Məzmuna keç

Ağ Aşıq Allahverdinin Keşişoğlu ilə deyişməsi

Vikimənbə saytından
Ağ Aşıq Allahverdinin Keşişoğlu ilə deyişməsi
Müəllif: Ağ Aşıq Allahverdi
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

AĞ AŞIQ ALLAHVERDİ:
Əlbət şəyird olan baxar fərmana,
İndi alımını al, Keşişoğlu.
Tutar qulağından qoşar xırmana,
Sənsən ağzıbağlı mal, Keşişoğlu.

KEŞİŞOĞLU:
Qulluq et ustaya, olmaynan naşı,
Tökərəm gözündən al-qanlı yaşı,
Hər uşaq bu sözdən çıxarmaz başı,
Kirimiş yerində qal, Allahverdi.

AĞ AŞIQ ALLAHVERDİ:
Bir qulaq as sən də bu tək səbirə,
Sən tək tülkü neylər mən tək bəbirə,
Tutar cənazəndən qoyaram qəbrə,
Döşərəm üstündən sal, Keşişoğlu.

KEŞİŞOĞLU:
Keşişoğlu içib kövsərdən bir cam,
Təcnisi, təxmisi söyləyir tamam.
Yetişsin dadıma Sahib-əz-zaman,
Ol mənim yanımda lal, Allahverdi.

AĞ AŞIQ ALLAHVERDİ:
Ağ Aşıq qorxmazdı pələngdən, şirdən,
Almışam dərsimi ustadı-pirdən.
Xaliq Allah salmaz məni nəzrdən,
Otur, sən yerində qal, Keşişoğlu.