Məzmuna keç

Ağ quşun nağılı

Vikimənbə saytından
Ağ quşun nağılı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri vardı, biri yoxdu, bir padşah vardı. Bütün padşahlardan fərqli olaraq, bu padşah olduqca adil və ağıllı padşah idi. Hamı onu çox sevirdi, bircə vəzirdən başqa. Vəzir gecə-gündüz yatmayıb onu necə öldürmək, yerinə necə keçmək barədə düşünürdü. Günlərin bir günündə o əlaltıları ilə birlikdə padşaha qəsd elədi və onun yerinə keçdi. Vəzir padşahın nəslindən bir nəfəri də sağ buraxmayacağına söz vermişdi. Bu məqsədlə də öz adamlarına padşahın yeganə oğlunu da öldürməyi tapşırdı. Padşahın arvadı oğlunu da götürüb qulluqçularla yaylağa getmişdi, ərinin öldürüldüyündən bixəbər idi.

Vəzirin adamları onun alaçığına hücum edəndə işin nə yerdə olduğunu anladı, dedi:

-Binamuslar, yəni siz o qədər qudurmusunuz ki, öz padşahınızın arvadına hücum edirsiniz?

Vəzirin adamları qülüb dedilər:

-Nə padşah, nə zad? Sən artıq padşah arvadı deyilsən, ərin çoxdan o dünyadadır. Indi gəlmişik səni də, oğlunu da onun yanına göndərək. Padşahın arvadı məsələni başa düşdü, ancaq yenə də qaçıb canını qurtarmaq çalışdı. Uşağı da götürüb, alaçıqdan çıxıb qaçmağa üz qoydu. Gəlib bir sıldırım qayanın başına çatanda gördü ki, burdan o yana yol yoxdur, onsuz da vəzirin adamları onu öldürəcəklər. Ancaq körpə oğlunun düşmən əlinə keçməməsi üçün onu sıldırım qayadan atdı. Xainlər padşahın arvadını öldürdülər, uşağın ölmüş olduğunu zənn edib dalınca dərəyə düşmədilər.

Həmin padşahın bir qardaşı var idi. Vəzir neçə dəfə onun üstünə adamlarını göndərib öldürtmək istəmişdisə də , bir şey çıxmamışdı. Padşahın qardaşı başına bir dəstə adam yığıb dağlara çəkilmişdi. Bir dəfə onun adamlardan biri dərədəki aslan yuvasının qarşısında oynayan bir uşağa rast gəldi, uşağı götürüb padşahın qardaşının yanına apardı. Padşahın qardaşı baxdı ki, uşağın biləyində bir bazubənd var. Bazubəndi oxuyub onun öz qardaşı oğlu olduğunu bildi. Uşağı götürüb bağrına basdı, şir südü ilə bəsləndiyinə görə adını Şirzad qoydu. Vaxt keçdi, vədə dolandı, Şirzad gəldi on beş yaşına çatdı. Bu vaxta qədər onun əmisinin dəstəsi böyüyüb qüvvətlənmişdi. Bir gün əmisi Şirzadı, öz iki oğlunu yanına çağırıb dedi:

-Övladlarım, artıq vəzirdən qardaşımın və bütün nəslimizin qilasını almaq vaxtı yetişib.

Yaraqlanın, döyüşə gedirik. Oğlanlar ədəblə təzim edib, onun dediyi kimi döyüşə hazır vəziyyət aldılar. Vəzirin şəhərinə hücum edib, taxtı ələ keçirdilər, vəziri bütün şəhər əhli qarşısında edam etdilər. Şirzadın əmisi padşah oldu. Şirzadın əmisi oğlanları atalarının Şirzada olan məhəbbətinə həsəd aparırdılar. Bunu hiss edən padşah bir gün balalarının üçünü də yanına çağırıb dedi:

-Mən bilirəm ki, siz üçünüz də məni çox istəyirsiniz. Mən də sizin üçünüzü də eyni dərəcədə çox istəyirəm. amma içərinizdə ən igid olanı mənim sağ əlim olacaq, buna görə də siz gərək öz igidliyinizi sübut edəsiniz.

Oğlanlar hamısı bir ağızdan sual verdilər:

-Bunun üçün nə etmək lazımdır?

