Məzmuna keç

Ərcunanın göyə meracı

Vikimənbə saytından
Nağıllar. Ərcunanın göyə meracı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qədimlərdə yer üzündə Bharata nəslindən olan iki qardaş, iki şah hökmdarlıq edirdi. Böyük qardaşın adı Dhritaraştra, kiçik qardaşın adı isə Pandu idi. Pandu dünyadan cavan köçdü, Dhritaraştra onun beş yetim oğlunu sarayına gətirdi, uşaqlarından seçib ayırmadı, onlarla birlikdə böyütdü. Kuru nəslindən olduğu üçün Dhritaraştranın oğlanlarına Kauravlar deyirdilər. Onlar əmiuşaqlarını xoşlamırdılar, hiylə və məkrlə Pandavları – Pandunun oğlanlarını cəzirəyə on üç illik sürgünə göndərdilər.

Pandav qardaşları uzun müddət sıx meşəlikdə sərgərdan gəzib dolaşdılar. Onlar cır mer-meyvəylə dolanır, cod maral dərisiylə bədənlərini örtürdülər. Həsrətlə sürgün vaxtının qurtarmasını gözləyirdilər ki, evə qayıtsınlar, atalarının məkrli kauravların əlinə keçmiş hakimiyyətini özlərinə qaytarsınlar. Qüdrətli düşməni məğlub etməkdən ötrü Pandavlar güclü silah tapmalıydılar. Pandu qardaşlarının üçüncüsünün adı Ərcuna idi. Məharətinə və cəsarətinə görə o, qardaşlarının hamısından seçilirdi. Ərcuna qərara gəldi ki, tanrıların asurlarla döyüşdə sınaqdan çıxmış silahını tapsın və düşmənlərə qarşı işlətsin. Qardaşlarının xeyir-duasından sonra o, şimala, Himalay dağının daşlı-kəsəkli yamaclarına doğru yollandı. Ərcuna uzun və əzablı bir yol keçdi. Sıx meşələrdən, qıjıltıyla axan çaylardan keçdi, dağ çayının dayaz yerindən adladı. Nəhayət, gəlib dağın yamacına yetişdi və qəflətən göylərdən gurultulu səs eşitdi: “Ayaq saxla, ey Pandunun qüdrətli oğlu!” Heyrətlənmiş Ərcuna göylərdən eşidilən səsə tabe olub dayandı, yan-yörəsinə göz gəzdirdi, yaxınlıqdakı iri ağacın kölgəliyində oturmuş üzgün bir zahid gördü. Zahid ondan soruşdu:

– Oğlum, kimsən-nəçisən, qılıncla, yay-oxla buralara niyə gəlmisən? Himalayın müqəddəs yamaclarında yarağa ehtiyac yoxdur. Buralar həyati ehtiraslardan, sevinc və kədərdən üz çevirmiş dinc brahmanların yuvasıdı. Qılıncını, yay-oxunu çıxart. Sən burda gücdə və döyüşçülük bacarığında özünə tay rəqib tapmayacaqsan.

Şirin təbəssümlü brahman sözünü qurtaran kimi heybətli Ərcuna dilləndi:

– Mən bura döyüşçülükdən əl çəkmək üçün gəlməmişəm. Mən bura gəlmişəm ki, özümə və qardaşlarıma səma silahını tapam.

Ərcunanın tərslik edib məqsədindən dönmədiyini görən zahid sirrini açdı:

– Ey Pandunun rəşadətli oğlu, mən brahman deyiləm, mən göylər hökmdarı İndrayam. Səni görməyimə çox şadam. Diləyini də, arzunu gözündə qoymaram.

Ərcuna ehtiramla əlini əlinin üstünə qoyub, İndranın qarşısında baş əydi və cavab verdi:

– Ulu hökmdar, səni görmək istəyirdim, səni görüb arzuma çatdım. Bir xahişim var: səma sakinlərinin silahını işlətməyi mənə öyrət.

İndra gülümsəyərək soruşdu:

– Səma sakinlərinin silahı burda sənin nəyinə lazımdı? Dinc və sakit yamaclarda silah sənə lazım olmayacaq. Başqa diləyini de, rəşadətli Ərcuna.

