Əvəzdi

Vikimənbə saytından
Əvəzdi
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Gözəllər sultanı, ay Səlbi xanım,
Sallanışın bir mahala əvəzdi.
Gözlərinə qiymət qoya bilmirəm,
Qaşın min tümənlik mala əvəzdi.

Sürahi gərdənli, qəddi mötədil,
Səni gül yaradıb Cabbari-Cəlil.
Ləblərin şirəsi Abi-Səlsəbil,
Ləzzəti dünyada bala əvəzdi.

Ələsgərin ağlın aldın sərindən,
Saf gövhərsən, sərraf sеçib dərindən.
Sən bir gülsən gülüstanın tərindən,
Dеmək olmaz sana lala əvəzdi.