç küncünü Xaqani, Xosrov, Cami tikmişdi,
Mən isə eylədim Bağdaddə təkmil ərkani.
Füzuli kamiyab olmazdı öz səyilə bu işdə,
Yaratdı onların ruhu onunçün böylə imkani.
İlahi, rəhm qıl avarə bir insanə aləmdə
Ki, ömrünü edib zaye, yazar bu hərzə-hədyani.
Xeyr, hədyan deyil, aləm bilir qiymətlidir şerim,
Odur dərya olan bu qəlbimin dürr ilə mərcani.
İlahi, könlümə hər elmdən pay ver, bilirsən ki,
"Mənim könlüm müəllimdir, mənəm tifli-dəbistani".
Çıxardı təbi kanindən polad bir nəzm Xaqani,
Səfa ayinəsində aləmə göstərdi Şirvani.
Ona Xosrov ziya verdi, Xorasanə rəvan etdi,
Gəzib əldən-ələ xeyli zaman Dehliylə Multani.
Cila verdi ona Cami, alıb göndərdi Bağdadə,
Bu töhfə şad qıldı xadimani-Şahi-mərdani.
Mənim kor təbim ondan bixəbərdi bir zaman, əmma
Mən ariflər əlindən qapdım ol yaquti-rəxşani.
Mənim nəzmimlə ol ayinə bir ziynət qazanmış kim,
Baxan olmuş camalında kəmali-hüsnün heyrani.
"Ənisül-qəlb" adı verdim o məhbubə, budur arzum
Ki, olsun mərifət əhli olan məclisdə cövlani.
Yetər bunca cəmali gizli qaldı pərdə altında.
Qoy olsun indi də ariflərin şəmi-şəbistani.
Onu İranzəmindən Darül-ədli-Rumə göndərdim
Bu ümmid ilə kim, olsun əmin əllər nigəhbani.
Ona təsir qılsın dövləti Sultan Süleymanın
Ki, ta fəth eyləsin öz şöhrətilə külli-dünyanı.
FƏZLİYƏ NƏSİHƏT
İstərdim aləmin işini etmək imtahan,
Oldum bu məqsəd ilə cahan seyrinə rəvan.
Əvvəlcə düşdü bir bağa nagəh yolum mənim,
Oldu qəribə işlər o bağda mənə əyan.
Gördüm o cümlədən qoca bağban bəhər üçün,
Ümmidlə, qayğı ilə əkib bir cavan fidan.
Səy eyləmiş o vəqtə qədər ki, budaq verib,
Yarpaq açıb, şükufə yetirmiş ağac haman.
Meyvə ki, əsl məqsəd idi zahir olcağın,
Əvvəl şükufədən o qida aldı bir zaman.
Ayrıldı bir qədər böyüyüncə şükufədən,
Yarpaqla şaxədən o qidalandı durmadan.
Əzasinə ağacdan onun su rəvan idi,
Tamsız, yetişməmiş böyüyüb boy atan zaman.
Həddi-kəmalə çatmadan o, meyvə daima
Üstündə idi ol ağacın şad, kamiran.
Dəydi ağacla bir-birinin ziddi oldular,
Rəng ilə ətri verdi bu ziddiyyəti nişan.
Meyvə ağacdan incədir, ətri ziyadədir,
Olmaz ağacda meyvədəki ətr bigüman.
Ayrılmalıydı meyvə ağacdan dəyən kimi,
Verməz təbiət heç kəsə bu hökmlə aman.
Meyvə dərilməz isə ağacdan, bu qaydadır,
Dövran əlilə hər ikisinə yetər ziyan.
Həm meyvəni əzib, çürüdüb məhv edər hava,
Həm də dəyər ağac başına daş zaman-zaman.
Yoxdursa meyvədə ağaca ehtiyac əgər,
Meyvə ağacda tutmamalı boş yerə məkan.
Dinlə məni, ağıllı balam, diqqət ilə sən,
Bu incə nüktə sirrini ta eyləyim bəyan.
Salsan həqiqəq aləminə yaxşı bir nəzər,
Sən meyvəsən, mən isə ağac, dəhr busitan.
Dünya bağında hər ağacı bəsləmək üçün,
Qəddi bükük fələk özüdür piri-bağiban.
Yarpaq, şükufə, şaxə əgər bilməsən nədir,
Arvadla malü mülküm idi, ey əzizi-can.
Qoydun o gün ki, sən bu cahan mülkünə qədəm,
Can şirəsilə cisminə verdi qida anan.
Süddən ayırdı çün səni dövran dayəsi,
Malımla, mülküm ilə tapardı tənin tavan.
Möhtac idin mənə nə qədər ki, həyatda sən,
Məndən səvay bilməz idin yari-mehriban.
Sərf eylədim yolunda bütün ömrümü, bu gün,
Qaldırmısan qürur ilə baş göylərə yaman.
Cismim zəifləşincə göründü yüküm ağır,
Məndə bəlanı çəkmək üçün qalmamış o can.
Gənclik üzündən işlədiyin hər əməl üçün
Yetməzmi tənə vurdu mənə hər qoca, cavan?
Udsam bu qəmləri, ey oğul, qorxuram öləm,
Rüsvay olaram, qorxuram, etsəm əgər fəğan.
Ey feyzinin kəmali edən qədrimi füzun,
Ey izzəti mənə sayılan şövkət ilə şan!
Səndən səvay yoxsa da candan mənə əziz,
Dırnağı ətdən üzməyə qalmış bu gün güman.
Meyvə ilə ağac bizə də bir nümunədir,
İbrət götür, gözəl deyilibdir bu dasitan.
Yox meyl səndə çün mənə həmdərd olmağa,
Mümkün deyil səninlə olaq yari-həmzəban.
Bəsdir, mənə əzab ilə baş əyməyin yetər,
Bəsdir, məzəmmətimlə mənim bağrın oldu qan.
Yoldaşlığım tutarmı səninlə mənim bu gün,
Sən bir çevik cavan, mənəm piri-natəvan.
İstərsən aləmi tutasan bir qılınc kimi,
Qın pərdəsində bəs nə üçün qalmısan nəhan?
Mənsiz yaşa, qazan özünə hörmət, etibar,
Mən maneyəm, yoxunsa bu gün nam ilə nişan.
Şahin balasının var əgər seydə qüdrəti,
Əlbəttə, məsləhətdir edə tərki-aşiyan.
Bir ləl kan içində kəmalə çatıb əgər,
Hökmi-təbiət ilə gərək qalmasın nəhan.
Dünyanı nəzmə salmaq üçün hikmət oldu bil,
Hər söz ki, söyləmiş bu Füzuliyə-natəvan.