Pandunun oğlu dediyindən dönmədi:

– Mən nə müqəddəslik axtarıram, nə də səma səadəti. Mən əsgərəm, döyüşsüz, qayğısız həyata can atmıram. Ey İndra, sürgün qardaşlarımı müsibət içində qoyub, sənin səma şahlığında kef çəksəm Pandavların şərəfli adı ləkələnər!

Ərcunanın cavabı İndranı razı saldı. Səma padşahı Pandunun oğluna istəyini yerinə yetirəcəyinə söz verdi. Tanrılar şahı dedi:

– Amma mənim bir şərtimi yerinə yetirməlisən. Sən dünyanı dağıdan qorxunc Şivanı görməlisən, görsən istədiyin silahı alacaqsan.

Səma hökmdarı sözünü dedi, çıxıb getdi. Rəşadətli və dəyanətli Ərcuna dağ yamacında qüdrətli Şivanın mərhəmətini qazanmaqdan ötrü sərt zahidlik həyatı keçirməyə başladı. O, yerə tökülmüş yarpaqlarla dolanırdı. Tövbəsinin birinci ayının tamamında üç gecədən bir, ikinci ayının tamamında altı gecədən bir ağzına həmin yeməkdən alırdı. Üç aydan sonra Ərcuna yeməkdən tamam imtina elədi. Gecə-gündüz əllərini yuxarı qaldırıb, tərpənmədən barmaqlarının ucunda dururdu, gözlərini göydən çəkmirdi. Onun hərarətli tövbəsindən torpaq istiləndi və tüstü ətrafı bürüdü. Zahidliyi sayəsində Ərcunanın qazandığı qüdrət sakinlərini həyəcana saldı və onlar Şivadan xahiş elədilər ki, Pandunun oğlunun belə qəddar zahid ömrü keçirməsinin qarşısını alsın. Onlar dedilər:

– Ey ulu tanrı, Ərcuna zahidliyi ilə elə qüdrət qazanıb ki, hər üç dünyanı yandırmağa qadirdi. Məqsədinin nə olduğunu bilmirik, amma onun müqəddəsliyi bizi qorxudur. Şiva, kömək əlini bizdən əsirgəmə, onun qarşısını al!

Şiva səma sakinlərini sakitləşdirdi, onları başa saldı ki, Ərcuna əbədilik axtarmır, səma şahlığını ələ keçirməyə çalışmır və onları bu narahatçılıqdan xilas edəcəyinə söz verdi. Şiva ovçu cildinə girdi, oxdanı çiynindən asdı, odlu baxışlarını işıldadaraq Himalayın yamacıyla aşağı endi. Onun arxasınca meşə qızı cildinə girmiş Uma, Umanın arxasınca meşə qızı cildinə girmiş Uma, Umanın arxasınca isə onun məiyyəti – min gözəl-göyçək qız yola düzəldi.

Şiva Ərcunanın tövbə elədiyi yerə gəlib çatanda gördü ki, rakşas vəhşi qabana çevrilib Pandunun oğlunun üstünə hücuma keçməyə hazırlaşır. Heyvanın kinli bağırtısı Ərcumanı tövbəsindən ayırdı. O, özünün qorxunc oxunu götürüb yaya qoydu və dedi:

– Mən bura ziyankarlıqdan ötrü gəlməmişəm, bir halda ki, sən mənim axırıma çıxmaq istəyirsən, onda ilk zərbəni mən vuraram və səni Yama şahlığına göndərərəm, ey kinli vəhşi!

Ərcunanın güclü əlləriylə gərilən yayın səsi ətrafa yayıldı, amma ovçu girmiş Şiva onu saxladı və dedi:

– Dayan, tələsmə, igid. Qaya kimi yekə qabanı səndən əvvəl mən nişan almışam.

Amma Ərcuna ona fikir vermədi, onların hər ikisi eyni vaxtda ox atdılar. Yerə sərilən qaban öz cildini aldı və Ərcuna gördü ki, bu, ölümcül yaralanmış rakşasıymış.

Qələbədən sevinən Ərcuna ovçudan soruşdu.