Padşah dedi:

-Mən bir şərt kəsirəm – kim mənim atımın ayağı dəymədiyi yerdən, mənim görmədiyim, bilmədiyim bir şeyi gətirib gəlsə, aranızda ən igidi odur.

Padşahın böyük oğlu baş əyib səfərə çıxmaq üçün icazə istədi. Padşah ona yol xərci verib, yola saldı. Oğlan iki ay gecə-gündüz yol getdi. Bir gün böyük oğlan baxdı ki, atının ayağın altında nə isə parıldayır. Götürüb gördü ki, bu böyük bir ləldir. Öz-özünə düşündü ki, əgər atam bu yerlərdən keçmiş olsaydı, yəqin ki, bu ləli götürərdi. Odür ki, daşı götürüb geri qayıtdı. Padşah dəbdəbə ilə oğlunun pişvazına çıxdı. Oğlan gətirdiyi ləli xonçaya qoyub atasına təqdim etdi. Atası lələ baxıb dedi:

-Şəhərin kənarında kahada mənim qırx otağım var. Apar bunu birinci otağa qoy.

Oğlan gedib kahadakı birinci otağı açanda gördü ki, bu otaq həmin ləllərlə doludur.

Əlqərəz, indi də növbə gəldi ortancıl oğula. O da atası ilə sağollaşıb səfərə çıxdı, düz üç ay yol gedəndən sonra bir meşəyə rast gəldi. Meşədəki ağacların üstü qızıl meyvələrlə dolu idi. Həmin meyvələrdən bir heybə doldurub atasına gətirdi. Atası onun gətirdiyi meyvələrə baxıb dedi: -Apar bu meyvələri kahadakı ikinci otağa qoy.

Ortacıl oğul ikinci otağı açanda gördü ki, bu otaq həmin meyvələrlə doludur.

Növbə çatdı Şirzada. Şirzad ədəb-ərkanla gəlib əmisinin əlini öpüb dedi:

-Əmi, icazə ver, mən səfərə sənin atınla çıxım.

Padşah razılıq verdi. Şirzad əmisinin atını minib yola düşdü. Altı ay yol getdi, yeddinci aya dönəndə birdən at dayandı, dönüb arxaya baxdı, kişnədi. Şirzad başa düşdü ki, at burdan o yana getməyib. Başladı yavaş-yavaş yolunu davam etməyə. Bir qədər getmişdi ki, gördü yerdə nəsə yanır. Götürüb baxdı ki, bu öz-özünə yanan bir çıraqdır. Çırağın üstünə bu sözlər yazılmışdı: “Ay bu çırağı tapan, yer üzündə bu çıraqdan iki dənədir”. Şirzad fikirləşdi ki, bunun o biri tayını da tapmamış dönən deyiləm. toqqasının altını bərkidib yola düşdü.

Az getdi, üz getdi, gəlib bir şəhərə çatdı. Karvansaraya gəlib özünə bir otaq kirələdi. Axşam bunun mənzilinə bir nəfər də gəldi. Xurcunundan bir çıraq çıxardıb yandırdı. Şirzad baxdı ki, elə bu onun tapdığı çırağın tayıdır. Şirzad qonaqla tanış oldu, öz əhvalatını ona danışıb dedi:

-Qardaş, gəl sən o çırağı ver mənə.

Qonaq dedi:

-Burdan bir az aralıda divlər yaşayırlar. Onların çox gözəl göyərçinləri var. Əgər həmin göyərçinlərdən bir cütünü mənə gətirsən, çırağı sənə verərəm.

Şirzad razı oldu. Yolu ondan öyrəndi, tezdən atına minib yola düzəldi. Gedib həmin yerə çathaçatda arxadan səs eşitdi. Dönüb baxdı ki, onu çağıran bir ağ quşdur. Ağ quş dedi:

-Şirzad, o adam səni ölümə göndərir. Divlər o göyərçinləri atalarından çox istəyirlər. Sən gərək divləri yuxuya verəndən sonra göyərçinləri götürəsən. Amma bax ha, tamah sənə güç eləməsin, bir cütdən artıq götürmə.

