Ağlar
Ağlar Müəllif: Hacı Əliş ağa |
Ayrı düşdüm vətənimdən, elimdən.
Düşən ağlar, vətən ağlar, el ağlar.
Əl çəkmərəm sünbülümdən, gülümdən,
Sünbül ağlar, bülbül ağlar, gül ağlar.
İstərdim ki, yazam bir şəmmə güldən,
Bir şəmmə də yazım zülfü sünbüldən,
Düşdü yerə nagah qələmim əldən,
Qələm ağlar, kağız ağlar, əl ağlar.
Xərabə yerlərdə bayqu olmasa,
Arif olan bu mətləbi bilməsə,
Çöllərdə gər ahu-ceyran olmasa,
Dağlar ağlar, çöllər ağlar, çöl ağlar.
Bu məclisə tari-mütrüb gəlməsə,
Oynayıb, çarx vurub, deyib-gülməsə,
Hənalı tellərə şanə vurmasa,
Şanə ağlar, zülflər ağlar, tel ağlar.
Gethaget əhvalım bədəhval oldu,
Büküldü qamətim, qəddim dal oldu.
Etdiyim xəyallar xamxəyal oldu.
Xəyal ağlar, əhval ağlar, hal ağlar.
Günbəgün, Hacıya, artar azarın,
Çıxar asimana həm ahü-zarın.
Qazanda ləhədin, qəbir qazanın,
Külüng ağlar, kürək ağlar, bel ağlar.[Mənbə göstərin]