– Sənin kim olduğunu bilmək istəyirəm, ey meşə sərgərdanı. Bu qədər gözəl-göyçək arvad sənin yanında nə gəzir? Sən niyə tanrı kimi şəfəq saçırsan? Doğrudanmı, bu qalın meşəlik səni qorxutmur? Sən döyüşçülərin və ovçuların adətini niyə pozmaq istədin və ovumu əlimdən almağa çalışdın? Axı vəhşi qaban sənin yox, mənim ölümümü axtarırdı, buna görə də mən birinci nişan almışdım. Sənin bu hərəkətin adama sataşmaqdı və bu sənə həyatının bahasına başa oturacaq.

Soyuqqanlı Şiva Pandunun oğluna cavab verdi:

– Qəzəblənmə, igid. Biz meşə sakinlərindən ötrü bu dağ yamacları həmişə ov ovladığımız yerlərdi. Yaxşısı budu de görək, təmtərağa və naz-nemətə alışdığın halda bu vəhşi, bəni adam yaşamayan yerlərə niyə gəlmisən? Burda məskən almaqdan məqsədin nədi?

Ərcuna cavab verdi:

– Yay-oxumla mən buralarda Karttikeya kimi yaşayıram! Vəhşi qaban cildinə girmiş rakşası necə öldürdüyümü özün yaxşı gördün.

– Düz demirsən, – deyə ovçu etiraz elədi. – Qabanı mənim oxum öldürdü, onu Yama şahlığına sən yox, mən göndərdim. Sən öz gücünlə çox öyünürsən və başqasının ovuna göz dikirsən. Buna görə də mən səni İndranın ildırımına bənzər sərrast oxumla öldürəcəyəm. İndi isə özünü qoru, yayını var gücünlə dart və oxunu at görüm!

Ovçunun ötkəm danışığı Pandunun oğlunu özündən çıxartdı. O, kamanını götürdü, ovçunun üstünə zəhərli ilan kimi ox yağdırmağa başladı. Ovçu isə qımışaraq təkrar edirdi:

– At, at, sərrast oxlarını at, görüm, ay yaramaz!

Məşhur atıcı Ərcuna bütün bacarığını işə saldı ki, ötkəm meşə sakinini öldürsün, amma onun oxları ovçunun tükünü də tərpətmirdi.

Ömründə ilk dəfə Pandunun oğlu qorxuya düşdü. Möcüzə onu heyrətə saldı, kamanı aşağı saldı, oxu yaydan çıxartdı və qışqırdı:

– Qarşımdakı kimdi? Mənim oxlarım ona niyə təsir eləmir? Bəlkə bu, qüdrətli Şivanın özüdü? Axı səma sakinləri aradabir bu dağ yamaclarına baş çəkirlər. Şübhəsiz, şübhəsiz ki, bu dağlar qızının əri Şivanın özüdü; heç kim mənim oxlarıma tab gətirə bilməzdi!

Hirslənmiş və qorxuya düşmüş Ərcuna sakit təbəssümlə tərpənməz dayanmış ovçunun üstünə yenidən ox yağdırmağa başladı. Bir azdan Ərcunanın oxdanında ox qalmadı, ovçununsa burnu da qanamamışdı. Ərcuna nizəyə əl atdı. O, qulaylanmağa macal tapmamış ovçu onun nizəsini əlindən alıb qırağa tulladı. Hirsi başına vurmuş Ərcuna qılıncını sıyırdı, var gücüylə qılıncı ovçunun başına endirdi, amma ovçu gözünü də qırpmadı, Ərcunanın qılıncı isə qırıq-qırıq olub yerə töküldü. Pandunun oğlu, qüdrətli döyüşçü cin atına mindi, iri-iri ağacları kökündən çıxartdı, sıldırım qayalardan yekə daşlar qopartdı və bunları meşənin yenilməz sakininin üstünə yağdırdı, amma zəhməti hədərə getdi. Ərcuna ağır yumruqlarını işə saldı, amma onun dəhşətli yumruq zərbələri də ovçuya təsir eləmədi.

Ərcuna rəqibinə yaxınlaşdı, güclü əlləriylə onu qucaqladı və var gücüylə qolları arasında sıxdı. Dağlınınsa tükü də tərpənmədi. Ovçu onu qucaqlayıb sıxanda, qəhrəman boğulub tirtap yerə sərildi.

Bir azdan Ərcuna özünə gəldi, utana-utana, qəmgin-qəmgin qan içində yıxıldığı yerdən qalxdı. Fikrini-zikrini ulu Şivaya yönəltdi, gildən onun heykəlini yapıb qarşısında diz çökdü, heykəli çiçəklə bəzədi və dua oxudu.

