Əzrayılın qonaq gəlməsi

Vikimənbə saytından
Rəvayətlər. Əzrayılın qonaq gəlməsi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir kişi varıymış. Bı kişi ömründə çörəyi təh yeməzmiş. Həmməşə yoldan bir adam götürüp gələrmiş əvə, birlihdə çörəh yeyərmişdər. Bir gün ha baxır bir qərip adam görmür ki, gətirsin çörəh yesinnər. Oyız, bıyız, axırda görür ki, bir adam yolunan gedir. Yaxınnaşıp soruşur ki, a qardaş, sən kimsən, nəçisən? Gedəh mənnən çörəh yeyəh. Yolçu deyir ki, mən Allaham. Kişi deyir ki, ta yox, bizimki tutmadı. Mən Allahınan kürə olmanam. Çünki ikiüzdüsən, birini dövlətli eliyirsən, birini kasıp eliyirsən, ayrı-seçkilih qoyursan. Allahın xoşuna gəlir, gedip Əzrayıla deyir ki, get onnan çörəh ye. Əzrayıl gəlir kişinin yanına. Kişi bınnan da kimliyin soruşur. Eşidəndə ki, Əzrayıldı, deyir ki, hə, bax, sənnən çörəh də yeyərəm, kürə də ollam. Onnan ötrü ki, sən ayrı-seçkilih qoymursan, hammının canını alırsan.

Kişiynən Əzrayıl kürə olullar, çörəh kəsillər. İllər keçir, gün olur ki, kişinin vaxdı tamam olur, Əzrayıl gəlir bının canın almağa. Kişi deyir ki, səni and verirəm yediyimiz duz-çörəyə, canımı alma. Əzrayıl çıxıp gedir. Bir müddətdən sonra gənə gəlir, deyir ki, kürə, yat yerə canın alım, kəlmeyi-şəhadətini de. Kişi kəlmeyi-şəhadətinin yarısını deyir, yarısın da saxlıyır ki, yüz ildən sonra deyəcəm.

Əzrayıl çıxıp gedir uşaq donuna düşür, durur kişinin yolu üstündə. Kişi gələndə başdıyır ağlamağa. Kişi gəlir, bınnan soruşur ki, a bala, niyə ağlayırsan?

Uşaq deyir ki, maa deyillər ki, kəlmeyi-şəhadətin de, mən də başarmıram. Kişi kəlmeyi-şəhadəti axıracan deyir, isdəyir ki, uşağa da öyrətsin. Uşaq tez çönüp olur Əzrayıl. Deyir ki, kürə, yat canını alım. Kişi görür ki, ta özgə əlacı yoxdu, yatır yerə, Əzrayıl da bının canın alır.