Ağbabada

Vikimənbə saytından
Ağbabada
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Ağlayıram göz yaşıynan,
Sellər qalıb Ağbabada.
Dünya mənə xor görünür,
Güllər qalıb Ağbabada.
 
Sevgimə yetmək istərəm,
Baş alıb itmək istərəm,
Vətənə getmək istərəm,
Yollar qalıb Ağbabada.
 
Əsam dönüb ilan olub,
Adil divan yalan olub,
Aşıq Heydər talan olub,
Ellər qalıb Ağbabada.