Ərcuna yerindən qalxıb qalib ovçuya baxdı və gördüyünə heyrətləndi, həm də sevindi: Şivanın gildən düzəltdiyi heykəli başına qoyduğu çələng ovçunun başındaydı. Ərcuna başa düşdü ki, ovçu tanrının elə özüdü, ayaqlarına yıxıldı və qabalığına görə üzr istədi. Şiva acıqlanmadan ildırım gurultusunu andıran səslə və xoş bir təbəssümlə dedi:

– Pandunun oğlu, sən bu gün məni sevindirdin, sənin şücaətin və gücün mənim xoşuma gəldi. Gücdə əllərin mənim əllərimdən geridə qalmır, ölümlü adamlar arasında sənin tayın yoxdu. Ey Ərcuna igidliyinə mükafat olaraq, mən indi həqiqi cildimə girəcəyəm! Şiva həqiqi cildini aldı, sevimli arvadı göyçək Uma da yanındaydı. Ərcuna diz çökdü, baş əydi və Şivanın şəninə təriflər deməyə başladı:

– Ey ulu Şiva, sən səma sakinlərinin və ölümlü adamların havadarı və müdafiəçisisən! Sənin hər şeyi və hər yeri görən üç gözün kainatın ən dərin qatlarına nüfuz edir, hər üç dünyanın üçündə də baş verənlər sənə bəllidi. Sən ulusan, yerdəki, göydəki və kainatdakı hər şey sənin əlindədi. Qabalığıma görə məni bağışla. Sənə görə, səni görməkdən ötrü mən bu dağlara gəlmişəm, ağır zahidlik həyatı keçirmişəm. Ey Şiva, mənə mərhəmət elə, məni müdafiə elə!

Ulu tanrı mərhəmətini Ərcunadan əsirgəmədi, onun günahından keçdi və iltifat əlaməti olaraq qucaqlayıb köksünə sıxdı. Pandunun oğluna söz verdi ki, bu gündən onun canı azar-bezar tanımayacaq, döyüşdə onu məğlub edən tapılmayacaq. Sonra Şiva Ərcunaya dedi:

– Ürəyindən keçəni məndən istə, arzuna əməl edərəm. Pandunun oğlu ondan tanrıların hər üç dünyanı dağıtmağa qadir silahını istədi.

Şiva özündən başqa tanrılardan heç birinin işlədə bilmədiyi silahını verəcəyini vəd elədi.

– Ərcuna, sən bu silahın öhdəsindən gəlməyə qadirsən. Bu silahı işlətməyi, düşmən ordusuna atmağı və geri qaytarmağı sənə öyrədəcəyəm.

Sonra Şiva Pandunun oğlunu bu möcüzəli silahı ağılla, sözlə və əllə işlətməyin yollarını öyrətdi.

– İndisə İndranın şahlığına gedib, onun qorxunc silahını ala bilərsən. – Şiva sözünü qurtarıb Ərcuna ilə vidalaşdı və Umayla birlikdə yenidən Kaylas dağının zirvəsindəki iqamətgahına yollandı.

Şivayla görüş Ərcunaya sevinc və ümid verdi. Başına gələnlərdən heyrətə düşmüş Ərcuna öz-özünə dedi: “İlahi, mən nə qədər xoşbəxtəm, necə böyük bir uğur qazanmışam! Mənə, ölümlü insana ulu Şivanın özünü görmək və onun əlinə toxunmaq nəsib oldu! Mən onun mərhəmətini qazandım, bununla da qələbəmə xeyir-dua aldım. Əziyyətim hədər getmədi!” Ərcuna şirin xəyallara dalmışdı, qiymətli daş-qaşlarla bəzədilmiş ağ geyimli, bir əlində toppuz, bir əlində isə qorxunc kəmənd tutmuş əzəmətli və heybətli görkəmi olan kşatrinin nə vaxt gəlib qarşısında dayandığından xəbəri olmadı. Ərcuna onu tanıdı, bu, sular hökmdarı Varunaydı, onun arxasınca dəniz sakinləri və gözəl-göyçək qızlar – çay və bulaq ilahələri gəlirdilər. Varunanın arxasınca üçayaqlı, qızıl paltar geymiş vəhşi sifətli bir təpəgöz gəlirdi. Ərcuna onu da tanıdı – bu, toppuzla silahlanmış şahlar şahı, var-dövlət hökmdarı Kuberaydı. O, qızıl cəng arabasında gəzirdi, arxasınca xəzinəsinin keşikçiləri olan sonmlar, yakşlar, kinnarlar və rakşaslar dolanırdılar.