Şirzad qala divarını aşıb içəri, göyərçinlərin yanına çatdı. Gördü ki, bunlar elə gözəl göyərçinlərdir ki, iki göz istəyir tamaşasına dursun. Əlini atıb bir cütünü tutdu. Nə qədər elədi, ayaqları dönmədi, elə ikinci cütü tutmaq istəyirdi ki, quşlar buna bənd imiş kimi səs-səsə verib elə haray saldılar ki, gəl görəsən! Divlər oyanıb Şirzadı tutdular. Şirzad əhvalatı onlara danışdı. Onlar dedilər:

-Biz sənə quşlardan bir cütünü verərik, amma bu şərtlə ki, buradan bir az aralada yaşayan divlərin bağındakı üzümdən bir səbət bizə gətirəsən.

Şirzad atını minib yola düşdü. Bir az getmişdi ki, həmin divlərin qərsinə çatdı. Bu vaxt yenə arxadan quşun səsi eşitdi:

- Şirzad, mənim məsləhətimə qulaq asmadın, başını bəlaya saldın. Bu dəfə qulaqlarını aç, yaxşı-yaxşı eşit. Nəbadə ikinci səbəti götürəsən. Şirzad yenə divləri yuxuya verib onların qərsinə girdi. Sürünə-sürünə üzüm anbarına gəldi. Gördü ki, anbar üzüm səbətləri ilə doludur. Ağzı sulandı, səbətin birini qabağına çəkib yeməyə başladı. Səbət boşalan kimi yenə üzümlə doldu. Şirzad səbətin birini götürüb çıxmaq istəyəndə, yenə tamah ona güc gəldi. Dedi:”Ey dili-qafil, heç insafdırmı ki, bu üzümdən bircə salxım da əmimə aparmayım?” Bu fikirlə əlini ikinci səbətə uzadanda bütün səbətlər qışqırmağa başladılar: ”Ay aman, qoymayın, anbara oğru girib”. Səs-küyə divlər oyanıb gəldilər. Şirzad əhvalatı olduğu kimi onlara danıştı.

Divlərin böyüyü dedi:

-Buralarda bir ağ div yaşayır, onun gözəl bir qızı var. Mən o qızın dərdindən dəli-divanəyəm. Əgər gedib o qızı mənə gətirsən, sənə bir səbət üzüm verərəm.

Şirzad onlardan ayrılıb yenə yola düzəldi. Ağ divin qəsrinə çatanda yenə arxadan quşun səsini eşitdi:

-Ey tamahkar insan, sən bu dəfə ölümə gedirsən. mənim dediklərimə yaxşı-yaxşı qulaq as. Ağ divin qızı bu saat yeddi günlük yuxuya gedib. Yeddi günlük yuxuya gedəndə o saçlarından çarmıxa çəkilmiş olur. Sən gərək ağ divin tövləsindəki kəhər atı minəsən, sonra qızı yerindən qaldırasan. Əgər qaldıra bilməsən, daşa dönəcəksən. Şirzad hasarı aşıb tövləni tapdı. Tullanıb kəhər atın belinə mindi, birbaş ağ divin qızı yatdığı yerə sürdü. Gördü ki, bu elə gözəl qızdır ki, yemə, içmə, xətti-xalına, gülcamalına tamaşa elə. Əyildi, əlini saldı qızın belinə, nə qədər güc verdisə, qızı qaldıra bilmədi. Qurşağacan daş oldu. Yenə güc verdi, qızı qaldırdı. O saat daş əridi. Qızı aldı atın tərkinə, yoluna davam elədi. Arxadan cürbəcür əcaib səslər eşidilirdi, amma Şirzad çevrilib baxmadı. Bir azdan qız ayıldı, nə qədər elədisə Şirzad onu buraxmadı, qız sakitləşib dayandı.

