Məzmuna keç

Ağa (Aşıq Ələsgər)

Vikimənbə saytından
Ağa (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Dar günümdə yetiş dada,
Ya Şahi-Mərdan ağa!
Nitq ver, meydan içində
Qoyma sərgərdan, ağa!
Həm Əlisən, həm Vəlisən,
Həm səxisən, həm səxa,
Həmi dildə zikrim sənsən,
Həmi əzbərdən, ağa!

Can fəda qıllam yolunda,
Ya Əmir əl-möminan!
Tutdun Rəsulun irahın,
Xatəmin aldın nişan.
Yunisə munis olub,
Nuha oldun kəştiban;
Xızırla irfana girdin,
Sirrini etdin nihan;
Nuri-pakın zülmatı
Göstərdi yerdən, ağa!

Günahkar, kəmtər qulunam,
Qəbul eylə duamı!
Zahir sənsən, batin sənsən,
Dü cahanın imamı.
Yet dada, Şahi-Qəşəmşəm,
Darda qoyma islamı!
Təbdil olub fani dünya,
Kəc dolanır nizamı;
Mərd iyidi xilas eylə
Böhtandan, şərdən, ağa!

Möminlərin pənahısan,
Aləmlərin sərvəri.
Fəth etdin Büllur-Əzəmi,
Neçə tilisimləri.
Əntərə zərbət vuranda
Lərzə saldın yerləri;
Ol xudadan əmr olundu,
Cəbrayıl tutdu pəri,
Şəninə "afərin", "əhsən!"
Gəldi göylərdən, ağa!

Səmimə bir səda yetdi,
Bu xəbərdən qorxuram;
Əndamıma lərzə düşüb,
Yerbəyerdən qorxuram;
Sağ dəstimdə xeyir əməlim,
Solda şərdən qorxuram;
Həmi sindən, həm Siratdan,
Həm məhşərdən qorxuram;
Kəsmə zərrə iltifatın
Qul Ələsgərdən, ağa!