Kuberadan sonra Ərcunaya parlaq qırmızı geyimli, başına günəş kimi şölə saçan tac qoymuş ağ sifətli, qamətli və əzəmətli, odlu baxışlı bir nəhəng yaxınlaşdı. Bu, əcdadlar hökmdarı ölüm tanrısı, həqiqət nəzarətçisi Yamaydı. Haqları və qandharvları ilə birlikdə gəlmiş Yama ətrafı özünün ilahi şöləsi ilə işıqlandırdı. Ən axırda tanrılar şahı İndranın özü gəldi. İndra qəşəng arvadı Şaçi ilə tanrı fili Ayravatın belində əyləşmişdi. Tanrılar şahı gülçiçəkdən başına çələng qoymuşdu, ağ paltar geymişdi, güclü qollarına qızıl bilərzik taxmışdı, qızılı qıvrım saçı və qızıl saqqalı vardı, iki apsar şəfəq saçan ayın başı üzərində dayanmış işıqlı buluda bənzər ağappaq yelpik tutmuşdu. İndra vacrla, torla və kamanla-göyqurşağı ilə silahlanmışdı, onu qəşəng apsarlar, sidlər və çaranlar – asurların möhtəşəm qalibinin şöhrətini tərənnüm edən göylər müğənniləri müşayiət edirdi.

Səma sakinlərinin hamısı yığışıb Himalay dağının zirvəsində təntənəylə əyləşəndən sonra Yama Ərcunaya üz tutdu:

– Başını qaldır, Pandunun rəşadətli oğlu. Biz bura həqiqi görkəmimizdə gəlmişik, sən bu mükafatı öz igidliklərində qazanmısan. Qulaq as, gələcəyini deyirəm – qarşıdakı döyüşdə sən bütün düşmənlərinə qalib gələcəksən, heç kim sənin qarşında dura bilməyəcək. Mən öz silahımı sənə verirəm, bu silahla sən böyük qələbələr çalacaqsan.

Ərcuna əcdadlar hökmdarının qarşısında ehtiramla baş əydi və sevincək onun verdiyi payı aldı. Növbə Varunaya çatdı.

– Mənə bax, Pandunun igid oğlu! Mən yerdəki və göydəki suların hökmdarı Varunayam. Özümün kəməndimi sənə verirəm, mənim kəməndimi qırmağa heç kimin gücü çatmaz. Kəməndimə düşən düşmən gücünü itirir və məhv olur. Hətta Yamanın dəhşətli kəməndi də mənim kəməndimdən möhkəm deyil, düşmənlərin bundan yaxa qurtara bilməyəcək. Varuna öz kəməndini, yayını, oxunu, toppuzunu və cəng arabasını Ərcunaya verdi.

Pandunun oğlu Varunaya ehtiramını bildirib hədiyyələri alanda Kuberanın dediyi sözləri eşitdi:

– Səni mən də sevindirmək istəyirəm, ey cəsur, əsgər. Mən baxışlarımın gücünü sənə bağışlayıram, bu güc başqa ölümlü insanlara bəlli deyil. Baxışlarınla sən düşmənlərini dərin yuxuya qərq edə bilərsən və onlar sənin qarşında acizləşəcəklər. Bu gücün köməyilə qanına susamış Dhritaraştranın xain oğlanlarını məhv edəcəksən. Şahlar şahı sözünü qurtarmamış Ərcuna bağışlanmış gücü hiss elədi. Onun baxışları itiləşdi, işləmədiyi yer qalmadı. Nəhayət, tanrılar hökmdarı İndra ona üz tutdu. Göy gurultusuna bənzər səslə Pandunun qüdrətli oğluna dedi:

– Heç bir ölümlü əsgər sənin kimi igidliklər göstərməyib və igidliklərin sənə layiqli mükafatlar qazandırdı. Ərcuna, sən sağlığında səma şahlığına baş çəkməyə layiqsən. Ruhunu göyə meraca hazırla. Mənim arabaçım Matali tezliklə dalınca gələcək və səni mənim şahlığıma çatdıracaq. Səma şahlığımda mən öz silahımı sənə verəcəyəm.