Bir az beləcə getmişdilər ki, elə tufan qopdu ki, gəl görəsən. Şirzad istədi atdan düşüb daldalana. Amma bu vaxt ağ quş caynağında qılıncla peyda oldu. Şirzadı atdan düşməyə qoymadı. Şirzad düz iki saata yaxın qiyamətdə yol getdi. Sonra tufan yatdı. Bir az getmişdilər ki, Şirzad gördü çəmənlikdə belində qızıl yəhər olan bir at otlayır. Şirzad istədi yaxınlaşıb atı tuta, amma bu əsnada ağ quş yenə ildırım kimi sığıyıb atı qovdu. Şirzad ağ quşun bu hərəkətlərinə hirsləndisə də dinmədi. Əlqərəz, bu minvalla gəlib çatdılar üzümü olan divlərin qalaçasına. Ağ quş Şirzada dedi:

- Şirzad, mən görürəm sənin bu qızdan xoşun gəlir, onu divlərə vermək heç kişilikdən deyil.

Şirzad soruşdu:

-Bəs nə edim?

-Məni apar, bu qızın yerinə divlərə ver, üzümü götür, dalısı ilə işin yoxdur.

Ağ quş bunu deyib həmin qızın cildinə düşdü. Şirzad onu aparıb divlərə verdi. Qayıtdı, qızı da, üzüm səbətini də götürüb yola düşdü. Bir az getmişdi ki, gördü ağ quş qabağındadır. Bu dəfə də onu üzüm yerinə divlərə verdi. Göyərçinləri aldı, karvansaraya gəldi. Burada çırağı olan adama ağ quşu göyərçin əvəzinə verib, çırağı aldı, əmisinin vilayətinə tərəf getməyə başladı. Şəhərə çatanda bir kişi onu səsləyib dedi:

-Harda qalmısınız, gəlin çıxın da!

Baxdı ki, bu da ağ quşdur. Əmisi Şirzadın gəldiyini bildi, onu təntənə ilə pişvaz elədilər. Əmisi onun gətirdiklərinə baxıb alnından öpdü və dedi:

-Afərin oğlum, sən mən deyəni tapıb gətirdin.

Şirzadla qıza qırx gün, qırx gecə toy elədilər. Şirzad toy gərdəyinə girəndə ağ quş iki ayağını bir başmağa dirədiki, mən də səninlə gedirəm. Şirzad çox dedi, ağ quş az eşitdi, nəhayət, ağ quş dediyindən dönmədi. Səhər tezdən Şirzad əmisinin yanına gəldi, gecəki əhvalatı danışıb dedi:

-Əmi, mən istəyirəm ki, sən ağ quşu bu məmləkətdən qovasan.

Əmisi dedi:

-Niyə ki, ay bala? Axı o sənə çox yaxşılıqlar eləyib.

Bu söhbəti eşidən ağ quş dedi:

- Şirzad, de görüm mən sənə nə pislik eləmişəm?

Şirzad dedi:

-Məni tufanda, qiyamətdə atdan düşüb, daldalanmağa qoymadın, qızıl yəhərli atı tutmaq istəyirdim, qoymadın, bu gecə də ki, belə.

Ağ quş dərindən bir ah çəkib dedi:

-Tufanda səni ona görə yerə düşməyə qoymadım ki, o tufan qızın atası idi, atdan düşən kimi səni öldürəcəkdi. Nə qədər ki, sən atın üstündəydin, o sənə bata bilmirdi, - bunu deyib üzünü qıza çevirdi, - düzdür, ya yox?

Qız başı ilə “hə” cavabı verdi.

Ağ quş sözünə davam elədi:

-O qızı yəhərli at qızın əmisi idi, sən əlini ona vuran kimi yıxıb atdan yerə salacaqdı, düzdür?

Qız yenə onun dediyini təsdiqlədi.

-Bu gecə ona görə sənin otağında yatdım ki, qızın qardaşı ağ ilan olub, səni öldürməyə gəlmişdi. Gecə sən yuxuda olanda mən o ilanı öldürmüşəm, düzdür?

Qız yenə onun dediyini təsdiqlədi. Ağ quş iri bir ilan cəmdəyini atdı ortalığa. Sonra yenə dərindən bir ah çəkib dedi:

-Mənim alnıma yazılmışdı ki, mən gərək bir adama kömək edəm. Əgər o adam mərd çıxsa, ona gedəm, əgər namərd çıxsa öləm. İndi mənim vaxtım tamamdı.

Bunu deyib ağ quş dönüb daş oldu. Hamı peşman oldu, amma sonrakı peşmançılıq fayda verməz. Şirzadın namərdliyi onu daşa döndərdi!