Əzizim (Aşıq Abbas Tufarqanlı)

Vikimənbə saytından
Əzizim
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Gəzdim İsfahanı, nisfi-cahanı,
Sənin kimi gözəl hanı, əzizim?!
Dodağın şəkərdi, şəhdi mat eylər,
Ağzın içi gövhər kanı, əzizim!

Siyah zülfün dal gərdəni döydümü?
Onun dərdi mənim qəddim əydimi?
Zalım şahın ali sənə dəydimi?
Dağıdaram xanimanı, əzizim!

Qəmzəsi bəllidi qaşü-gözündən,
Mən öpmədim yanağından, üzündən,
Əyləmə qapında, çuğul sözündən,
Abbas kimi növcavanı, əzizim!