Möcüzədən sevinən və heyrətə gələn Ərcuna səma sakinlərinə alqışlar söylədi, ehtiramla onların qarşısında baş əydi, səma sakinləri isə Pandunun oğluna döyüşdə uğurlar arzulayıb göylərə çəkildilər.

Bir az keçəndən sonra göy guruldadı və Himalay dağının zirvəsindəki duman aralandı və İndranın ecazkar cəng arabası göründü. Araba tanrılar şahının silahlarıyla doluydu – burda mizraqlar, gürzlər, toppuzlar, nizələr, yay-oxlar və odlu ildırımlar vardı. Arabanın yanlarından iri ilanların başları görünürdü. Onlar zəhərli ağızlarını geniş ayırmışdılar, ətrafa od-alov və tüstü püskürürdülər. Tanrılar hökmdarının arabasına külək kimi sürətli on min at qoşulmuşdu. Cilov İndranın qüdrətli arabaçısı, hər üç dünyada at sürmək qabiliyyəti ilə şöhrət qazanmış Matalinin əlindəydi, onun başı üzərində səma şahlığının hökmdarı İndranın bayrağı dalğalanırdı. Cəng arabası yerə endi, Matali Ərcunaya üz tutdu:

– Eşq olsun sənə, rəşadətli əsgər. Hökmdarım məni sənin dalınca göndərib, səni sarayına qonaq çağırır. Yubanma, Papdunun oğlu, qorxub-çəkinmədən otur arabaya, İndranın səma şəhərində səni tanrılar, qandharvlar və avsarlar gözləyirlər. Ərcuna Şivaya ehtiramını dua oxumaqla bildirərək səma arabasına mindi və İndranın ecazkar atları onu göylərə qaldırdı. Bir azdan sonra artıq yer görünmürdü və Ərcuna ömründə görmədiyi mənzərədən məftun olaraq, heyrətlə dörd bir tərəfinə baxırdı. Səmanın ənginliyində nə Ay görünürdü, nə də Günəş, amma bütün nəhayətsizliyi ecazkar işıq bürümüşdü. Bir azdan cəng arabası İndranın əzəmətli paytaxtı Amaravatinin darvazasına yaxınlaşdı.

Ərcuna darvazanın qarşısında Ayravata adlı fili gördü, şəhərin divarları dörd bir tərəfdən güllü-çiçəkli bağlarla əhatə olunmuşdu. Ərcuna şəhərdə, səma hökmdarının sarayına doğru uzanan yol boyunca çoxlu dəbdəbəli saraylar gördü, qandharvlarla və apsarlarla, ilahi müdriklərlə və döyüşlərdə şan-şöhrət qazanmış pələnglərlə rastlaşdı, onların hamısı Pandunun rəşadətli oğlunu əziz bir qonaq kimi salamladılar.

O, səma hökmdarının özünün tikdiyi saraya girib, şahın taxtına yaxınlaşdı və hörmətlə baş əydi; tanrılar şahı onu qucaqlayıb köksünə sıxdı, sonra isə özü ilə birlikdə taxtda oturtdu. Səma sakinləri onlara sevinclə baxırdılar, elə bil qarşılarında oturan tanrı atayla yerdəki oğluydu, onların qüdrətindən və gözəlliyindən həzz alırdılar; qandharvlar və calanlar onların şəninə nəğmələr qoşurdular, gözəl apsarlarsa şən rəqslə onları əyləndirirdilər.

İndra Pandunun oğlunun ən əziz arzusunu yerinə yetirdi və silahını – dağıdıcı gücə malik odlu oxunu ona bağışladı. İstədiyini səma sakinlərindən alandan sonra Ərcuna cəzirədə qalmış qardaşlarının xiffətini çəkməyə başladı, amma səma şahlığının hökmdarı hələ ondan ayrılmaq istəmirdi, buna görə də onu sarayda saxladı, cah-calala qərq elədi və xidmətində durmağa saysız-hesabsız qulluqçular ayırdı. Ərcuna Amaravatidə yerdəki həyat üçün darıxmasın deyə, İndra Çitrasena adlı qandharva əmr elədi ki, ona müxtəlif musiqi alətlərini çalmağı öyrətsin. Pandunun oğlu Çitrasena ilə dostlaşdı, başı çalğıçılıq sənətini öyrənməyə qarışdığından bir müddət sakitlik və xoşbəxtlik içində yaşadı. Sonra yenidən qardaşları yadına düşdü və şahlığı Pandavlardan zorla qopardan düşmənlərindən intiqam almaq arzusu yenidən onun varlığına hakim kəsildi.

