Açılır

Vikimənbə saytından
Açılır
Müəllif: Dəvəçi Heydər
Mənbə: Qara Namazov (2013). Ozan-aşıq sənətinin tarixi (az). AMEA Folklor İnstitutu. Orijinal mənbədən 2016-04-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

İki sevgi bir araya gələndə,
Sanasan behiştdə güllər açılır.
Bir-birinə nazü qəmzə edəndə,
Utana-utana dillər açılır.

Atlas zər-zibadan geyib əyninə,
Qızıl həmayili salıb boynuna,
İstədim ki, əl uzadam qoynuna,
Öz-özünə düymələri açılır.

Mən Heydərəm, mənzil oldu iraxlar,
Yar evində yanar şamü çıraxlar,
İki həsrət bir-birini qucaxlar,
Axar gülab kimi sellər açılır.