Ağ Aşıq Allahverdinin bacısı Ümmülbanu ilə deyişməsi
Ağ Aşıq Allahverdinin bacısı Ümmülbanu ilə deyişməsi Müəllif: Ağ Aşıq Allahverdi |
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
ÜMMÜLBANU:
Can-ciyərim, getmə, aman günüdür,
Çalış düşmə güzarına sərdarın.
Baş götürək, gedək qürbət diyara,
Yox etibar, ilqarına sərdarın.
AĞ AŞIQ ALLAHVERDİ:
Gəl görüşçək, halallaşaq, ay bacım,
Gedər oldum güzaraına sərdarın.
Yazıq qardaşını qara qul kimi,
Aparırlar bazarına sərdarın.
ÜMMÜLBANU:
Sənsiz necə dözüm qəmə, möhnətə,
Özümü ölddürəm düşsən qürbətə.
Şeytan da əl vurmaz haram dövlətə.
Od ələnsin yollarına sərdarın.
AĞ AŞIQ ALLAHVERDİ:
Sultanların taxtı olaydı taraş,
Xan zülümkar, ağa cəllad, bəy fərraş.
Cumdum dərin ümmanlara, vurub baş,
Dolamışam sim toruna sərdarın.
ÜMMÜLBANU:
Yaralıyam tay-tuşumun içində,
Dərdim uçur durnaların köçündə.
Ümmilbanu el-obanın içində,
Lənət edər məzarına sərdarın.
AĞ AŞIQ ALLAHVERDİ:
Ağ Aşıq taleyi qara, bəxti kəm,
İqbalıma zalım fələk baxdı kəm.
Doğrananda qıyma-qıyma baxdı kəm,
Ollam məlhəm azarına sərdarın.