Məzmuna keç

Ağlama (Şair Əbülfət)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağlama (Şair Əbülfət)
Müəllif: Şair Əbülfət
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Ay Əbülfət, bu nə gündü, çəkirsən,
Ağlamaqdan çıxdı canın, ağlama!
Dindirəndə, bulud kimi tökürsən,
Quruyubdu canda qanın, ağlama!

Bu dünyanın etibarın görmədin,
Bağ becərdin, meyvəsini dərmədin,
Cəfa çəkdin, səfasını sürmədin,
Bəsdir sənə bir ad-sanın, ağlama!

Qonaq idin, hazırlaşdın getməyə,
Peşman oldun yaranmağa, bitməyə.
Ay Əbülfət, əlin ələ yetməyə
Məhşərəcən var gümanın, ağlama!