Məzmuna keç

Ağlaram (Molla Vəli Vidadi)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağlaram
Müəllif: Molla Vəli Vidadi


Çərxi-fələk zülmü ziyad eyləmiş,
Hicran məni gündə döyər, ağlaram.
Ey yaranlar, sındırıbdır belimi,
Möhnət yükü qəddim əyər, ağlaram.

Məni belə hər kim görə, bir ağlar,
Dağ-daş yanar, ulus, oymaq, el ağlar.
Cismim sızlar, göz yaş tökər, dil ağlar,
Öz başıma yalqız məgər ağlaram?

Ey mənim tək göz yaşını saçanlar,
Qürbətlikdə cigər qanın içənlər,
Fikr etdikcə cümlə bir-bir keçənlər,
Yadə düşər, yanar cigər, ağlaram.

Hayıf oldu о dövranlar, о dəmlər,
Gəldi, keçdi yar, müsahib, həmdəmlər,
Bərhəm olur dərdlər, qəmlər ələmlər,
Bir-birinə gündə dəgər, ağlaram.

Çərxi-fələk, mən ha köçdüm yurdumdan,
Ayrı düşdüm qoşunumdan, ordumdan,
Vidadiyəm, aləm tanır dərdimdən,
Əgər ağlamanam, əgər ağlaram.