Məzmuna keç

Ağbaba dağı

Vikimənbə saytından
Ağbaba dağı
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Bilinmir tarixi, bilinmir yaşı,
Ləlü cəvahirdi torpağı, daşı,
Duman - çiskin basıb, görünmür başı,
Burda mərəz tapmaz insanın sağı,
Dünyaya səs salıb Ağbaba dağı.

Yamac – yalı, gül - çiçəkdən seçilmir,
Qonaqları bulaqlardan çəkilmir,
Motalından, qaymağından keçilmir,
Ədalət meydanı, abdal ocağı,
Dünyaya səs salıb Ağbaba dağı.

Bu yan Taya Qaya, o yan Qaraxaç,
Gülə bələnibdi bütün yal - yamac.
Şən nəğmə oxuyur qırqovul, turac
Ceyranlar oylağı, maral yatağı,
Dünyaya səs salıb Ağbaba dağı.

Payiz vaxtı tökür qarı, boranı,
Bağlayır yolları, kəsir aranı.
Sindırır damlarda atma karanı,
İncidir tənbəli, sevmir qorxağı,
Dünyaya səs salıb Ağbaba dağı.

Tarixlərdən gəlir səsi - sorağı,
İgidlər məskəni, ərlər yaylağı,
Adı dil əzbəri, cənnət qırağı,
Heydər der: Var olsun, vətən torpağı,
Dünyaya səs salıb Ağbaba dağı.