“İttifaq” məktəbinə bir nəzər

Vikimənbə saytından
Jump to navigation Jump to search
“İttifaq” məktəbinə bir nəzər (1914)
Müəllif: Hüseyn Cavid
“İqbal”, 31 avqust 1914
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh.


“İqbal”ın 696-cı nömrəsində “İttifaq” məktəbinin bugünkü halını həmiyyət sahiblərinin ixtiyarına ərz etmişdik. Əcəba, fəryadımızın nə kibi tə’siri oldu? Məktəb haqqında nə yapıldı? Maliyyə cihəti tə’min edildimi? İanələrin daima müntəzəm bir surətdə alınması təəhhüd olundumu?.. Bunları bilməyoruz. Bildiyimiz bir şey varsa o dəxi bu xüsusda kəndilərini əlaqədar bilən kimsələrin e’tinasızlığı və laqeydliyidir ki, ciddən şayani-təəssüfdür! Hələ “Simurğ” və “Kimya” tə’birinə şayəstə olan cəmiyyəti-xeyriyyə ə’zasının saiqeyi-nifaq və ədavətlə – hiç bir gunə təşəbbüsdə bulunmamaları hissiinsaniyyə ilə mütəhəssis olan bütün ərbabi-vicdanı dilxun etsə gərəkdir. Vaqtilə mədrəsə üzviyyətinin öz ailələri arasında kəndilərinə mədari-iftixar bilən möhtərəm kimsələr əcəba nədəndir ki, böylə mevqelərdə yaqalarını sıyırırlar. Mədrəsənin maddi və mə’nəvi ehtiyacına müavinət etmək öylə dursun, qapısından belə keçmək istəmiyorlar. Rəyasət həvəsilə uçan zəvat niçin öhdələrinə tərtib edən vəzifənin ifasında müsamihəkar davranırlar? Doquz illik bir maarif müəssisəsi qapanıb yüz nəfərə qərib, mə’sum çocuqlar pərişan, səfil olunca bu vicdani məs’uliyyətin qarşısında bulunanlar əcəba nə kibi bir mə’zirət bəyan edə bilərlər? Məcmui bin üç yüz rublədən ibarət olan sərmayeyi-təvəkkül (kapital)dən tə’til maaşlarını və bir taqım müsarifati-sairəyi tə’diyə etmək için iki təqsit etmək üzrə beşər yüz rublə, cəm’ən bin rublə mədrəsənin sandığından alınmışdır. Bu gün mədrəsənin sərmayəsi naminə ancaq üç yüz rublə sandıqda mevcudu vardır ki, o dəxi mədrəsənin altı aylıq bədəli-icarı deməkdir. Əmsalı arasında hissiyyati-maarifpərvəranəsilə mümtaz olan Tiflis konsulu general Saidülmülk cənablarının bu xüsusda lazım gələn iqdamati-məcdanədə bulunaraq evladivətənin ikinci tərbiyətgahı olan bu müqəddəs binanın əhyasına çalışmaları ümididir ki, şimdilik bizi mütəəsəlli edəyor. Şübhəsizdir ki, bu mühüm, əhəmiyyətli qadar da faydabəxş olan vəzifənin icrası xüsusunda bir məs’uliyyəti-vicdani qarşısında olduqlarını unutamayacaqlardır.

Növrəs

Qeydlər[redaktə]