İndra əl-ayağa düşdü, Ərcunanı qəmgin düşüncələrdən ayırmaq üçün yollar arayıb-axtarmağa başladı. Bir dəfə diqqət yetirib gördü ki, Ərcuna Urvaşi adlı gözəl Apsara heyranlıqla baxır. O, Çitrasenanı yenidən hüzuruna çağırdı və əmr elədi:

– Çitrasena, Urvaşinin yanına yollan və əmrimi ona yetir.

Qoy o, Pandunun oğluna baş çəksin. Ərcuna arzusunda olduğu səma silahını alıbdı, onu işlətməyi öyrənibdi və sənin köməkliyinlə bütün incəsənəti başa vurubdu. İndisə qoy Urvaşi arvadların bütün hiyləgərliklərini və bicliklərini, arvadların bütün xasiyyətlərini ona öyrətsin, nə vaxtsa gərəyi olar.

Çitrasena hökmə tabe olaraq, Urvaşinin yanına yollandı və səma hökmdarının əmrini ona yetirdi:

– Qəşəng Urvaşi, İndra istəyir ki, Ərcuna səma həyatının bütün sevincindən dadsın. Onun yanına get və əlindən gələni elə, qoy o, bir könüldən min könülə sənə bağlansın.

Urvaşi İndranın elçisinə təbəssümlə cavab verdi:

– Pandunun rəşadətli oğlundan mən sevgimi niyə əsirgəməliyəm ki? Qüdrətli əsgər mənim xoşuma gəlir. İndranın əmrini məmnuniyyətlə yerinə yetirərəm. Gedə bilərsən, Çitrasena, arxayın ol, mən elə indicə Ərcunanın yanına gedərəm.

Çitrasena gedəndən sonra qəşəng, şirin təbəssümlü Urvaşi tərtəmiz yuyundu, qiymətli daş-qaşlarını, qızıl qolbağını taxdı, başını və çiyinlərini ətirli çiçək çələngiylə bəzədi. Məhəbbət tanrısı Kama qəlbinə od saldı və Pandunun cazibəli oğlu haqqında fikirləşməyə başladı. Şər qarışanda Urvaşi Ərcunanın yanına yollandı. Onun ağ zanbaqla bəzədilmiş uzun və ipək kimi yumşaq saçları çiyninə tökülmüşdü, səndəl yağıyla yağlanmış döşləri əsim-əsim əsirdi, yeridikcə əndamı titrəyirdi, hətta sərt zahidlik həyatı keçirənlərin qəlbinə də məhəbbət odu salırdı, nazik parlaq parçayla örtülmüş budları, baxışları özünə çəkirdi, xırda zərif pəncələri qırmızı rənglə boyanmışdı, topuğundakı qızıl zınqırovlar cingildəyirdi. Şərabdan və sevgidən məst olmuş Urvaşi Pandunun oğlunun sarayına gedirdi, gözəlliyinə heyran kəsilmiş qandharvlar, sidhlər və çaranlar onun arxasınca düşmüşdülər. Urvaşi Ərcunanın dəbdəbəli otağına qədəm qoyan kimi, qonağın gəlişindən xəbərdar olan Ərcuna onu qarşılamağa çıxdı, səma qızının gözqamaşdırıcı gözəlliyi əsgərin qəlbini titrətdi. Ərcuna səma qızını hörmətli qarşılayıb dedi:

– Göy üzündə səndən qəşəngi yoxdu, ey Urvaşi. Mən sənin qulluğunda durmağa hazıram və sənin əmrini gözləyirəm.

