Ağ ruhumu istər mələkəl-movt ala, kölgə

Vikimənbə saytından
Ağ ruhumu istər mələkəl-movt ala, kölgə
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 88

Ağ ruhumu istər mələkəl-movt ala, kölgə,
Sən ruhumu al məndən, özündən cala kölgə.

Birdən məni nagah itirərsən yarı yolda,
Bir vaxt elə boylanginən hərdən dala, kölgə.

Bəxtimlə çox oxşar yaranış tərzi və rəngi,
Ölsəm, demişəm irsimə varis qala kölgə.

Bir səssiz ölüm zülmətidir ki, ümidim var,
Bir gündə bizim kandara mismar çala kölgə.

Allaha dualar qılırıq canı-könüldən,
Ta üstümüzə mərhəmətindən sala kölgə.

Məsum günəşin nuruna xatir, nola, vurma,
İlham quşumun balu-pərin qandala kölgə.