Ərcuna ilə görüşdən karıxan və sevinən Urvaşi bir müddət dinmədi, özünü ələ almağa çalışdı, sonra İndranın Çitrasena ilə göndərdiyi əmri ona çatdırdı:

– Tanrılar şahı istəyir ki, sən qardaşlarının xiffətini çəkməyəsən, səni əyləndirməyi mənə tapşırıblar, amma mənsə istərdim ki, sənin məndən xoşun gəlsin, istərdim ki, məni sevəsən. Yadımdadı, bayram vaxtı İndranın sarayında rəqsləri ilə səma sakinlərinin könüllərini oxşayanda, sən gözünü məndən çəkmirdin. O vaxtdan Kamanın hakimiyyəti məni rahat buraxmır, o vaxtdan sənin vurğununam, ey qəşəng pələng.

Urvaşinin ehtiraslı sözlərindən Ərcuna çaşdı, əlləriylə qulaqlarını qapayıb dedi:

– Ey qadınların ən yaxşısı, sənin dilindən sevgi sözləri eşitmək mənə yaraşmır. Axı, sən bizim nəslin kökünü qoyan ulu əcdadımız Pururavasın arvadısan! Mən sənə ulu ana kimi baxıram, səma ilahəsi Şaçi kimi sənə də sitayiş edirəm. Heyranlıqla sənə baxanda fikirləşirdim: “Ulu Bharatlar nəslinin əsasını qoyan şöhrətli Urvaşi bax budur”. Mən səni ulu ana kimi sevirdim. Övlad sevgisindən başqa, mən sənə hansı hisslə baxa bilərdim?

Onun sözünə cavabda Urvaşi dedi:

– Ey Pandunun rəşadətli oğlu, səmanın qəşəng apsarları yerdəki arvadlardan fərqlənirlər, onlar sevgilərində azaddırlar, xoşlarına gələnə könül verirlər. İgidlikləri ilə səma şahlığına layiq görülmüş Puru və Bharata nəsli məni və ya başqa bir apsarı sevməklə günaha batmır. Ərcuna, mənim sevgimə laqeyd qalmaqla sən insafsızlıq edirsən.

Ərcunanın qərarı qətiydi. Acıqlanmış Urvaşi ona lənətlər yağdırdı və qarğış tökdü, dedi ki, uzun müddət qeyri-kişi cildində hərəmxanalarda yaşayacaqsan və heç bir qəşəng arvad gözünün ucuyla sənə baxmayacaq. Urvaşinin qarğışı bir neçə ildən sonra həyata keçdi: Ərcuna qardaşlarıyla düşmən təqibindən yaxa qurtarmaq üçün matseylər şahının sarayında xidmətə girdi, hərəmağası kimi şah arvadlarına və Uttar şahzadələrinə rəqs və musiqi öyrətməyə başladı.

Qorxuya düşmüş Ərcuna Urvaşinin qarğışını və lənətini Çitrasenaya dedi, xəbər İndraya çatdı. Tanrılar şahı Ərcunanı hüzuruna çağırdı və ona təskinlik verdi:

– Xoşbəxtdir anan övladım. Sən bu gecə heç bir zahidin girişə bilməyəcəyi böyük qəhrəmanlıq göstərdin. Urvaşinin gözəlliyi istənilən zahidi yoldan çıxara bilərdi. Narahat olma, Ur- vaşinin lənəti sənin xeyrinədi, ən çətin anlarda bu lənət səni və qardaşlarını xilas edəcək.

Narahatçılıq Ərcunanın yadından çıxdı, günlərini yenə də dostu Çitrasena ilə keçirir, səma şahlığındakı həyatdan ləzzət alırdı.

Nəhayət, vaxt gəlib çatdı, Ərcuna qardaşlarının yanına qayıtmalı oldu. Ərcuna tanrıların verdiyi silahı da götürüb, Matalinin sürdüyü ecazkar cəng arabasına mindi və qardaşlarının yaşadığı cəzirədə yerə endi. Qardaşlar onu gözləməkdən yorulmuşdur. Matali Pandunun cəsur oğluyla vidalaşıb göyə qayıtdı. Qardaşlar Ərcunanı sevinclə qarşıladılar, o isə Himalay dağının yamaclarında və İndranın şahlığında başına gələnləri onlara danışdı. Sürgün müddəti tamam olanda, tanrıların dediklərinin hamısı həyata keçdi. On səkkiz gün davam edən ulu Kurukşetrə döyüşündə Pandavlar Dhritarştranın oğlanlarına qalib gəldilər, şahlığı özlərinə və öz nəsillərinə qaytardılar.